Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva: Elliklə gələn bəlanı elliklə dəf edəcəyik

Tovuz rayonunda 100-dən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsinə 19 martdan 27 marta qədər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tərəfindən Novruz bayramı təbriki və bayram sovqatı çatdırılmışdı.

    Deputatın köməkçisi tərəfindən ailələrdə, eyni zamanda, koronavirusla bağlı maarifləndirmə işləri aparılır. Koronavirus xəstəliyi, bunun qarşısını almaq üçün dövlətimizin gördüyü tədbirlər, tətbiq edilən qadağaların mahiyyəti, şəxsi gigiyenaya diqqətin artırılmasının vacibliyi hər bir ailədə edilən söhbətlərin əsas mövzusu olub. Həmçinin sözügedən ailələrə koronavirusdan qorunmaq üçün bəzi tibbi ləvazimatlar da hədiyyə edilib və bildirilib ki, bu davamlı olacaq.

    Növbəti dəfə 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara Q.Paşayeva tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcəyi deyilib. Qeyd edək ki, millət vəkilinin Novruz bayramı ilə bağlı bu kampaniyasına “Veysəloğlu” şirkəti də dəstək verib və şirkət öz hədiyyələri ilə bir sıra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bayramını təbrik edib.

   Gələn həftə Tovuzda 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara deputat Q.Paşayeva və bir sıra dostları tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.

    Qənirə Paşayeva imkanı çatan insanları bu məsələdə maddi vəziyyəti zəif olan ailələrə dəstək olmağa çağırış edir:

   “Dostlar, bütün dünyanı cənginə alan virusun daha çox canlar almasına qarşı hər yerdə mübarizə gedir. Azərbaycan hökuməti bu mübarizə məqsədilə vacib olan tədbirləri həyata keçirir. Cəmiyyət olaraq biz də dövlətə kömək etməli, bu mübarizəyə dəstək verməliyik. Hər bir imkanı olan şəxs antiseptik vasitələr, maska, əlcək  almağa çətinlik çəkən 5--10 ailələyə dəstək olsa, heç bir şey itirməz. Amma insanlıq adına çox şey qazanar. Cənab Prezidentimizin də vurğuladığı kimi biz birlikdə güclüyük! Gəlin, güclü olduğumuzu bir daha göstərək. Elliklə gələn bəlanın qarşısına da elə elliklə çıxaq. Bir imkanlının qazandığından ayırdığı kiçik vəsait bir ailənin bu azğın bəlaya yoluxmaması deməkdir. Bu vəsaiti əsirgəməyək. Güc birlikdədir! İnanıram ki, bu koronavirus bəlasını tezliklə dəf edəcəyik.”

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 2020 12:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə