Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SUMQAYITLILAR KORONAVİRUSA QARŞI MÜBARİZƏDƏ

Ölkəmizin hər yerində olduğu kimi,  Sumqayıt şəhərində də  koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməkdədir.  İcra hakimiyyəti başçısının sərəncamına əsasən yaradılmış xüsusi komissiya ciddi iş rejimində çalışır, müvafiq qurumların fəaliyyətini əlaqələndirir.

Vaxtaşırı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə komissiya şəhərdə koronavirus yoluxmalarına qarşı görülən işləri geniş müzakirə edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunması ciddi nəzarətdə   saxlanır. Sakinləri arasında müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Aldığımız məlumata görə, şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, sənaye, nəqliyyat müəssisələri və təşkilatlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı yataqxanalar, böyük ticarət mərkəzləri, avtovağzal,   dəmiryolunda və şəhərin müxtəlif  yerlərində (park, bulvar, meydanlarında) qrafik üzrə müntəzəm olaraq tibbi proflaktik dezinfeksiya işləri aparılmış və bu gün də aparılmaqdadır.

Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış səyyar təşviqat briqadaları bütüb gün ərzində səsgücləndiricilərin vasitəsi ilə əhaliyə müraciət edir və sakinləri çox ciddi zərurət olmadğı təqdirdə küçəyə çıxmaqdan çəkindirirlər. Xahiş olunur ki, özlərinin, ailələ üzvlərinin və uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə evdə qalmağa üstünlük versinlər.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində koronavirusa qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktik söhbətlər aparılır. İzah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Polis əməkdaşları şəhərin küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə də səslənib. Onlar karantin rejiminə əməl olunmasını, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmamasını xahiş ediblər. Polis karantin rejimini pozan kafe sahiblərini də müəyyən edib və onlara qarşı inzibati cəza tədbirləri görülüb. Bununla yanaşı, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reydlər təşkil ediblər. Bundan   məqsəd rayon qeydiyyatlı nəqliyyat vasitələrinin sürücülərinin şəhərə giriş-çıxışının məhdudlaşdırılması olub.  

Şəhərdə aparılan preventiv tədbirlərdə Sumqayıt Bələdiyyəsi də yaxındaniştirak edir. Bələdiyyədə yaradılmış qərargahda iki maarifləndirici qrup formalaşdırılıb. Bələdiyyənin icra aparatının əməkdaşlarından və bələdiyyə üzvlərindən ibarət qruplar şəhərdə, eləcə də şəhərətrafı yaşayış massivlərində əhali arasında maarifləndirmə işi aparır, sosial izolyasiya şərtləri, gigiyenik normaların əks olunduğu bukletlər paylayırlar.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 6 aylıq əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Bir sıra hüquqi və fiziki şəxslər, təhsil və mədəniyyət qurumlarının rəhbərləri də bu çağırışa qoşulublar. Sumqayıt Dövlət Universiteti Elmi Şurasının onlayn keçirilən iclasında  Koronavirusla  (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürmək barədə qərar qəbul olunub. İanə ayrılmaları davam edir.

Bu gündən isə Bakı şəhərində olduğu kimi, Sumqayıt şəhərinin ərazisində yerləşən parklarda da insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. Buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

28 2020 16:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə