Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxı: satıcılara və sakinlərə tibbi maska və əlcək paylanılır

Şamaxı rayonu ərazisində koronavirus (COVID-19) epidemiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Bu istiqamətdə rayon icra hakimiyyətinin, inzibati ərazi dairələrinin, bələdiyyələrin, digər qurumların nümayəndələrindən və polis əməkdaşlarından ibarət 84 mobil qrup fəaliyyət göstərir.

Mobil qruplar Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birlikdə xüsusi karantin rejimində işləmələrinə icazə verilmiş ərzaq, meyvə-tərəvəz və ət satışı mağazalarında satıcılar və sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirici söhbətlər aparıb, onlara tibbi spirt, əlcək və maskalar paylayıb, satış yerlərində və ərazidə sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi vəziyyətinə nəzarət ediblər.

Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid şəraitinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verir.

Şamaxı rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

3 2020 18:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə