Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Evdə qal, amma fiziki passiv olma!

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva  bu dəfə  COVİD -- 19 -a qarşı mübarizə təbirlərindən olan “Evdə qal” çağırışı ilə bağlı əlavə tövsiyələr bölüşüb. Həkim evdə qalmaqla bərabər fiziki passiv olmamağı məsləhət görür. Bildirir ki, hər bir vətəndaş günlük həyat tərzini düzgün seçməli, idman, qida və yuxu rejimini planlaşdırıb faydalı işlə məşğul olmalıdır. 
    Y. Abdıyeva Aristotelin “Uzunmüddətli fiziki hərəkətsizlik qədər insanın məhvinə səbəb olan başqa bir şey yoxdur”-- fikrinin həqiqət olduğunu xüsusi vurğulayır və XVIII əsrdə yaşamış fransalı həkim Tissonun ”Hərəkət, təsirinə görə demək olar ki, bütün dərmanları əvəz edə bilər, lakin, dünyanın bütün dərmanları hərəkətin təsirini əvəz edə bilməz”-- sözlərinin nə qədər önəmli olduğunu diqqətə çatdırır. O, sağlamlığın qorunması üçün sutkalıq hərəki fəallığı vacib hesab edir və fiziki fəallığın sağlamlıq üçün rolunun aşağıdakılardan ibarət olduğunu bildirir:
   -- Patogen mikroorqanizmlərin və ətraf mühitin əlverişsiz amillərinin təsirinə orqanizmin qeyri-spesifik davamlılığını artırır, nəticədə xəstələnmələrin azalmasına səbəb olur.
   -- İstilik tənzimi reaksiyalarının güclənməsi nəticəsində soyuqdəymə xəstəliklərinə qarşı orqanizmin davamlılığını artırır.
     --Fiziki aktivlik qeyri–infeksion xəstəliklərin (şəkərli diabet,ürəyin işemik xəstəlikləri və s) profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.
    -- Orqanizmin normal iş qabiliyyətini təmin edir.
    -- Baş-beyin qabığı tonusunun artması və müsbət emosiyaların yaranması ilə ruhi sağlamlığın mühafizəsi və möhkəmləndirilməsinə səbəb olur.
Fiziki passivlikdə:

--Fiziki aktivliyin olmaması və ya az olması dünyada ölümün risk faktorları arasında 4–cü yeri tutur.
   --Fiziki passivlik ürək–damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri–infeksion xəstəliklərin (yəni yoluxucu olmayan xəstəliklərin) yaranmasının əsas risk faktorlarından biridir.
    --Fiziki passivlik səbəbindən hər il 3 milyon 2 yüz min insan həyatını itirir.
     --Dünyanın böyük yaşlı əhalisi arasında hər üç nəfərdən biri fiziki passivdir.
Fiziki aktivliyin çatışmazlığı və ya oturaq həyat tərzi dünya əhalisində qeyri–infeksion xəstəliklərin yaranmasına və ümumi sağlamlığa böyük təsir göstərir.
   Fiziki aktivliyin çatışmazlığı aşağıdakı qeyri–infeksion xəstəliklərin əsas yaranma səbəblərindən biridir:
• süd vəzi və yoğun bağırsaq xərçənginin (21–25 faiz hallarda),
• şəkərli diabetin (27 faiz hallarda),
• ürəyin işemik xəstəliklərinin (30 faiz hallarda).

Hərəkət azlığı “hipokineziya” və ya “hipodinamiya” adlanır. 
Hərəki fəallıq məhdudiyyətinin davam etməsi patologiya (xəstəlik) qabağı vəziyyətlərin inkişafına gətirib çıxarır. Bu vəziyyətin səciyyəvi əlamətlərinə aiddir:
   Uşaqlarda tədricən onurğa əyilmələri, yaxındangörmə, həzm sistemi problemləri, müxtəlif xəstəliklər inkişaf edir, bəzilərinin isə əsası qoyulur. Məlumdur ki, inkişaf dövründə skelet və əzələlər düzgün formalaşmırsa, nəinki dayaq və hərəkət funksiyaları, həmçinin vegetativ funksiyalar -- qan dövranı, tənəffüs, həzm, ifrazat və nəsilartırma funksiyaları da pozulur. Hərəki fəallığın azalması əsas mübadilə səviyyəsinin, arterial qan təzyiqinin enməsinə, əzələ kütləsinin, qan plazmasının həcminin və eritrositlərin sayının azalmasına səbəb olur. Bəs bunun qarşısını necə almaq olar? 

    Əlbəttə, ilk növbədə, gün rejiminin düzgün qurulması mühüm əhəmiyyət daşıyır. Gün rejiminin mühüm əhəmiyyətli sağlamlıq amili olan komponenti açıq havada gəzintilərdir (açıq eyvanda da idmanla məşğul olmaq olar). Gəzintilərin səmərəliliyi qanın oksigenlə zənginləşməsi, oksigenləşdirmə proseslərinin və toxuma tənəffüsünün yaxşılaşdırılması, üzv və toxumalarda yerləşmiş reseptorlardan gələn impuls sellərinin baş-beyin qabığına və qabıqaltı törəmələrə olan tonuslaşdırıcı təsiri ilə əlaqədardır. 
   Təmiz hava, idman və ya rəqs, evdə fiziki işlə məşğul olmaq hərəki fəallığı artırır. Saatlarla divanda hərəkətsiz televiziya, kompüter və s. istifadə etmək, həmçinin normadan artıq yuxu rejimi sağlamlığınıza çox zərərdir. Qida rejiminizə əməl edin (yağlı qidalar və çox şirniyyat yemək immun sistemini zəiflədir).
  Pozitiv olun, musiqi dinləyin. Özünüzü və ətrafınızı sevin.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

30 2020 12:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə