Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Forumun “dəyirmi masa”larında Azərbaycan-Rusiya əməkdaşlığının aktual məsələləri müzakirə olunub

Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri

Forumun “dəyirmi masa”larında Azərbaycan-Rusiya əməkdaşlığının aktual məsələləri müzakirə olunub

Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunan “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda “dəyirmi masa”da hər iki tərəfdən dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak ediblər.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın sənaye potensialı, uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizdə yaradılan sənaye parkları və məhəllələri, bu sahədə Rusiya ilə birgə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə məlumat verib. Nazir qeyd edib ki, Rusiya ilə birgə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer”, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsi layihələri həyata keçirilir, Gəncə Avtomobil Zavodu Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlıq edir, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr reallaşdırılır. 
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə çıxışında sənaye sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, bu sahədə əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkələrimizin sənaye potensialından və bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıqdan danışıb.
Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan-Rusiya enerji əməkdaşlığından, əlaqələrin genişləndirilməsi potensialından bəhs edərək, Azərbaycan və Rusiya arasında birgə yeni elektrik ötürücü xətləri tikintisinin mümkünlüyünü bildirib. O, Azərbaycan-Rusiya enerji əməkdaşlığı üzrə İşçi Qrupunun iclasının oktyabrın 5-6-da Moskvada keçiriləcəyini deyib.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik isə sənaye sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışıb, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“Dəyirmi masa”da müxtəlif dövlət qurumlarının və şirkətlərin nümayəndələri birgə əməkdaşlıq məsələlərini müzakirə edib, təqdimatlar keçiriblər. 

Turizm sahəsində əməkdaşlığın inkişafı 

Forumun “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda “dəyirmi masa”sında Azərbaycan və Rusiya tərəfindən dövlət qurumlarının və turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. 
Azərbaycan Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev turizmin ölkəmizdəki sürətli inkişafından, bununla bağlı qəbul olunan dövlət proqramlarından, imzalanan fərman və sərəncamlardan, reallaşdırılan layihələrdən bəhs edib. Qeyd olunub ki, son illər Rusiya və Azərbaycan arasında turizm əlaqələri inkişaf edir və bu, tempi, dinamikanı qorumaq olduqca önəmlidir. Təkcə bu ilin ilk yarısında Rusiyadan Azərbaycana 600 mindən çox turist gəlib.
Rusiyanın Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov iki ölkə arasında digər sahələrdə olduğu kimi, turizm sahəsində də əlaqələrin inkişaf etdiyini diqqətə çatdıraraq deyib: “Rusiya ilə Azərbaycan arasında turizm münasibətlərinin yüksələn dinamika ilə inkişaf etməsi bizi çox sevindirir. 2016-cı illə müqayisədə 2017-ci ildə Rusiyadan Azərbaycana turist səfərləri 17 faiz artıb. Rusiya bu artım dinamikasının davam etməsində maraqlıdır. Çünki bizim bu sahədə böyük perspektivlərimiz var”.
“Rusiya Xəzər dənizində kruiz turizminin inkişaf etdirilməsində maraqlıdır. Hazırda ölkəmizdə Şimali Qafqaz regionunda turizmin inkişafına dair strategiya hazırlanır. Bu strategiyada xüsusi yer Xəzər dənizində kruiz səfərlərinin həyata keçirilməsinə ayrılır. Biz bu məsələni Azərbaycan tərəfi ilə müzakirə etdik. Bu ideyaya Qazaxıstan və İrandan olan həmkarlar da pozitiv yanaşır. Bu, olduqca perspektivli turizm marşrutu ola bilər. Beynəlxalq kruiz şirkətləri yeni marşrutların yaranmasında maraqlıdır. Biz bu istiqamətdə işlərə başlamışıq. Qeyd edim ki, Avropa şirkətlərinin də yeni layihəyə marağı böyükdür”, – deyə O.Safanov əlavə edib.
“Dəyirmi masa” çərçivəsində Federasiya Şurasının üzvü, Leninqrad vilayətinin dövlət hakimiyyəti orqanının nümayəndəsi İqor Fomin Rusiyanın turizm potensialına dair təqdimatla çıxış edib. O, martın 14-16-da Moskvada keçirilən “MITT 2018” beynəlxalq turizm sərgisində Azərbaycanın da təmsil olunduğunu xatırladıb. 
Rusiyalı turistlərin Azərbaycana böyük marağı olduğunu qeyd edən İ.Fomin deyib: “Bu, qarşılıqlı maraqdır. Çünki ötən illər ərzində Azərbaycandan çoxsaylı turist Rusiyanın tanınmış Minvodı və Pyatiqorsk şəhərlərinə səfərlər ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi ölkələr arasında digər sahələrin inkişafına da təkan verəcək, iqtisadiyyatın genişlənməsinə yol açacaq”. 
Tədbirdə “Turizm sahəsində əməkdaşlıq” mövzusunda çıxış edən Dövlət Turizm Agentliyinin beynəlxalq bazarlar departamentinin rəhbəri Sevinc Zeynallı Azərbaycanın turizm potensialından danışıb. Bildirib ki, bu gün turizm sahəsində Rusiya Azərbaycan üçün strateji bazarlardan hesab edilir. Bunu Rusiyadan Azərbaycana  ildən-ilə artan turist axını da təsdiqləyir. 
“Turizm sahəsində ikitərəfli və çoxtərəfli layihələrin işlənib hazırlanması və həyata keçirilməsi zamanı əməkdaşlıq təcrübəsi” mövzusunda təqdimatla çıxış edən Qonaqpərvərlik sənayesi üzrə komitə sədri, “Delovaya Rossiya”nın icra komitəsinin rəhbəri Yelena Krivenkova Rusiya və Azərbaycanın turizm sahəsində böyük inkişaf perspektivlərinin mövcud olduğunu vurğulayıb. Bildirib ki, bu əlaqələri genişləndirmək üçün hər iki ölkənin turoperatorları arasında sıx əlaqələr qurulmalı, iki ölkə arasında reallaşdırılan layihələrə birgə investisiyalar yatırılmalıdır. O, Azərbaycana böyük marağın olduğunu qeyd edib.
Sonra “Naftalan sanatoriyasının müalicəvi xüsusiyyətləri” barədə videoçarx nümayiş etdirilib. Naftalanın sağlamlıq mərkəzinin nümayəndəsi Mirağa Seyidov iştirakçılara buradakı otellərdəki xidmətlər barədə məlumat verib. 
Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini vurğulayan M.Seyidov bu mərkəzlərdə istirahət edənlərin sayının ildən-ilə artmasına təsir göstərən amillərdən birinin də ötən illərdə burada müalicə alan turistlərin yenidən Naftalanı seçməsi ilə əlaqədar olduğunu deyib. 
“Dəyirmi masa” çərçivəsində Sverdlovsk vilayətinin investisiyalar və inkişaf nazirinin müavini Yevgeni Kopelyanın, Dağıstan Respublikasının turizm və xalq sənət nümunələri naziri vəzifəsini icra edən Rabiyat Zakavovanın, Stavropol diyarının turizm və sanatoriyalar naziri Aleksandr Truxaçevin “Rusiyanın regionlarının turizm potensialının təqdimatı”, “Dağıstan (Rusiya) və Azərbaycanın regionları arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin aktual məsələləri”, “Sverdlovsk vilayətində turizm sahəsinin inkişafı təcrübəsi və perspektivlər” mövzularında çıxışları dinlənilib. 

Aqrar sahədə əməkdaşlığın inkişafı

2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb. Ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 3,8 dəfə, pambıq ixracı isə 8,6 dəfə artıb. Bu göstəricilər aqrar sahədə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir.
Bu barədə Forumun “Aqrar sahədə əməkdaşlığın inkişafı” mövzusunda təşkil edilmiş “dəyirmi masa”sında danışılıb.
“Dəyirmi masa”da müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq ildən-ilə genişlənir. O, ölkəmizin Rusiya ilə birgə bu sahədə layihələrin reallaşdırılmasında, innovasiyaların tətbiqində maraqlı olduğunu diqqətə çatdırıb.
Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Lyovin isə Azərbaycanın aqrar məhsullarına Rusiyada böyük maraq olduğunu, hər iki ölkənin aqrar sahədə çalışan iş adamlarının uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Rusiya Azərbaycana böyük miqdarda taxıl məhsulları, Azərbaycan isə Rusiyaya meyvə və tərəvəz məhsulları ixrac edir. Rusiya istehsalçıları Azərbaycana taxıl məhsulları ilə yanaşı, şəkər tozu, süd və digər kənd təsərrüfatı məhsulları göndərməkdə, birgə müəssisələr yaratmaqda maraqlıdırlar.
Nazir müavini əlavə edib ki, hər iki ölkənin regionları arasında da əməkdaşlıq sahəsində böyük perspektivlər mövcuddur. Regionlarda mühüm layihələrin həyata keçirilməsi qarşıda duran əsas məqsədlərdən biridir.
“Dəyirmi masa”da hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, regionların investisiya potensialına və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə dair təqdimatlar keçirilib. Həmçinin aqrar sahədə müştərək layihələrin reallaşdırılması təcrübəsi, regionların investisiya potensialının təqdimatlarının keçirilməsi, Rusiya ilə Azərbaycanın aqrar sahədə əməkdaşlığının inkişaf etdirilməsi mexanizmləri, aqrar-sənaye kompleksi sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri, kənd təsərrüfatı, tikinti-yol texnikasının və digər avadanlığın satışı və aktual məsələlər müzakirə olunub.

Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq 

Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən “Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq” mövzusunda “dəyirmi masa”nın iştirakçıları kiçik və orta biznes sahəsində təcrübələrini bölüşüblər.
“Dəyirmi masa”da çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib. O qeyd edib ki, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara bir sıra xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə göstərdikləri xidmətlərin əlaqələndirilməsidir.
Agentlik tərəfindən görülən işlər barədə danışan Orxan Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2025-ci ilədək Azərbaycanda kiçik və orta biznesin payı ÜDM-də 35 faizə, məşğulluqda 40 faizə, ölkənin qeyri-neft ixracında isə 25 faizə çatdırılacaq.
Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın icraçı direktoru Aleksandr Braverman isə Rusiyada kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə danışıb, belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını deyib.
“Dəyirmi masa”da Azərbaycan və Rusiya tərəfindən rəsmi şəxslər, eləcə də İKT, qida və kimya sənayesi, tikinti, sığorta, maliyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi

Forumun “Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilən “dəyirmi masa”sında çıxış edən Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu bildirib. Deyib ki, hər iki ölkənin prezidentləri ikitərəfli münasibətlərin genişlənməsini daim diqqətdə saxlayırlar. 
“Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Ölkəmizdə 120 mindən çox şagirdin oxuduğu 342 orta məktəbdə tədris həm də rus dilində aparılır, 16 məktəbdə isə tədris yalnız rus dilindədir. Ali məktəblərdə 150 ixtisasdan 105-i rus dilində də tədris olunur, 20 min tələbə təhsilini rus dilində alır”, - deyə F.Qurbanov bildirib. O qeyd edib ki, azərbaycanlı gənclərin rus dilinə və ədəbiyyatına marağı artır. Hər il ölkəmizdə rus dili olimpiadaları keçirilir. Rusiyanın təhsil müəssisələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur. Bundan əlavə, 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili mərkəzi fəaliyyət göstərir. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.
Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) prorektoru Artyom Malgin bildirib ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə xüsusi münasibətlər var. Azərbaycanda rus dili, mədəniyyəti qorunub saxlanılıb, ruslar rahat şəraitdə yaşayırlar. Prorektor Rusiya-Azərbaycan Ali Təhsil Təşkilatları Assosiasiyası çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışıb.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov deyib ki, Azərbaycanla Rusiya arasında dostluq münasibətləri böyük tarixə malikdir. Bu münasibətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan təməl üzərində daha da möhkəmlənir. Azərbaycanla Rusiya strateji tərəfdaş dövlətlərdir. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, humanitar sahədə də genişmiqyaslı əməkdaşlıq mövcuddur.  Bu gün Rusiyada yaşayan azərbaycanlılar, eyni zamanda, Azərbaycanda yaşayan ruslar ölkələrimizin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Nazir müavini qeyd edib ki, Azərbaycan və Rusiya arasında irimiqyaslı mədəni layihələr həyata keçirilir.
“Dəyirmi masa”da təhsil, elm, mədəniyyət və idman sahələrində layihələrin həyata keçirilməsi, gənclər arasında əməkdaşlığın aktivləşdirilməsi, humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil müəssisələrinin proqramlarına dair təqdimatlar keçirilib. Tədbirdə elm və təhsil müəssisələrinin, mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi

Azərbaycan və Rusiya dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair iki yeni sənəd imzalayacaqlar.
Bu barədə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Forum çərçivəsində təşkil edilən “Nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda “dəyirmi masa”da məlumat verib.
Nazir xatırladıb ki, Azərbaycan ilə Rusiya arasında zəruri normativ-hüquqi baza yaradılıb, avtomobil, dəmiryol və hava nəqliyyatına dair hökumətlərarası sazişlər imzalanıb. Hazırda ticarət gəmiçiliyinə dair sazişlərin layihələrinə baxılır.
“Dəyirmi masa”da çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri sürətlə inkişaf etməkdə olan tranzit-nəqliyyat əməkdaşlığıdır. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında və beynəlxalq miqyasda yükdaşımaların artmasına kömək edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Şimal-Cənub layihəsinin inkişafından söhbət açaraq bildirib ki, Azərbaycan tərəfi Astara (İran) ərazisində terminal inşa edib, bu terminaldan artıq 195 min ton yük daşınıb. Həmin terminal işə düşənədək müvafiq dövr ərzində yolun həmin hissəsində cəmi 1700 ton yük daşınmışdı.
“Dəyirmi masa”da müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının, yükdaşımaları ilə məşğul olan şirkətlərin təmsilçiləri iştirak edib. İştirakçılar nəqliyyat sahəsində əməkdaşlığın inkişafı mexanizmlərini, yükdaşımaların genişlənməsi perspektivlərini, iki ölkə arasında yüklərin çatdırılmasını yaxşılaşdırmaq yollarını müzakirə ediblər. Bundan başqa nəqliyyat və yükdaşımaları sahəsində mövcud əməkdaşlığa, əlaqələrin genişləndirilməsinə dair bir sıra çıxışlar dinlənilib, müzakirələr aparılıb. 
Qeyd edilib ki, Azərbaycan ilə Rusiya arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanları genişdir və bu baxımdan, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi önəmlidir.
Diqqətə çatdırılıb ki, əvvəlki illə müqayisədə bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 100 dəfə artıb. Tədbirdə, həmçinin ölkələrimiz arasında nəqliyyat sahəsində birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.   

Qadın sahibkarlığının inkişafında əməkdaşlıq perspektivləri

Forumun “Qadın sahibkarlığının inkişafında əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən növbəti “dəyirmi masa”sında Azərbaycan tərəfdən moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirin əhəmiyyətini vurğulayıb. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə toxunan komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirlər.
Azərbaycan cəmiyyətində qadınların rolundan bəhs edən Hicran Hüseynova qeyd edib ki, 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Bu gün ölkəmizdə gender siyasətinin gücləndirilməsi dövlət strategiyasının əsas istiqamətlərindən biridir. 
Ölkəmizdə inkişaf etməkdə olan qadın sahibkarlığından danışan Hicran Hüseynova son illər Azərbaycanda qadın sahibkarlarının sayının xeyli artdığını diqqətə çatdırıb. Bu sahədə görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verən komitə sədri bildirib ki, qadın sahibkarlığın inkişafı qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadın sahibkarlığı inkişaf etdikcə beynəlxalq əməkdaşlıq məsələləri də mühüm amilə çevrilir. Bu baxımdan sahibkar xanımlar işlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq əməkdaşlığa da önəm verməlidirlər. 
O, Azərbaycanda qadın sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, o cümlədən təşkil olunan müxtəlif maarifləndirici tədbirlər, qadın sahibkarlara verilən güzəştli kreditlər, “ABAD”ın bu sahədəki fəaliyyəti barədə danışıb, Azərbaycanın Rusiyanın qadın sahibkarlar təşkilatları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu və bu sahədəki geniş imkanları diqqətə çatdırıb.
“Dəyirmi masa”nın Rusiyadan olan moderatoru, Rusiya-Ərəb İşgüzar Şurasının direktoru, “Biznes qadınları” Ümumrusiya İctimai Təşkilatının prezidenti Tatyana Qvilava qadın sahibkarlığının inkişafının bütün cəmiyyətlərə xeyir gətirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sahibkar qadınların fəaliyyətləri çox zaman nümunəviliyi ilə seçilir. Qadın hər bir işdə diqqətlidir. Tatyana Qvilava Azərbaycanla Rusiya arasındakı münasibətlərdən danışaraq, bir çox sahələrdə olduğu kimi, qadın sahibkarlarının da əməkdaşlığının uğurlu olacağına əminlik ifadə edib. O, Azərbaycanda qadın sahibkarlığın inkişafına göstərilən dəstəkdən məmnunluğunu bildirib, bu sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.
Qadın sahibkarlar “dəyirmi masa”da çıxış edib, sualları cavablandırıblar. Bildirilib ki, qadınlar əzmkarlıqları ilə öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyişə bilərlər. Bu şərtlə ki, onlara bunun üçün resurslar verilsin.
Sonra qadınların iqtisadi imkanlarının və potensialının artırılmasında sahibkarlığın rolu, qadın sahibkarlığının inkişafında mövcud problemlər və həlli yolları, kənd yerlərində qadın sahibkarlığının genişləndirilməsi, qadın hüquqlarının möhkəmlənməsində və ailə münasibətlərində sahibkarlığın təsiri, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının regionları arasında sahibkarlıq sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları, Novqorod vilayətində qadın sahibkarlığının inkişafı kimi mövzularda məruzələr dinlənilib. 
Bundan başqa, qadın sahibkarlar bu sahədə təcrübələrini bölüşüb və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

AZƏRTAC

 

28 2018 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə