Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa dövlətləri nəyə üstünlük verir - insanların sağlamlığının, yoxsa hüquqlarının qorunmasına

Bu gün dünyanı bürüyən yeni növ koronovirus (COVID-19) hər bir insanın həyatına təsir göstərib. Bəzi dövlətlər virusa qarşı mübarizədə uğurlar əldə etsələr də, digərləri pandemiyadan əziyyət çəkərək yoluxmuş adamların müalicəsi üçün yer tapa bilmirlər.

İran bir tərəfdən iqtisadi sanksiyalardan, digər tərəfdən isə ölkəni ağuşuna almış virusla mübarizə aparır. Son məlumatlara görə, İranda virusa yoluxanların sayı 33 mindən çox, ölənlərin sayı isə 3 minə yaxındır.

İranda virusun artması və bütün ölkəyə yayılması səbəbləri haqqında müxtəlif söz-söhbətlər gəzir. Qərb mətbuatı heç də həqiqəti əks etdirməyən məlumatlar yayaraq İranı geridə qalmış, səhiyyəsi və iqtisadiyyatı çox zəif bir dövlət olduğunu bildirirlər. Lakin İran heç də zəif səhiyyə sisteminə və zəif iqtisadiyyata malik olan dövlət deyil. İran illərdir ki, sanksiya altında yaşayır və iqtisadi problemlər yaşamır. Daxili istehsalatın və ixracın artım tempi, ölkənin beynəlxalq nəqliyyat qovşağında yerləşməsi, sanksiyaların təsirini demək olar ki, heçə endirmişdir. Belə olan təqdirdə nəyə görə İran çətin vəziyyətə düşüb?

Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran hökuməti virusun qarşısını almaq üçün çox gec addımlar atmağa başladı. İran politoloqu Əkrəm Nur qeyd edir ki, virusun tədricən yayılmağa başladığı bir vaxtda - fevralın 21-də İranda parlament seçkiləri keçirildi. Dövlət rəsmiləri əhalini seçkilərdə fəal iştirak etməyə çağırırdılar. Və seçkilər baş tutdu. Bu isə virusun yayılmasına şərait yaratdı. Seçkiqabağı təbliğat kampaniyasında iştirak edən yeni deputatlardan 23 nəfərinin virusa yoluxması 2-nin isə həyatını itirməsi də təsadüfi olmadı.

Digər tərəfdən dini ziyarətgahların ziyarət üçün bağlanması da gecikdirildi. İl ərzində İrandakı ziyarətgahları 20 milyon insan ziyarət edir. Bura virusun yayılması üçün çox əlverişli məkandır. Nüfuzlu din xadimləri əvvəlcə bunun əleyhinə çıxırdılar. Virusun geniş yayılması və xəstəxanalarda yer çatışmazlığı müşahidə edildikdən sonra ziyarətgahlar bağlandı.

Bu gün İran çətinliklə olsa da, virusa qarşı mübarizəni gücləndirərək ölüm hallarının nisbətən azalmasına nail olub. Lakin vaxtında tədbirlər görülsəydi, parlament seçkiləri təxirə salınsaydı və ziyarətgahlar tez bağlansaydı bu gün vəziyyət fərqli olardı.

Müstəqil jurnalist Nəvid Daneşvər bildirir ki, İranın tibbi potensialı virusa qalib gəlmək imkanındadır. Hazırda elmi-tədqiqat laboratoriyalarında hərtərəfli tədqiqatlar aparılır. İran alimləri vaksini tapa bilməsələr də, güclü antibiotiklər hazırlayıblar. Bu antibiotiklər virusa yoluxanların müalicəsində istifadə olunur və effektlidir.

Onun sözlərinə görə, Azərbaycan dövləti təcili olaraq profilaktiki tədbirlər həyata keçirdiyi üçün yoluxanların sayı azdır. Tez bir zamanda Operativ Qərargah yaradıldı. Ölkə ərazisində isə yoluxmanın qarşısını almaq məqsədi ilə karantin rejimi elan edildi. Bununla yanaşı, Prezident İlham Əliyev dövlət büdcəsindən COVID-19 ilə mübarizə aparmaq üçün 1 milyard manat ayırdı. Bundan başqa fond yaratdı və bir illik əmək haqqını fonda keçirərək nümunə göstərdi. Bundan sonra Prezidentin çağırışına ziyalılar, şirkətlər və görkəmli adamlar səs verdilər. Azərbaycan Prezidentinin addımları bütün cəmiyyəti virusa qarşı birləşdirdi.

Azərbaycan Prezidenti bu addımları uzun illər ərzində əldə olunan inkişafa arxalanaraq atıb. Təkcə onu demək kifayətdir ki, dövlət strukturları idarəetməni və tapşırılan işi evdən həyata keçirmək imkanına malikdirlər.

Ölkəmizdə bütün şəhər və rayonların, eləcədə evlərin internetlə təmin edilməsi, elektron hökumətin formalaşdırılması, insanlarla dövlət məmurları arasında birbaşa deyil, virtual əlaqənin yaradılması bu gün evdə oturaraq idarəetmənin həyata keçirilməsinə imkan verir. Distant təhsilə keçid və dövlət müəssisələrində çalışanların əməkhaqlarının ödənilməsi şərti ilə məzuniyyətə buraxılması minlərlə adamın yoluxmasının qarşısını aldı.

Dünyanın inkişaf etmiş ölkələrində isə vəziyyətin gərgin olduğu müşahidə edilir. İtaliyada, Fransada, Almaniyada yoluxma halları gündən-günə artır. Bəs necə olur ki, inkişaf etmiş dövlətlər belə çətin duruma düşürlər. Dövlət başçılarının eqoizmi, seçkilər zamanı öhdəsindən gələ bilməyəcəklərini vəd etmələri, dünyanın qalan hissəsinə yuxarıdan aşağı baxmaları, əsl həqiqətdə isə bunların söz-söhbətdən başqa bir şey olmadığı özünü bütün çılpaqlığı ilə göstərir.

İndi bu inkişaf etmiş dövlətlər bundan sonra oturub bizə insan hüququndan, demokratiyadan, azad seçkidən dərs verəcəklər?

Bu yerdə isə ortaya belə bir sual çıxır, Avropa dövlətləri nəyə üstünlük verir - insanların sağlamlığının, yoxsa hüquqlarının qorunmasına.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

28 2020 11:01 -

Köhnə versiyamızdan xəbərləri izlə