Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu bəlanın keçməsində hamımızın əməyi olmalıdır

“...İlk növbədə Operativ Qərargahın tövsiyələrinə, qoyulan qadağalara əməl olunmalıdır. Əgər bu qadağalara riayət etməsək, sosial izolyasiya qaydalarına əməl olunmasa, o halda sabah yoluxanların sayı daha çox artacaq. İndi Azərbaycanda 200-dən çox adamda aşkarlanıbsa, bu rəqəm 500 də ola bilər.
    Yoluxma sayı niyə artmalıdır? İnsanlar qoyulan qadağalara əməl eləsinlər ki, artmasın.
     Əgər qoyulan qadağalar yerinə yetirilməsə, sabah İtaliya, İspaniya kimi ölkələrin taleyini yaşaya bilərik.
     Bilirsiniz ki, indi bu ölkələrdə ağır xəstələrə süni nəfəs aparatları tapılmır. Ona görə qocalardan süni nəfəs aparatını götürüb cavanlara qoşurlar ki, heç olmasa gənclər yaşasın.
    Odur ki, özümüzü qorumaq üçün maska taxmaq, dezinfeksiya etmək -- bütün bunlar yaxşıdır, lakin yoluxmadan uzaq olmağın əsas yolu təcriddir.” -- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev belə deyib.

    Deməli, yoluxmaların, ölümlərin sayının bundan sonra da çoxalacağı ehtimal olunur. Dünyada, bizim aid olduğumuz regionda koronavirusla bağlı durum ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə bizdə də daha ağır durum yarana bilər. Vətəndaşımız, necə deyərlər, şüurlu və peşəkarcasına – vətənpərvərcəsinə davranmalı, gerçək təhlükənin bir addımlığında olduğumuzu dərk etməli, qorunmalı və qorumalıdır. Hər evdən çıxma, hər bir kənar təmas infeksiyaya yoluxma və ölüm yoluna çıxmaq kimi qəbul edilməlidir. Hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu, laqeydlik, biganəlik, qeyri-ciddilik xəstələnmək və öz həyatını, ətrafını daha böyük risk altına atmaqdır!

    Bu həssas günlərdə hər kəs doğruları paylaşmalı, hər kəs həkimlərin, ümumən əhalinin sağlamlığı, asayişin təmini ilə məşğul olan məsul şəxslərin əməyini düzgün qiymətləndirməli, yetkili orqanların təxisərsalınmaz tədbirlərinin ümumxalq maraqlarına xidmət etdiyini anlamalı və anlatmalıdır! 
    Bu sıxıntılı günlər, əlbəttə, keçəcək. Qoy, sıxıntıların daha tez, daha ağrısız keçməsində hamımızın payı olsun!
   Biz birlikdə güclüyük!
   Dövlətimiz, xalqımız zaval görməsin!
 

Əkbər Qoşalı,

 Milli QHT Forumu İdarə Heyətinin üzvü

31 2020 16:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə