Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva: Pandemiyaya milli birlik və anlayışla qalib gələcəyik

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dünyada art;q pandemiya şəklində yayılan koronavirus, dövlətimizin bu infeksiya ilə mübarizə istiqamətində gördüyü işlər barədə danışıb və cəmiyyətimizi bu virusdan qorumaq suallarını cavablandırıb. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlamasının hər bir imkanı çatan azərbaycanlı üçün örnək olduğunu vurğulayıb. Bildirib ki, Prezidentimizin koronavirus pandemiyasına çevik reaksiyasının nəticəsidir ki, Azərbaycanda bu virusla mübarizə yüksək səviyyədədir və inkişaf etmiş bir çox ölkələrlə müqayisədə ölkəmizdə vəziyyət daha yüngüldür. Fonda bir aylıq əmək haqqını bağışlayan Q.Paşayeva imkanlı insanlarımızın, böyük şirkətlərimizin bundan sonra da bu məsələdə fəal olacağına inandığını deyib.

    Deputat vətəndaşlarımızı koronavirusla mübarizə istiqamətində hökumətin elan etdiyi qanun, qadağa və çağırışlara əməl etməyə çağırıb. Bildirib ki, ancaq bu şəkildə koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını almaqda hər birimiz rol oynaya bilərik. Çünki qadağalara riayət etmək, gigiyenik qaydalara əməl etmək, xəstəliyin müalicəsindən qat-qat asandır. Qeyd edək ki, dövlət tərəfindən vətəndaşlarımızın koronavirusa yoluxmamaları üçün bütün zəruri tədbirlər görülüb, xəstəliyin müalicəsi üçün xüsusi xəstəxanalar ayrılıb. Hətta yaşlı əhalinin sağlamlığının qorunması məqsədilə, yaşı 65-dən yuxarı olan insanlara zəruri ehtiyac olmasa, evdən çıxmamaq qadağası qoyulub. Deputat deyib:

     “Hazırda tamamilə ayrı situasiya, fərqli bir mənzərə yaranıb. Yalnız milli həmrəylik, milli birlik, qarşılıqlı anlayış göstərən və dövlətlərinin atdığı addımlara sidq ürəklə qoşulan xalqlar bu mübarizədə qalib olacaqlar. Dövlət başçımız da milli birlik, həmrəylik nümunəsi göstərir və bütün vətəndaşlarımızın bu mübarizədə Prezidentin çağırışına səs verib, həmrəy olmaları vacibdir. Koronavirusla Mübarizəyə Dəstək Fondu sanki bir həmrəylik meydanımız, milli birlik simvolumuza çevrilir. Vətəndaşlarımız operativ qərargahın təlimatlarına dəstək verməli, ona sözsüz əməl etməli, öz səhhətlərinə qarşı biganə olmamalı, imkanlı şəxslərimiz, xaricdə yaşayan iş adamlarımız isə bu Fonda pul köçürməklə kampaniyaya qoşulmalıdırlar. İnanıram ki, biz milli birliyimiz, həmrəyliyimiz və cənab Prezidentin çevik, uzaqgörən qərarları sayəsində, bu bəlanı dəf edəcəyik”.

 Komitə sədri deyib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində evdən çıxmağa qadağa qoyulmuş, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb. Bu işə könüllülər və digər bir sıra qurumlar da qoşulub.

“Unutmamalıyıq ki, dövlətimizin əsas məqsədi bu amansız bəladan az itkilərlə çıxmaqdır. Dövlət başçımıza əhalinin sağlamlığı naminə, bütün dünyanı bürüyən bu bəladan vətəndaşlarımızı qorumaq yolunda gördüyü işlərə hər kəs dəstək olmalıdır. Bu gün bu dəstək karantin rejiminə riayət etmək, həmrəylik və anlayış göstərməkdir. Qadağalarla razılaşaq ki, sağlam qalaq, həyatda qalaq”.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

27 2020 09:41 -

Köhnə versiyamızdan xəbərləri izlə