Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX: Düşmən döyüş mövqelərinə qarşı diversiyanın keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil

Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilmiş, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimiz və kənd yollarında hərəkət edən mülki nəqliyyat vasitələri mütəmadi olaraq iri çaplı silahlardan və snayper tüfənglərindən davamlı surətdə atəşə tutulmuşlar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə basqın cəhdləri edilmiş, sərhədçilərin sayıqlığı nəticəsində düşmən təxribatlarının qarşısı alınmış və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalmışlar.

Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gərginləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilmiş, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların veriləcəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olunmuşdur.

Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozaraq Ermənistanın Noyemberyan rayonunun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş mövqelərinə qarşı diversiyanın həyata keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunmuşdur.

Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvələrindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düşmənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sərhəd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs rejimini pozmaqla törətdiyi təxribatın nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

31 2020 08:44 -

Köhnə versiyamızdan xəbərləri izlə