Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Newsweek” jurnalı VII əsrdəki müalicədən yazıb

        ABŞ-ın dünyaca məşhur “Newsweek” jurnalı Məhəmməd Peyğəmbərin (s.a.s) VII əsrdə virusla mübarizə ilə bağlı söylədiklərini əks etdirən yazı dərc edib.
      Avropa.info xəbər verir ki, Rays Universitetinin sosiologiya bölməsində fəaliyyət göstərən professor Craig Considinenin qələmə aldığı yazıda, VII əsrdə Məhəmməd Peyğəmbərin (s.a.s) virusla mübarizə üçün insanlara hansı tövsiyyələr verdiyi bildirilir. Həmin yazını təqdim edirik:
    “COVID -19 virusu qlobal hal aldığından, bu pandemiya hökumətləri və xəbər mənbələrini məcbur edir ki, dünya əhalisini ən dəqiq və faydalı məsləhətlərlə təmin etsinlər. Hazırda təcrübəli səhiyyə işçilərinə, eləcə də pandemiyanın yayılmasını və təsirlərini araşdıran elmi işçilərə tələbat getdikcə yüksəlir.
    İmmunoloq Dr. Anthony Fauci və tibbi müxbir Dr. Sanjay Gupta kimi mütəxəssislər qeyd edirlər ki, gigiyena qaydalarına və karantin şəraitinin tələblərinə riayət etmək və ya yoluxucu xəstəliklərin yayılmasına mane olmaq məqsədilə özünü digərlərindən təcrid etmək COVID-19 virusunun qarşısını almağın ən səmərəli üsullarıdır.
     Pandemiya dövründə gigiyena qaydalarına və karantin şəraitinin tələblərinə riayət etməyi başqa kimin təklif etdiyini bilirsinizmi?  Bu, 1400 il əvvəl yaşamış İslam peyğəmbəri Məhəmməddir (s.a.s).
     Ölümcül xəstəliklərlə bağlı məsələlər üzrə müasir tibb təhsili görmüş ekspert olmamasına baxmayaraq, Məhəmməd (s.a.s.) Peyğəmbər COVİD-19 kimi yoluxucu virusların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üsulları ilə bağlı son dərəcə yararlı tövsiyyələr vermişdir.
   Hz. Məhəmməd (s.a.s) buyurmuşdur: “ Əgər bir yerdə yolxucu xəstəlik üz verərsə, oraya getməyin. Əgər sizin olduğunuz yerdə yolxucu xəstəlik baş qaldırarsa, oranı tərk etməyin.” O həmçinin demişdir: “Yoluxucu xəstəliyi olanlar sağlam insanlardan uzaq tutulmalıdır.” Hz. Məhəmməd (s.a.s), eyni zamanda, insanları infeksiyalardan qoruyacaq gigiyena qaydalarına onları əməl etməyə təşviq edirdi. Məhəmməd Peyğəmbərin (s.a.s) bəzi tövsiyələrinə nəzər salaq: “Təmizlik imandan bir parçadır.”  “Oyandıqdan sonra əllərinizi yuyun, çünki yatarkən onların hara toxunduğunu bilmirsiniz.” “Yeməyin bərəkəti yeməzdən əvvəl və sonra əlləri yumaqdadır.”

      Bəs hər şeyə rəğmən bir insan xəstələnərsə, onda necə? Ümmətinin ağrıdan əziyyət çəkən nümayəndələrinə Hz. Məhəmməd (s.a.s) nə məsləhət edirdi? O, insanları müalicə və dərman qəbul etməyə çağırardı: “Müalicə olunun, çünki Allah qocalıqdan başqa bütün xəstəliklərin çarəsini də yaratmışdır.”

    Güman ki, onu (s.a.s.) fərqli edən ən mühüm xüsusiyyət inancla rasional düşüncə arasında müvazinəti qoruya bilməsi idi. Son həftələrdə bəziləri bu məsələdə son dərəcə irəli gedərək təklif edirdilər ki, insanlarla məsafəni qorumaq və karantinin tələblərinə əməl etməkdənsə, dua insanı koronavirusdan daha yaxşı qoruyar. Bəs duanın əsas və hətta yeganə dərman növü kimi qəbul edilməsi fikrinə Məhəmməd Peyğəmbərin (s.a.s) münasibəti necə olardı?
     IX əsr fars əsilli islam alimi əl-Tirmizinin rəvayətinə nəzər salaq: “Bir gün Məhəmməd Peyğəmbər (s.a.s) bir bədəvinin dəvəsini bağlamadığını gördükdə ondan soruşur: “Nə üçün dəvəni bağlamadın?” Bədəvi cavab verir: “Allaha təvəkkül etdim”. Peyğəmbər s.a.s dedi: “Əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkkül et”.
    Hz. Məhəmməd (s.a.s) insanları haqqı dində axtarmağa səsləyirdi. Lakin bununla belə, cəmiyyətin sabitliyi, təhlükəsizliyi və rifahı naminə təməl ehtiyat tədbirlərini onlara öyrətməyi də unutmurdu. Başqa sözlə desək, o (s.a.s.), insanlara dini ehkamlardan əlavə sağlam düşüncəni də əsas götürməyi təlqin edirdi.
    Doktor Craig Considine, Rays Universitetinin sosiologiya bölməsində fəaliyyət göstərən alim, professor, qlobal çaplı natiq və media əməkdaşıdır. O, “Məhəmmədin Humanistliyinə Xristianca Baxış” və “Amerikada İslam: Məsələlərin Tədqiqi “ kimi bir çox əsərlərin müəllifidir.
    Bu yazıda ifadə edilən fikirlər müəllifin özünə aiddir. Yazının linkini də veririk.
https://www.newsweek.com/prophet-praye

Hazırladı:

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

28 2020 10:33 -

Köhnə versiyamızdan xəbərləri izlə