Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb (FOTO)

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən bildiriblər.

Tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.

Sözügedən layihəyə uyğun olaraq, artıq yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Bunun üçün ərazidə svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1,5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı tikilib.

 

Bundan başqa ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb.

Tikinti-bərpa işlərinin növbəti, sonuncu mərhələsi üzrə hazırda yolun hərəkət hissəsinin tam bərpası istiqamətində addımlar atılır. Bu məqsədlə yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülür.

Əraziyə dolğu üçün qruntun gətirilməsi ağır tonnajlı yük maşınları vasitəsi ilə təmin olunduğundan digər hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti bu həftənin sonunadək qısa müddətlik məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.

30 2020 19:04 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə