Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazda mobil qruplar əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparırlar

Xaçmaz rayonu ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.

Xaçmaz və Xudat şəhərlərindəki çoxmənzilli yaşayış binaları, kəndlərdə əhalinin toplaşdığı ərazilər və mütəmadi istifadə edilən obyektlər növbəti dəfə dezinfeksiya edilir. Bundan əlavə, binaların ümumi istifadə yerlərində, girişlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri həyata keçirilir.

Müəyyən edildiyi kimi, bu xəstəlikdən daha az zərərlə xilas olmaq üçün vətəndaşlarımız mümkün qədər evdən çıxmamalı, gigiyena və təmizlik qaydalarına riayət etməlidirlər. Bununla əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyəti aparatının, İnzibati Ərazi Dairələri nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət qruplar vasitəsilə əhali arasında maarifləndirmə işləri aparılır. Yaradılmış qruplar şəhər ərazisində və kəndlərdə əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirir. Maarifləndirmə məqsədilə yaradılmış mobil qruplar mərkəzi park və xiyabanlarda əhalini karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər. Sakinlərin diqqətinə çatdırılıb ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsi işi rayonda yaradılmış qərargah tərəfindən diqqət mərkəzində saxlanılır.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

31 2020 11:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə