Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni xəstəxana koronavirusla mübarizədə əlavə imkanlar yaradacaq

    Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsi açıldı. Ölkəmizdə daha bir yeni xəstəxananın fəaliyyətə başlaması məhz indiki, pandemiya dövrü üçün ən vacib məsələlərdən biridir. Müasir standartlara cavab verən xəstəxananın binası həm xarici görünüşü, həm də memarlıq baxımından çox gözəldir.

     Bu xəstəxana Azərbaycan Prezidentinin təşəbbüsü ilə inşa edilib.  Bu inşa qərarı dövlət başçısının açılış zamanı həkimlər qarşısında çıxış edərkən bildirdiyi kimi çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq.
   Xəstəxananın açılışı yayın sonuna, payızın əvvəlinə nəzərdə tutulsa da, pandemiyaya görə işlər sürətləndirilib və xəstəxana istifadəyə verilib. 575 çarpayı yerlik xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Bu tibb ocağında 70 reanimasiya yeri, 21 əməliyyatxana var.

   “Yeni klinika”nın açılışı zamanı dövlət başçımız bildirdi ki, pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək: “Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara xidmət göstərəcəksiniz”.

   Qeyd etmək istəyirəm ki, son illərdə ölkəmizin səhiyyə sahəsində böyük işlər həyata keçirilib. Hazırda Azərbaycanda elə bölgə yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Həmçinin rayonlarda müalicə diaqnostika mərkəzləri açılıb və vətəndaşlarımızın istifadəsinə verilib, köhnə, yararsız tibb müəssisələri sökülüb, yerində yenisi tikilib, təmirə ehtiyacı olanlar əsaslı təmirdən sonra işə başlayıb. Bütün səhiyyə obyektləri müasir avadanlıqlara təmin olunub.

    Açılış zamanı dövlət başçımız son illərdə həkimlərin peşəkarlığının böyük dərəcədə artdığını da bildirdi: “Bu gün bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir. Yəni, bütün bunları bir neçə il bundan əvvəl təsəvvür etmək belə mümkün deyildi. Ona görə həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində də böyük işlər görüldü. Bizim tələbələrimiz xarici ali tibb məktəblərinə ezam edildilər, həmçinin kurslarda təlim keçdilər. Odur ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır”.

     Bu gün bütün diqqət koronavirusla mübarizəyə yönəlib. Həyata keçirilən tədbirlərin, qoyulan qadağaların, gücləndirilmiş karantin rejiminin bir məqsədi var: Xalqımız bu bəladan son dərəcə az itkilərlə çıxsın. Yeni yoluxmaların sayı azalsın. Koronavirusa tutulmuş, müalicə alan xəstələrimiz sağalsın. Cəmiyyət dövlətə kömək etsin. Operativ qərargahın bütün tövsiyələrinə əməl edilsin.

Arzu BAĞIROVA,

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri 

30 2020 12:14 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə