Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının təklifləri diqqət mərkəzində saxlanılır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Prezident İlham Əliyevə və digər ölkələrin liderlərinə ünvanladığı məktubunda dövlətimizin başçısının  COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində siyasətini təqdir edib.

Xatırladaq ki, ÜST-ün Baş direktorunun beynəlxalq ictimaiyyətə müraciətində diqqətə yönəltdiyi bir sıra fundamental addımlar ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin tərkib hissəsi olub. Belə ki, Azərbaycanda ötən müddətdə dövlət qurumları arasında koordinasiya gücləndirilib, ictimai toplantılar dayandırılıb, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün müvafiq strukturlar yeni şəraitə uyğunlaşdırılıb, səhiyyə təşkilatları müvafiq resurslarla təmin edilib, əhaliyə xəstəliyin ciddiliyi izah olunaraq, qorunma prinsipləri haqqında vaxtaşırı məlumatlar verilib. Bütün bunlarla bərabər xəstəliyə yoluxması şübhə doğuran şəxslərin təcrid olunmasına xüsusi önəm verilib. Ən başlıcası isə pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi istiqamətində mühüm tədbirlərin gerçəkləşdirilməsinə başlanılıb.

Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən, həmin məsələlərdən geniş söhbət açıb. Dövlətimizin başçısı deyib: “Azərbaycan dövləti bütün lazımi tədbirləri görübdür. Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejimini tətbiq etdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərimizin sayı kəskin azaldı və hazırda cəmi iki beynəlxalq aviareys təşkil edilir, özü də həftədə bir dəfə. Beləliklə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü və xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldı. Onu da bildirməliyəm ki, xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir və hazırda 4500-ə qədər insan karantindədir. Karantin üçün də ən əlverişli şərtlər təqdim olundu, vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər kəndində, Lənkəran, Lerik, Nabran, Bakı şəhərinin otellərində, istirahət zonalarında yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır və bu günlərdə ölkəmizin ən müasir xəstəxanası - “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni, bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”.

Qeyd edək ki, pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, bununla bağlı yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır.

Dövlətimizin başçısı sözügedən nitqində bu barədə ətraflı bəhs edib,  COVID-19-un mənfi təsirlərindən qorunmaq, iqtisadiyyatımıza yarana biləcək problemləri  aradan qaldırmaq üçün görüləcək tədbirlərdən də danışıb. Bildirib ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, cari ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər: “Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır”.

Yeri gəlmişkən, burada bir məqamı da xüsusi vurğulamaq istərdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə COVID-19-la bağlı reallaşdırılan tədbirlərdə indiyədək ÜST-ün təkliflərinə mühüm diqqət yetirilib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi geniş izah olunub, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib.

COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə dövlətimizin başçısının sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bununla da, dövlət onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha isbat edib. Yaxın zamanda pandemiyadan ən çox əziyyət çəkən sahibkarlıq subyektlərində işləyən insanlara yardımlar göstəriləcək. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Burada bir məqam da vurğulanmalıdır ki, dövlət üçün bu Fondu tamamilə maliyyələşdirmək heç bir problem deyildi. Fonda yardım vasitəsilə Azərbaycan insanının bu çətin vaxtlarda bir-biri və öz ölkəsi ilə həmrəylik nümayiş etdirməsinə imkan yaradılıb və bunun özü də müsbət bir nümunədir.

Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq edib və onun ekspertlərini səfərə dəvət edib.

Missiyanın hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır.

Xatırladaq ki, Azərbaycan, eyni zamanda, qlobal həmrəylik nümayiş etdirərək, koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

2 2020 10:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə