Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub

Azərbaycanlıların soyqırımının 102-ci ildönümü ilə bağlı martın 31-də Quba Rayon İcra Hakimiyyətinin kollektivi Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib.

Xüsusi karantin rejiminin tələblərinə əməl edən ziyarətçilər abidə önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıb, ruhlarına dualar oxuyublar.

Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin mart-aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi ziyarətçi qəbul etmir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə onlayn ziyarət təşkil edilir. Kompleksə feysbuk səhifəsi üzərindən səyahət etmək mümkündür.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

M.HACIXANLI,

“Xalq qəzeti” 

31 2020 19:14 -

Köhnə versiyamızdan xəbərləri izlə