Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlamətlər qripə bənzəsə də, real təhlükə eyni deyildir

Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, insanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər. Çünki, xəstəlikdən qorunmaq üçün hələ ki, peyvənd hazırlanmayıb. Virusun müalicəsi olmadığından xəstəliyin yalnız simptomatik müalicəsi aparılır.

Dünyada koronavirusa yoluxanlarının sayının getdikcə artdığını deyən V.Əliyev qeyd edib ki, artıq martın 12-dən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyi pandemiya elan edib. ÜST xəstəliyə nəzarət üçün bütün ölkələrdə qeydə alınmış xəstələrin sayını hər gün yeniləyir.

Azərbaycanda da yoluxma hallarının getdikcə artdığını söyləyən V.Əliyev insanları karantin tədbirlərinə əməl etməyə çağırıb. Onun sözlərinə görə, xəstəliyə yoluxmuş yaşlı insanlarda ölüm riski daha yüksəkdir. Bədən müqaviməti zəif olan insanlarda isə bu xəstəlik daha ağır formada keçir: “Koronavirus ağır pnevmoniya yaratdığı üçün insanların ölümünə səbəb olur. Koronavirusun əlamətləri qripə bənzəsə də, real təhlükə eyni deyildir. Qripdə zamanı da insanda burun axıntısı, boğaz ağrısı, öskürək, halsızlıq, yüksək bədən temperaturu, əzələ ağrısı müşahidə edilir. Lakin sadalanan əlamətlərin olması koronavirusun olması anlamına gəlmir. Çünki yuxarı tənəffüs yollarına səbəb olan bir çox viruslar var ki, onlara yoluxma zamanı da belə hallar müşahidə edilə bilər.

Koronavirus xəstəliyinin inkubasiya dövrü 14 gündür. Şəxs xəstə insanla təmasda olubsa, mütləq 14 gün ərzində müşahidə altında olmalıdır. İnkubasiya dövrünün 14 gün olması nəzərə alınarsa, 1 gün ərzində bu əlamətlərin olmaması koronavirusun olmadığını inkar etmir. Buna görə də insanların gigiyenik tələblərə əməl etməsi vacibdir. Əllər mütləq şəkildə tez-tez yuyulmalıdır. Asqırma zamanı insanlar dəsmala, dəsmal olmadıqda isə qolu ilə ağzını tutmalıdır.”

 

Hazırladı:

 Z.BƏŞİRQIZI, ”Xalq qəzeti”

3 2020 11:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə