Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərenerji” ölkənin ən böyük strateji əhəmiyyətli yarımstansiyasını yenidən qurur

“Azərenerji” ASC ölkənin ən böyük həyati əhəmiyyətli yarımstansiyası sayılan və 35 il əvvəl tikildiyindən istismar müddətini bitirən 500 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurur.

ASC-dən verilən məlumata görə, bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən 3 ədəd 220 kilovoltluq “Xırdalan”, “Müşfiq” və “Hövsan” yarımstansiyaları məhz “Abşeron” yarımstansiyasından qidalanır.

Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından strateji əhəmiyyətli “Abşeron” yarımstansiyasına birbaşa daxil olan 500 və 330 kV-luq hava xətləri “Sumqayıt” Elektrik Stansiyası, “Yaşma”, “Ağsu” və “Qəbələ” yarımstansiyalarını da əlaqələndirir.

Hazırda “Abşeron” yarımstansiyasında 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularda yenidənqurma işləri aparılır, avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilir. Müasir tipli rəqəmsal panellər, rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunmuş yeni idarəetmə binası tikilir. SCADA dispetçer sistemi, yeni layihə əsasında əks-qəza avtomatikası və yanğınsöndürmə sistemi yaradılır. Əraziyə yeni su xətti çəkilir.

Qəzaların qarşısının alınması, enerji yükünün ötürülmə keyfiyyətinin artırılması, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, “Abşeron” yarımstansiyasında yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

V.BAYRAMOV,

”Xalq qəzeti”

3 2020 12:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə