Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Britaniyada azərbaycanlı rəssamların əsərləri nümayiş olunub

Böyük Britaniyada azərbaycanlı rəssamların əsərlərindən ibarət “Xəzər xəzinələri simfoniyası” adlı incəsənət sərgisi keçirilib.

“Report” xəbər verir ki, sərgi "Kaspia" Müasir İncəsənət Qalereyası və Azərbaycan Qadınlar Assosiasiyasının əməkdaşlığı çərçivəsində baş tutub.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində təşkil edilən sərgi çərçivəsində azərbaycanlı rəssam Vüqar Muradov, Cəlal Ağayev, Emin Qəhrəmanov, Hacımirzə Fərzəliyevin əsərləri nümayiş olunub.

“Kaspia" İncəsənət Qalereyasının həmtəsisçisi Elnarə Şıxlinskaya “Report”a açıqlamasında bildirib ki, sərgi Azərbaycan rəssamlarının dünyada tanıdılması üçün böyük əhəmiyyət daşıyır: “Sərgini keçirərkən bizim bir neçə məqsədimiz var idi. Biz, ilk növbədə, bu sərgi ilə Azərbaycanın incəsənət bazarında təkamül yaratmaq, incəsənətimizi Britaniyada və bütün dünyada tanıtmaq istəyirik. Digər məqsədimiz isə odur ki, xarici ölkələrdə incəsənətimiz haqqında araşdırmalar aparılsın, kitablar yazılsın. Britaniyada hər bir xalqın incəsənəti ilə bağlı kitab tapmaq mümkündür, ancaq Azərbaycan incəsənəti barəsində kitap tapmaq çox çətindir. Bu istiqamətdə Britaniyanın bir neçə universitetinin professorları ilə görüşlər keçirmişik və danışıqlar aparırıq".

"London dünya incəsənət bazarının mərkəzidir. Ona görə də istedadlı və unikal texnikaya malik olan rəssamları Britaniyada tanıtmaq, onların keçdiyi yolu, vermək istədikləri hissləri buradakı insanlara çatdırmaq vacibdir. Bu gün ilk dəfə Azərbaycan rəssamlarının əsərləri Krallıqda təqdim edilib. Bu da rəssamlarımızın tanınması üçün ilk addım idi və bizim bundan sonra da layihələrimiz olacaq”, - o deyib.

Birləşmiş Krallıqda Azərbaycan Qadınları Assosiasiyası 2017-ci ilin oktyabrında burada yaşayan azərbaycanlı qadınların şəbəkəsini yaratmaq və onlar arasında əlaqələri genişləndirmək məqsədilə yaradılıb. Assosiasiyanın yaradıcısı və cari fəxri prezidenti, Azərbaycanın Birləşmiş Krallıqdakı səfirinin həyat yoldaşı Ülviyyə Tağızadədir. Assosiasiyanın fəaliyyəti sırasına şəbəkələşmə, mədəniyyət və xeyriyyə tədbirləri daxildir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 2018 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə