Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla mübarizədə böyük şirkətlər dövlətə dəstək olmalıdır

Milli Məclisin dünən keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə bütün dəyişikliklərin zəruri olduğunu və dəstəklədiyini deyib. Qeyd edib ki, cənab Prezidentin çıxışlarını, verdiyi tapşırıq və mesajlarını hamı diqqətlə dinləməli, oxumalı və örnək almalıdır.

    Q.Paşayeva deyib: “Böyük şirkətlər, böyük restoran və böyük tikinti şirkətlərinə üzümü tutub demək istəyirəm ki, dövlətimizin koronavirus pandemiyası kimi dünyada bəlaya çevrilmiş ciddi problemlə mübarizə apardığı çətin bir dövrdə işçiləri ixtisara salmayın, maaşlarını verin”.  O, dövlət başçısının koronavirus təhlükəsi ilə bağlı zəruri halda evdə qalan, işə çıxmayan insanların əmək haqqı dövlət tərəfindən ödənilməlidir fikrini dəstəklədiyini bildirib. Amma bu milli birlik, həmrəylik günündə iri şirkətlər bu dövlətdə qazandığından işçilərin əməkhaqqını ödəməkdə, dövlətə dəstək olmalıdır. Kiçik və orta sahibkarlara kömək etmək məqsədilə, insanların işsiz qalmamaları üçün təkliflər hazırlandığını deyib. 

    Q.Paşayeva bildirib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir: “Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.

     Düşünürəm ki, həqiqətən də deputatın qeyd etdiyi kimi, imkansız ailələrə də kömək edilməlidir. Bu işdə də imkanı çatan hər kəs məsuliyyət və vicdanla hərəkət etsə, öz vəsaitlərindən həmin ailələrə yardım etsə, insanlıq adına çox şey qazanılar. Çünki, düşdüyümüz bu vəziyyət müvəqqətidir. Bir-iki aydan sonra yəqin ki, həyat yenidən öz axarına düşəcək, koronavirus bəlası yox olacaq, karantin rejimi aradan qaldırılacaq. Qalan birliyimiz, həmrəyliyimiz, insanlığımız və yardımsevərliyimiz olacaq.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

31 2020 10:56 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə