Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli alim Türkiyədən çağırış etdi: dövlətin tələblərinə əməl etmək hər kəsin borcudur, həm də həmrəylik nümunəsidir

 “Əgər pandemiya Azərbaycanda da geniş vüsət alarsa, bizdə də faciəvi inkişaf dinamikası qaçılmaz olacaq”. Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib. Prezident deyib ki, hazırda bütün dünya səhiyyəsi lazımi xidmətləri göstərməkdən çətinlik çəkir.

Məsələ ilə əlaqədar müxbirimizə müsahibə verən Türkiyənin Egey Universitetinin  professoru Aydın İbrahimov bildirmişdir ki, yoluxucu infeksiyanın sürətlə yayılması hər gün vəziyyətdən cıxmaq yolları haqqında düşünməyi vacib edir. İllərdir yaşadığım qardaş Türkiyədə bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə  "Biz bizə yetərik Türkiyəm" şüarıyla milli həmrəylik kampaniyası başladılması da hadisələrin nə qədər ciddi məcrada olduğunu açıqlayır. Yeri gəlmişkən qeyd edim ki,  dünyada bir ilk olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olan fonda ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat ayrılmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, daha sonrasa  Birinci vitse-prezidenti Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

  Əhalinin çox hissəsinin evlərdə qalması, dövlət tərəfindən xüsusi fondun yaradılması və öndə ölkə rəhbərliyi olmaqla ayrı-ayri insanlar və təşkilatlar tərəfindən ayrılan maddi ianələr, əlbəttə ki, ölkənin sosial-iqtisadi durumuna da öz təsirini göstərir. Amma uzaqda yaşasam da ölkəmizdə yaşanan və narahatlıq doğuran faktlar da diqqəti cəlb edir: ərzaq mağazaları, super və hipermarketlər sanki qapadılmış  meydan və parkları əvəz etməkdədir. Maskasız, əlcəksiz, məsafə saxlamayan  adamların davranışı hec də ürəkaçan deyil.

Əziz həmvətənlilərimə müraciət edərək cənab Prezidentin İqtisadiyyat nazirini qəbul edərkən  dediklərini bir daha yada salmaq istəyirəm: “Vətəndaşları bir daha məsuliyətli olmağa, bütün qaydalara əməl etməyə çağırıram”. Göründüyü kimi milli mənsubiyyətindən, dinindən, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, virus insanlara fərq qoymur, öldürücü təsir göstərir.

Deyilənlər qorxu yaratmaq yox, əksinə tələblərə əməl etməyin vacibliyi üçündür. Məşhur həkim Nikolay Semaşko deyirdi: gigiyenasız mədəniyyət yoxdur. Millətimizin mədəniyyətində gigiyena, təmizlik xüsusi onəm daşıyır. Bu gün də bu tarixi dəyəri unutmamalıyiq, gigienik qaydalara, təmizliyə əməl etmək vacibdir.

Daha bir ciddi təklif: bizim təhlükəsizliyimiz üçün həyatlarını riskə atan, gecə-gündüz bilmədən çalışan həkimlərin əməyini heçə endirməməliyik. Dövlətin tələblərinə əməl etmək, həm də həmrəyliyin nümunəsidir. Həmvətənlilərimə bir daha həyacanla xatırlatmaq istəyirəm: əgər  qadağalar yerinə yetirilməsə,  İtaliya, İspaniya kimi ölkələrin taleyini yaşamaq nəsibimiz ola bilər. Ən nəhayət  özümüzu, övladlarımızı,  ruhu gələcəyə ümidlə köklənən  günahsız insanları düşünməyin zamanıdır: evdə qalın!

 

Namiq Qədimoğlu,

 “Xalq qəzeti”

 

 

1 2020 13:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə