Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aprel əfsanəsi

Qəhrəmanlıq nədir? Bu suala cavab vermək asan olduğu qədər də düşündürücüdür. Həm sevinc, həm də kədər hissləri yaradan və yaşadan bu sözün ünvanı olan insanlar qəlbimizdə əbədi məskən salıb. Böyük kədərin yaratdığı sevinc bizi qürurlu edir, başımızı dik tutmağa, əfsanələşmiş övladlarımızla öyünməyə sövq edir. Ölümləri ilə, Vətən naminə həyata vida deyən qəhrəmanlarımız...

Yurdumuzun başı üstünü qara buludlar alanda, sərhədlərimizi qorumaq üçün yağı düşmənlə üz-üzbəüz  döyüşlərdə nə qədər igidlərimiz şəhid oldu. Nişan üzüyü barmaqda, övladı qundaqda, ürəyi sevdiyi qızda qalan oğullarımız şəhidlik şərbətini içdilər. Toyunun sədaları qulaqlardan getməmiş Azərbaycan bayrağına bükülüb valideynlərə “hədiyyə” gələn ciyərparələrimiz oldu. Onların sayı  çoxdur. Bu gün ölümündən dörd il keçən Pəncəli Teymurov da belə qəhrəman oğullarımızdandır. Onun haqqında yazılanlara, həyatına, döyüş yoluna həsr edilən xatirələrə baxdıqda, oxuduqda, insanın ürəyi fəxrlə döyünür. İnsan qürurlanır ki, onun belə qəhrəman, ölümündən qorxmayan igidi olub.
Pəncəli Teymurov haqqında yazılanlardan öyrənirik ki, o,1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə rayonun, B.Rüstəmov adına Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. 
Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Hər gənc ən xoş günündə özünə  xoşbəxt yaşamaq, oğul-uşaq sahibi olmaq arzu edər.  Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".
Hamı bir anlıq donub qalmışdı. Onun ürəyindən çıxan bu sözlər heç də elə indi, toy günü düşünülməmişdi. Hələ uşaq yaşlarından müəllim olmaq istəyən 9 yaşlı Pəncəli Xocalı soyqırımı ilə bağlı kadrlara baxanda fikrini dəyişmiş, qətiyyətlə demişdi: “Mən müəllim yox, hərbçi olacağam. Vətənimi düşməndən təmizləyəcəyəm!” Pəncəli Teymurovun öz toyunda bu cür ürəkdən çıxış etməyi hər kəsi qürurlandırmış, onların ürəyini dağa döndərmişdi. O, 1999-cu ildə hərbi xidmətə yola düşdü. Elə ilk gündən kəşfiyyatçı kimi özünü göstərə bilmiş, bir sıra əməliyyatları uğurla həyata keçirmişdi. Əsgərlikdən sonra könüllü olaraq həyatını hərbiyə bağlayan Pəncəli yenidən ordu sıralarına yazılmış, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin taborlarından birində xidmətə başlamışdı. Kəşfiyyatçı kimi daim düşmən cəbhəsinin arxasında xidmət göstərmişdi. Bu xidmətlərdən biri də 2015-ci ildə olmuşdu... 
    Həmin il Kəlbəcərə, düşmən tapdağı altında olan torpaqlara ayaq basmışdı. Bu dəfə gizli yollarla keçsə də, bilirdi, daha doğrusu buna bütün qəlbi ilə inanırdı ki, bu torpaqlara bir də qayıdacaq. Pəncəli Teymurov kəşfiyyat dəstəsi ilə birlikdə verilmiş gizli tapşırığı həyata keçirməli, düşmənin hərbi texnikasını məhv etməli idi. Bu məqsədlə meşənin içərisində gizlənərək, gecənin düşməyini gözləmişdilər. O qədər ehtiyatla hərəkət edirdilər ki, hətta gecənin səssizliyində belə, onların hənirtiləri diqqət çəkmirdi. Tapşırıq üzrə düşmənin hərbi texnikasına əvvəlcədən hazırladıqları patlayıcı maddələri yerləşdirdilər. Bu tapşırığın ən çətin tərəfi o idi ki, kəşfiyyatçılar güllə atmadan, heç kimə görünmədən bu işi həyata keçirməli idilər. Məhz bu çətinliyi nəzərə alan komandan heyəti bu işi bacarığına inandıqları Pəncəli Teymurova tapşırmışdı. Pəncəli Teymurov tapşırığın birinci mərhələsini həyata keçirib, arxaya meşəyə çəkildi. Artıq səhərə qədər gözləmək qalırdı. Səhərin ilk şəfəqləri açılır, dan yeri təzəcə sökülürdü ki, səhərin sükutunu böyük gurultu pozdu. Qığılcımlar ətrafa yayıldı...
Pəncəli isə bu zaman baş verənləri uzaqdan müşahidə edirdi. Üzündə acı bir təbəssüm var idi. Vaxt itirmədən geriyə, hərbi hissəyə qayıtdı. Bu partlayışın səsi-sorağı uzun müddət davam etdi. Təhlükəsizliyin dəqiq qurulmaması, xidmətin düzgün təşkil edilməməsindən dolayı Ermənistan ordusunun bir neçə yüksək rütbəli hərbçisi vəzifəsindən uzaqlaşdırıldı, bəzilərinin rütbələri aşağı salındı. Hadisə ilə bağlı Ermənistanda hətta cinayət işi də açıldı. Məlumatlara görə, Pəncəli Teymurovun bu ustalığı nəticəsində düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artileriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Pəncəli Teymurovun bu uğuru qarşı tərəfin böyük qəzəbinə səbəb oldu.
Bir səhər bütün cəbhəyanı bölgələrə əmr göndərildi: “Pəncəli Teymurovun başına 1 milyard dram qoyulsun. Onun ölüsünü, ya da dirisini gətirən mükafatlandırılsın”. Əmr birbaşa Ermənistan ordusunun ən yüksək postunun rəhbəri tərəfindən imzalanmışdı. Bu xəbəri eşidən Pəncəli Teymurov dərindən nəfəs aldı. Artıq istəyinə çatmaq üçün bir addım atmışdı. O, düşmənin qorxulu röyasına çevrilə bilmişdi. Komandirləri onunla təkbətək görüş keçirir, bundan sonra daha çox ehtiyatlı olmağı ona bərk-bərk tapşırırdılar. Pəncəli Teymurovun ürəyində isə özü də bilmədiyi bir arxayınlıq var idi, bəlkə də əməliyyatın verdiyi rahatlıq onu buna sövq edirdi. Heç təsadüfi deyil ki, Pəncəli Teymurovun bu xidməti uğuru Ali Baş Komandan cənab İlham Əliyevin də diqqətini çəkdi və onu “İgidliyə görə” medalı ilə təltif etdi. Cənab Prezidentin bu mükafatı Pəncəli Teymurovun ürəyindəki rahatlığı daha da artırdı. O, artıq doğru yolda olduğuna bir daha əmin olmuşdu. 
…2016-cıil  aprelin 3-də, Talış yüksəkliyi uğrunda döyüşlər gedirdi. Pəncəli Teymurov yüksəkliyin alınması üçün yoldaşları ilə birlikdə döyüşə girmiş, saatlarla davam edən döyüşdə onlarla erməni hərbçisini məhv etmişdilər. Nəhayət onun olduğu komandanı dağıtmaq haqqında Ermənistan baş qərargahından xüsusi əmr gəlmişdi. Bundan sonra Pəncəli Teymurovun komandası mühasirəyə alındı və son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid oldu. Aprelin 11-də Pəncəli Teymurov doğulduğu Əzərüd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Mərasimin sonunda yaylım atəşi açıldı və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırıldı. 
Pəncəli Teymurovun özündən sonra xatırlanacaq  çox xatirəsi qaldı. Bütün göstərdiyi igidliklər və bu sözlər isə şanlı mübarizə tarixinə qızılı hərflərlə yazılıb: “Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”. 
Son arzusuna çatan Pəncəli Teymurov göstərdiyi müstəsna xidmətlərə görə xalqımızın qəlbində özünə əbədi taxt qurdu. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olundu.
Ruhu şad olsun!

 

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

2 2020 20:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə