Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

“Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilməsi barədə

 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin                etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması” təsdiq edilsin (əlavə olunur).

 

 

 

                                          Əli Əsədov

                                          Azərbaycan Respublikasının Baş Naziri

 

 

Bakı şəhəri, 20 mart 2020-ci il

 

№  102

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il  20 mart

tarixli 102 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Nümunəvi forma

 

Tibbi xidmətlərin göstərilməsi haqqında

 

MÜQAVİLƏ

 

№ ________

 

___________ şəhər (rayon və s.)

“___” ________  20 ____ il

 

 

Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə (bundan sonra - Müqavilə) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun)  uyğun olaraq, bir tərəfdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) İdarə Heyətinin sədri ________________________

                                                            (soyadı, adı və atasının adı)    

şəxsində, digər tərəfdən Qanun və ___________________əsasında                                                          

                                                       (hüquqi şəxsin nizamnaməsi)

fəaliyyət göstərən  icbari   tibbi  sığorta  çərçivəsində   tibbi   xidmətlərin  göstərilməsi    məqsədilə___________ tibb müəssisəsi ______________________________________________________                                                                                                  

                      (vəzifəsi, soyadı, adı və atasının adı)

şəxsində  (bundan sonra - Tərəflər)  Qanunun   tələblərinə   əsasən   aşağıdakı    şərtlərlə imzalanmışdır.

 

1. Müqavilənin predmeti

 

1.1. Müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə Agentlik arasında münasibətləri tənzimləyir.

1.2. Müqaviləyə əsasən, tibb müəssisəsi Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.

2. Tərəflərin hüquq və vəzifələri

 

2.1. Agentliyin hüquqları aşağıdakılardır:

2.1.1. Müqavilənin sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin (bundan sonra - tibbi xidmətlər) göstərilməsi şərtlərinə riayət edilməsinə nəzarət etmək məqsədilə tibb müəssisəsində göstərilən tibbi xidmətlərin  növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları almaq, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatların qorunmasını tələb etmək;

2.1.2. Qanunda və Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;

2.1.3.  tibb müəssisəsinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

2.1.4. Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisəsində göstərilən tibbi xidmətlər barədə hesabatı tələb etmək.

2.2. Agentliyin vəzifələri aşağıdakılardır:

2.2.1. tibbi xidmətlərə görə tibb müəssisəsinə Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;

2.2.2. sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;

2.2.3. sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;

2.2.4. tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət etmək.

2.3. Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:

2.3.1.  göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə  müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək;

2.3.2. Agentliyin Qanunda nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək;

2.3.3. kütləvi informasiya vasitələrinə qanunvericiliklə qadağan olunmayan məlumatları təqdim etmək.

2.4. Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

2.4.1. Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək;

2.4.2. bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;

2.4.3. sığortaolunanlara göstərilən tibbi xidmətlərin uçotunu aparmaq;

2.4.4. sığortaolunanlara göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə  nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə vermək;

2.4.5 sığortaolunanlara göstərilən tibbi xidmətlər barədə hesabatları Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə təqdim etmək;

2.4.6. ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək;

2.4.7. həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq.

 

3. Tibbi xidmətlərin göstərilməsinin şərtləri

 

3.1. Tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişləri Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

3.2. Xidmətlər zərfində nəzərdə tutulmuş ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi Qanunun 15-15.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına uyğun ödənilir.

3.3. Təcili və təxirəsalınmaz tibbi xidmət göstərən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişinin verilməsi qaydası Müqaviləyə əlavələr edilmək yolu ilə Tərəflər arasında razılaşdırılır. Şəxsə təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən göstərilən tibbi yardım “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən həyata keçirilir.

 

4. Sığorta ödənişlərinin həyata keçirilməsi şərtləri

 

4.1. Tibb müəssisələri Agentlik tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üzrə göstərilmiş tibbi xidmətlər barədə bu Müqavilənin 4.6-cı bəndində nəzərdə tutulmuş qaydada Agentliyə elektron hesabat təqdim edirlər.

4.2. Elektron hesabat tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

4.3. Elektron hesabat Agentliyə təqdim edildikdən sonra 20 (iyirmi) gün müddətində Agentlik tərəfindən Qanunun 15-26-cı maddələrinə uyğun olaraq tibbi xidmətin tibbi-iqtisadi ekspertizası aparılır.

4.4. Ekspertiza nəticəsində aşkar olunmuş uyğunsuzluqlar və nöqsanlar aradan qaldırıldıqdan sonra tibb müəssisəsi tərəfindən yekun hesabat hazırlanır və tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq olunur. Yekun elektron hesabat üzrə tibb müəssisəsi tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün akt hazırlanaraq Agentliyə təqdim edilir.

4.5. Aktın Agentliyə təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində sığorta ödənişi Agentlik tərəfindən həyata keçirilir.

4.6. Elektron hesabatın və aktın forması və təqdim edilməsi müddətləri  Müqaviləyə əlavələr edilməsi yolu ilə Tərəflər arasında razılaşdırılır.

4.7. İlkin səhiyyə xidmətləri göstərən tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişi tibb müəssisəsinə təhkim olunmuş əhali sayına əsasən hər ayın ilk 5 (beş) iş günü müddətində bank hesabına köçürülməklə həyata keçirilir.

 

5. Müqavilənin müddəti və Müqaviləyə xitam verilməsi şərtləri

 

5.1. Müqavilə hər iki Tərəf tərəfindən imzalandığı gündən qüvvəyə minir.

5.2. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

5.2.1. Agentliyin Müqavilənin pozulmasına səbəb ola biləcək çatışmazlıqlar haqqında yazılı bildirişinə baxmayaraq, tibb müəssisəsinin təqdim edilmiş sənəd əsasında 30 (otuz) gün müddətində tədbir görməməsi;

5.2.2. Tərəflərdən biri ləğv edildikdə;

5.2.3. Tərəflərdən birinin təşəbbüsü ilə 1 (bir) ay əvvəl yazılı şəkildə məlumatlandırmaq şərtilə;

5.2.4. tibb müəssisəsi tərəfindən öhdəliklərin Müqavilə üzrə 1 (bir) il ərzində 5 dəfə tam və ya lazımi qaydada icra etmədikdə.

5.3. Bu halda Tərəflər ləğv edilməyə qədər yaranan bütün öhdəlikləri lazımi qaydada yerinə yetirir və göstərilmiş xidmətlər üzrə ödəniş tibb müəssisəsinin göstərdiyi xidmətə dair təqdim etdiyi təhvil-təslim aktlarına uyğun surətdə həyata keçirilir.

5.4. Müqavilənin müddəti Tərəflər arasında razılaşdırılır.

 

6. Tərəflərin məsuliyyəti

 

6.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

6.2. Tibb müəssisəsinin təqsiri nəticəsində sığortaolunanın səhhətinə ziyan dəydikdə və ya ölümünə səbəb olduqda, Agentlik Qanuna müvafiq olaraq öz təşəbbüsü ilə və ya subroqasiya hüququna əsaslanaraq Agentliyə dəyən maddi ziyanın kompеnsasiyası iddiası ilə məhkəməyə müraciət edə bilər.

6.3. Müqavilə üzrə öhdəliklərin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tibb müəssisəsinə tətbiq olunan dəbbə pulunun məbləği dəymiş zərərdən az olduqda, dəbbə pulundan artıq zərər tam məbləğdə ödənilir.

6.4. Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.

 

7. Tətbiq olunan hüquq

 

7.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.

7.2. Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və tibb müəssisəsi tərəfindən hazırlanan digər sənədlər Agentliyin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Tibb müəssisəsi bu sənədlərin surətini özündə saxlaya bilər.

 

 

8. Vergilər və rüsumlar

 

8.1. Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.

 

9. Digər şərtlər

 

9.1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.

9.2. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilməklə,     1 (bir) nüsxəsi tibb müəssisəsində, digər nüsxəsi isə Agentlikdə saxlanılır.

9.3. Bu Müqavilə ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll edilir.

9.4. Qanunvericiliyə və bu Müqavilənin şərtlərinə zidd olmamaq şərtilə Müqavilədə dəyişiklik edilə bilər. Müqavilədə dəyişiklik edilməsinə yalnız Tərəflərin qarşılıqlı razılığına əsasən yol verilir və hər iki Tərəfin imzası və möhürü ilə rəsmiləşdirilir. Həmin dəyişiklik Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.

 

10. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri

 

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agеntliyi

 

Hüquqi ünvanı ________________

 

VÖEN ______________________

 

Bank rekvizitləri_______________

 

Səlahiyyətli şəxsin_____________

(vəzifəsi, adı, soyadı və atasının adı)

 

İmzası _________

 

M.Y.

 

__________________________

(tibb müəssisəsinin adı)

 

Hüquqi ünvanı _____________

 

VÖEN ____________________

 

Bank rekvizitləri______________

 

Səlahiyyətli şəxsin_______________

(vəzifəsi, adı, soyadı və atasının adı)

 

İmzası _________

 

M.Y.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə