Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda bir gündə 50 ahıla sosial xidmət göstərilib

Abşeron rayonunda həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya uğurla davam etdirilir. Sözügedən aksiya ilə əlaqədar rayon icra hakimiyyətində yaradılan qərargaha ötən gün 50 çağırış edilib. Yaşı 65-dən yuxarı olan sakinlər gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş ediblər. Onların hər birinin yaşadığı ünvana gedilərək lazımi xidmətlərlə təmin olunub.

Bununla da aksiyanın başlandığı müddətdən bu günə qədər sosial xidmət göstərilən ahılların ümumi sayı 79-a çatıb.

Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “Könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazımi köməklik göstərilməsidir.

Sosial xidmətçi və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez getmək və işləri operativ icra etmək üçün ödənişsiz taksi xidməti ilə təmin olunur.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

3 2020 19:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə