Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla mübarizədə birlik nümayiş etdirilməlidir

Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı yaranmış fövqəladə hal çərçivəsində vətəndaşlarımız karantin rejiminə uyğun qaydalarla hərəkət edir. Təbii ki, bu, koronavirusa qarşı mübarizədə görülən təhlükəsizlik tədbirləri ilə bağlı Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın tapşırığına uyğun verilən tövsiyələrdir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana ƏLİYEVA ölkədə tətbiq edilən xüsusi vəziyyətlə bağlı fikirlərini bölüşdü:

    --Azərbaycanda karantin tədbirləri müvafiq dövlət orqanları və şəxsən cənab Prezidentin tapşırığı ilə həyata keçirilir və mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələrinin bəzilərinin acı təcrübələri sübut edir ki, qadağa tədbirlərini erkən qəbul etməyənlər bu gün onun ağrısını hiss edir. İtaliya təcrübəsi hamıya nümunədir. Qeyd edim ki, Azərbaycan ən sərt karantin tədbirlərinin həyata keçirilməsində dünyanın bir çox ölkələrini qabaqlayır. Koronavirusla mübarizədə xüsusi karantin rejiminə keçidin məqsədi cəmiyyətin bütün potensialını ələ almaq, onu vahid hədəfin üzərinə yönəltmək və bu mübarizədən ölkəni minimum itki ilə çıxarmaqdır.

    Karantin rejimi tətbiq edilən zaman kimliyindən asılı olmayaraq hər bir şəxs öz fəaliyyətini dövlətin müəyyənləşdirdiyi tədbirlərə uyğun qurmalı və qeyd-şərtsiz onları yerinə yetirməlidir: Sosial izolyasiya və xüsusi karantin rejimi çərçivəsində dövlətin müəyyənləşdirdiyi tədbirlərə baxdıqda, bütün addımlara haqq qazandırırıq. Cəmiyyət koronavirusla mübarizədə dövlət siyasəti ətrafında qeyd-şərtsiz birlik nümayiş etdirməlidir. Bu mənada ciddi və zəruri ehtiyac olmasa, evdə qalmaq, bayıra çıxaraq, üz verə biləcək yoluxmaya doğru addım atmamaq məsləhət görülür. Karantin rejimində 65 yaşdan yuxarı vətəndaşlarımıza xüsusi xidmətlər göstərilir ki, onlar evdə qalıb virusa yoluxmasınlar, sağlam qalsınlar. Biz həkimlər verilən tapşırığa uyğun olaraq iş başındayıq. Ölkədə səhiyyə sistemində çalışanlar bütün sutka iş başındadır. Yaxşı olar ki, hər bir fərd də özünü təhlükənin qucağına atmasın. Operativ qərargahın tapşırıq və tövsiyələrinə ciddi surətdə əməl etsinlər. Nə qədər virusa yoluxma az olsa, o qədər tez əvvəlki həyat bərpa olunacaq. Bu mənada əl-ələ vermək, koronavirusa qarşı mübarizə tədbirlərində birlik nümayiş etdirməliyik.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

31 2020 10:54 -

Köhnə versiyamızdan xəbərləri izlə