Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxananın 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Milli Kitabxananın 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş “Milli Kitabxanalarda innovasiyalar- dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Kitabxanada reallaşan konfransa bir sıra ölkələrin milli kitabxanalarının təmsilçiləri də qatılıblar.

Konfransı giriş nitqi ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi qurumun keçdiyi inkişaf yolundan söz açıb. Prezident İlham Əliyevin Milli Kitabxananın inkişafına göstərdiyi diqqət və qayğıdan danışan natiq rəhbəri olduğu qurumun kollektivi adından ölkə başçısına təşəkkür edib.

Konfrans iştirakçılarını salamlayan mədəniyyət naziri Əbülfəs Qarayev Milli Kitabxanada təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Milli Kitabxanada reallaşan tədbirlər hər zaman ictimaiyyətdə müsbət əks-səda doğurur.

Konfransın mövzusuna diqqət çəkən Ə.Qarayev deyib ki, bu gün kitab dünyası böyük sınaq dövrünü yaşayır. Müasir dövrdə kitab və kitabxana sisteminin inkişafında innovativ tətbiqin vacibliyini qeyd edən nazir, bu yöndə dünyanın aparıcı kitabxanalarının qarışlıqlı əməkdaşlıq və təcrübə mübadilələrinin önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, Milli Kitabxana - kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən dövlət kitabsaxlayıcısıdır.

“Bu gün ölkəmizdə fəaliyyət göstərən kitabxanalardakı kitabların sayı milyonlarladır. Milli Kitabxanada beş milyondan artıq kitab saxlanılır. Bir il ərzində 3 milyonadək insan kitabxananın saytına baxıb. Milli Kitabxananın funksiyası fərqlidir. Bu gün kitabxananın inkişafı üçün hər şeydən öncə müasir standartlara cavab verən mübadilə proqramı olmalıdır. Milli Kitabxana bu baxımından özünün inkişaf dövrünü yaşayır. Bu kitabxanada ALISA proqramı tətbiq olunur. Kitabxana işində ən başlıca meyarlardan biri də biblioqrafik fəaliyyətdir. Milli Kitabxana bu istiqamətdə işini olduqca yaxşı qurub. Milli Kitabxana ölkəmizin bilik xəzinəsidir. Kitabxananın əməkdaşları da bu illər ərzində böyük işlər görüblər. Mədəniyyətimizin dünyadakı təbliğində onların da xidmətlərini qeyd etməliyik. Mən 95 illik münasibətilə bütün kitabsevərləri və Milli Kitabxananın bütün əməkdaşlarını təbrik edirəm”, - deyə Ə.Qarayev vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə möhtəşəm konfransın Milli Kitabxananın 95 illiyinə həsr edilməsi olduqca əlamətdardır. Kitab və kitabxananın insanın bilik və mənəviyyatının zənginləşməsindəki rolundan bəhs edən G.Əfəndiyeva Milli Kitabxananın fəaliyyətini yüksək dəyərləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Milli Kitabxananın fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib, problemlər və qazanılan uğurlardan danışıb. Milli Kitabxananın Mədəniyyət Nazirliyinin ən mühüm elmi-ideoloji, mədəni mərkəzlərdən biri olduğunu deyən İsa Həbibbəyli bildirib ki, kitabxana ölkəmizdə və xaricdə özünün aydın strateji xətti ilə, kitab işinin təşkili baxımdan ölkəmizə yalnız başucalığı gətirib. Milli Kitabxana Azərbaycan dövlətçiliyi, müasir siyasəti, elmi və mədəni həyatı ilə bağlı ən mötəbər tədbirlərin keçirildiyi mərkəzlərdən biridir.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və digər natiqlər çıxış edərək konfransın əhəmiyyətindən, Milli Kitabxanada görülən işlərdən, kitabın cəmiyyətə faydasından bəhs ediblər.

Konfrans qarışlıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2018 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə