Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılsın.

2. Müəyyən edilsin ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

3. İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə qadağan edilir: 

3.1. bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

3.2. istirahət və əyləncə məkanları üzrə xidmətlər;

3.3. mədəniyyət obyektlərinin, eləcə də muzey və sərgi zallarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

3.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

3.5. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

3.6. dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

3.7. fotoatelye/fotostudiyalar (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

3.8. tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

3.9. idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

3.10. fərdi mənzillərdə təmizlik xidmətləri;

3.11. fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən dövlət orqanları və təşkilatları;

4.2. səhiyyə və sosial sahə üzrə:

4.2.1. elmi-tədqiqat və laborator xidmətləri;

4.2.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

4.2.3. baytarlıq xidmətləri;

4.2.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

4.2.5. sosial xidmətlər;

4.2.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

4.3. infrastruktur sahəsi üzrə:

4.3.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

4.3.2. elektrik enerjisinin istehsalı və təchizatı;

4.3.3. su təchizatı və meliorasiya;

4.3.4. telekommunikasiya və rabitə xidmətləri.

4.4. nəqliyyat və logistika sahəsi üzrə:

4.4.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

4.4.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

4.4.3. logistika xidmətləri;

4.4.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4.5. əsas istehsalat növləri:

4.5.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.5.2. neft avadanlıqlarının və qurğularının istehsalı;

4.5.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.5.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5.5. kimyəvi məhsulların istehsalı;

4.5.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.5.7. əkinçilik və məhsul yığımı;

4.5.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.5.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.5.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.5.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.5.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.5.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;

4.5.14. qablaşdırma məhsullarının istehsalı;

4.5.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.5.16. mebel istehsalı və təmiri;

4.5.17. diri heyvanların kəsimi.

4.6. pərakəndə və topdan satış üzrə:

4.6.1. ərzaq məhsullarının satış məntəqələri;

4.6.2. apteklər;

4.6.3. yanacaqdoldurma məntəqələri;

4.6.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

4.6.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

4.7. məişət xidmətləri üzrə:

4.7.1. məişət tullantılarının yığılması və utilizasiyası;

4.7.2. poçt xidmətləri;

4.7.3. kimyəvi təmizləmə;

4.7.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

4.7.5. avtomobillərin təmiri;

4.7.6. avtomobillərin yuyulması məntəqələri;

4.7.7. tərcümə xidmətləri;

4.7.8. heyvan sığınacaqları;

4.7.9. dizayn xidmətləri.

4.8. kütləvi informasiya vasitələri.

4.9. maliyyə təşkilatları üzrə:

4.9.1. banklar, bank olmayan kredit təşkilatları;

4.9.2. investisiya şirkətləri, fond birjaları;

4.9.3. sığorta təşkilatları;

4.9.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

4.10. xüsusi xidmət növləri üzrə:

4.10.1. çatdırılma xidmətləri;

4.10.2. məişət avadanlıqlarının təmiri;

4.10.3. dezinfeksiya xidmətləri.

4.11. vəkillik fəaliyyəti.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 30 mart  2020-ci il

№  120

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə