Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

  “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

 

                                          Əli Əsədov

                                          Azərbaycan Respublikasının Baş Naziri

 

 

Bakı şəhəri, 23 mart 2020-ci il

 

№  106

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il  23 mart

tarixli 106 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin                 imtahanının keçirilməsi

 

Qaydası

 

  1.  Ümumi müddəa

 

1.1. Bu Qayda “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin (bundan sonra – müstəqil ekspert) imtahanının (bundan sonra – imtahan) keçirilməsi və imtahan nəticəsində müstəqil ekspert sertifikatının (bundan sonra – sertifikat) verilməsi ilə bağlı məsələləri tənzimləyir.

 

2. İmtahanın təşkili

 

  1.  İmtahan və imtahan nəticəsində sertifikatların verilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.
  2.  İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:
    1.  bu Qaydanın 5.2.1-ci yarımbəndində göstərilən sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;
    2.  bu Qaydanın 5.2.2-ci yarımbəndində göstərilən sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;
    3.  bu Qaydanın 5.2.3-cü yarımbəndində göstərilən sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.
  3.  İmtahanda iştirak etmək üçün vətəndaş imtahan gününə ən azı 15 (on beş) gün qalanadək Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və imtahanın qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.
  4. İmtahan zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
    1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
    2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
    3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla girmək, özü ilə tütün məmulatı gətirmək;
    4. səbəbindən asılı olmayaraq, imtahan başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq, imtahanın gedişinə mane olmaq;
    5. səbəbindən asılı olmayaraq, imtahan başlandığı andan 1 (bir) saat müddət bitənədək və imtahanın son 30 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
    6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
    7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
    8. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.
  5. İmtahanın təşkili ilə əlaqədar Mərkəz:
    1. imtahanın qrafikini, aparılma texnologiyasını müəyyən edir;
    2. imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
    3.  imtahanın keçirilməsi tarixindən ən azı 1 (bir) ay əvvəl sənəd qəbuluna dair elan verir;
    4.  imtahanın nəticəsinin elan edildiyi gündən 15 (on beş) gün müddətində bu Qaydanın 5.2-ci bəndi ilə müəyyən edilmiş sertifikatları verir;
    5. imtahanın təşkili, keçirilməsi, nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;
    6. imtahanın keçirilməsinə 10 (on) gün qalmış imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır;
    7. imtahanın qrafikini və imtahanda iştirak edəcək namizədlərin siyahısını internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır;
    8. imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;
    9.  imtahan nəzarətçilərini müəyyən edir.
  6. İmtahan iki mərhələdə həyata keçirilir.
  7. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Aqrar Sığorta Fondu (bundan sonra – Fond) ilə razılaşdırmaqla təsdiq edilmiş proqramlara uyğun müəyyən edilir.
  8. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, məntiq fənlərinə dair sualları, o cümlədən bu Qaydanın 5.2-ci bəndində göstərilən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.
  9. İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq Fond tərəfindən təşkil edilən təlimə cəlb olunurlar.
  10. Təlim bitdikdən sonra ən geci 10 (on) gün müddətində Mərkəz tərəfindən imtahanın ikinci mərhələsinin keçirilmə vaxtı elan edilir. İmtahanın ikinci mərhələsi təlimin bitdiyi gündən ən geci 30 (otuz) gün müddətində keçirilməlidir.
  11. İmtahanın ikinci mərhələsi bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq təsdiq edilən təlim proqramına dair sualları əhatə edir.
  12. İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahanın hər bir mərhələsi üçün ödəniş məbləği 80 (səksən) manat (ƏDV daxil edilmədən) müəyyən edilir.

 

3. İmtahanın keçirilməsi

 

  1.  İmtahanın hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri vardır:
    1.  qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
    2.  açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazılı formada ifadə olunması tələb olunan test tapşırıqları.
  2.  Tapşırıqların sayı, növü və bu Qaydanın 2.8-ci bəndində göstərilən sahələr üzrə bölgüsü Mərkəz tərəfindən müəyyən olunur.
  3.  Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:
    1.  qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablan-dırılmaması 0 balla;
    2.  açıq tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablan-dırılmaması 0 balla.
  4.  Namizədin bu Qaydanın 2.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
  5.  İmtahanın hər bir mərhələsi üzrə davametmə müddəti 3 (üç) saatdır.
  6.  İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir və həmin baldan imtahanın birinci mərhələsi üzrə 60 faiz, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur.
  7.  İmtahanın ikinci mərhələsindən keçməyən namizədlərin növbəti 3 (üç) dəfə ikinci mərhələdə iştirak etmək hüququ vardır. Növbəti 3 (üç) dəfə ikinci mərhələdən keçə bilməyən namizədlər yalnız yenidən təlim prosesində iştirak etdikdən sonra imtahanın ikinci mərhələsinə buraxılırlar. Bu zaman onlar bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq ödəniş edilməsini təsdiq edən sənədi Fonda təqdim etməlidirlər.
  8.  İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Fonda təqdim olunur. İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.
  9.  İmtahanın nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində Mərkəzə müraciət edə bilər.
  10.  Müraciətə namizədin iştirakı ilə baxılır və ona Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədin nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və namizədin nəticələri yenilənir.
  11.  İmtahanın nəticələri haqqında məlumat portalda yerləşdirilir.

 

 

 

4. Təlimlərin təşkili və həyata keçirilməsi

 

  1.  İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Fond tərəfindən təşkil olunan təlimdə iştirak etmək üçün ödəniş edilməsini təsdiq edən sənədi 14 (on dörd) iş günü müddətində Fonda təqdim etməlidirlər.
  2. Bu Qaydanın 4.1-ci bəndinin tələblərinə əməl etməyən namizədlər təlimə buraxılmırlar.
  3. Təlimin keçirilməsi üzrə ödənişin məbləği Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Fond tərəfindən müəyyən olunur.
  4. Bu Qaydanın 4.1-ci bəndi ilə müəyyən edilmiş müddət bitdikdən sonra Fond 10 (on) gün müddətində ödəniş edilməsini təsdiq edən sənədi təqdim edən namizədləri təlimə cəlb edir.
  5. Fond tərəfindən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert - namizədlər üçün 104 (yüz dörd) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert - namizədlər üçün 40 (qırx) saat, akvakultura məhsulları üzrə ekspert - namizədlər üçün isə 20 (iyirmi) saat olmaqla, təlim təşkil edilir. Namizədlər üçün təşkil olunan təlimin tədris proqramı, habelə nəzəri-metodoloji, pedaqoji - metodik vəsaitlər Fond tərəfindən təsdiq olunur və təlim prosesi nəzəri və tətbiqi məşğələləri əhatə edir.
  6.  Fond namizədləri təlim materialları ilə təmin edir.
  7. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert - namizədlərə təlim prosesi müddətində ən azı 16 (on altı) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert - namizədlərə təlim prosesi ərzində ən azı 4 (dörd) saat, akvakultura məhsulları üzrə ekspert - namizədlərə təlim prosesi ərzində ən azı 2 (iki) saat olmaqla, təsərrüfat sahələrində təcrübə keçirlər.
  8. Təlimlər üçün ayrılmış ümumi saatların 10 faizindən çoxunda üzrlü səbəb olmadan iştirak etməyən namizədlər imtahanın ikinci mərhələsində iştirak etmək hüququnu itirirlər və sertifikat almaq üçün yenidən imtahanın birinci mərhələsində iştirak etməlidirlər.
  9.  Üzrlü səbəbdən təlimdə iştirak edə bilməyən namizədin növbəti təlimlərdə buraxılan dərsləri bərpa etmək hüququ vardır.
  10. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Fond tərəfindən Mərkəzə göndərilir.

 

5. Müstəqil ekspertlərin sertifikatlaşdırılması

 

 

  1. Mərkəz sertifikat verilməsi üçün imtahanın nəticələri əsasında hər bir namizəd barədə müvafiq qərar qəbul edir.
  2. İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:
    1.  kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
    2.  kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
    3.  akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
  3. Bu Qaydanın 5.2-ci bəndində göstərilən sertifikatların qüvvədə olma müddəti beş ildir.
  4. Müstəqil ekspert kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində növbəti sertifikat almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanın yalnız ikinci mərhələsində iştirak etməli və yenidən sertifikat almalıdır. Müstəqil ekspert sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni növ sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan növ üzrə müstəqil ekspert kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.
  5. Sertifikat bu Qaydanın əlavəsində göstərilən formada tərtib olunur və Mərkəzin vəzifəli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilir.

 

 

___________________

 

 

 

 

 

 

 

 

 

“Aqrar sığorta fəaliyyəti üzrə

müstəqil ekspertlərin imtahanının

keçirilməsi Qaydası”na

əlavə

 

 

 

AQRAR SIĞORTA FƏALİYYƏTİ ÜZRƏ MÜSTƏQİL EKSPERT SERTİFİKATI

№ 0000000

 

______”________________ 20____ il

 

 

______________________________________________________

(müstəqil ekspert sertifikatını verən qurumun adı)

 

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının növü________________________________________________________________________________________________________

 

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı verilmişdir______________________________________________ 

______________________________________________________

(şəxsin adı, soyadı və atasının adı)

 

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının qüvvədə olma müddəti ___________________________________________

______________________________________________________

 

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatını təsdiq edən məsul şəxs_____________________________________________

______________________________________________________

(adı, soyadı)

 

Vəzifəsi ________________________________________________

 

İmza  __________________________

 

M.Y.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə