Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankı Azərbaycanda baytarlıq ixtisası sahəsində yenilikləri yüksək qiymətləndirib

Dünya Bankının rəsmi bloqunda “Azərbaycanda baytarlıq sahəsində inqilabi dəyişiklikləri eşitmisinizmi?” sərlövhəli məqalə yerləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Trend-ə bildirilib ki, məqalədə Azərbaycanda aqrar sahədə təhsil, xüsusilə baytar mütəxəssislərin hazırlanması prosesindən bəhs olunub, bu ixtisas üzrə təhsil alan yerli və xarici tələbələrin baytarlıq ixtisasını seçmə səbəbləri, bu ixtisasa yanaşmaları barədə maraqlı videoçarx da yerləşdirilib.

Müəllif qeyd edir ki, Azərbaycan dövləti təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə, xüsusilə aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Yazıda Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılan heyvandarlıq təsərrüfatında baytarlıq ixtisası üzrə tədris proqramı və burada aparılan təcrübələrə xüsusi toxunulub.
Bildirilib ki, baytarlıq peşəsinin potensialının və cəlbediciliyinin təbliği artıq Azərbaycanda öz bəhrəsini verməkdədir. Müəllif son illərdə baytarlıq ixtisası üzrə təhsil alanların sayının bir neçə dəfə artmasına diqqət yönəldərək vurğulayır ki, baytarlıq ixtisası üzrə təhsil alan tələbələr universitetin Tədris-Təcrübə Təsərrüfatında yerləşən fermada öz nəzəri biliklərini yeni metodologiya, texnologiya və ən yaxşı praktiki təcrübələrlə zənginləşdirirlər.

Məqalədə xəstəliklərin profilaktikası və müalicəsində yeni dərmanların və metodların tətbiqi sahəsində tələbələrin biliklərini artırmaq və təcrübi bacarıqlarını təkmilləşdirməsi üçün xüsusi proqramın tədrisi təqdirəlayiq hal kimi qiymətləndirilib.

Yazıda qeyd olunub ki, baytarlıq sahəsində keyfiyyətli təhsil Azərbaycanın heyvandarlıq sektorunda əsas xidmətlərin modernləşdirilməsində həlledici rola malikdir.

“İnsan kapitalına investisiya və heyvanlardarlığın inkişafına xüsusi diqqət yetirmək hər kəs üçün daha yaxşı bir dünyaya çatmağın ən yaxşı yoludur”, - deyə məqalədə vurğulanır.

Qeyd edək ki, ADAU-da Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində iki ferma inşa olunub, fermalar damazlıq heyvanlarla təchiz olunaraq tələbələrin istifadəsinə verilib.

Məqalənin mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://blogs.worldbank.org/europeandcentralasia/have-you-heard-about-azerbaijans-veterinary-revolution

3 Aprel 2020 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə