Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Evdə qalmağınız sağlam qalmağınız üçündür

       “Leyla” Klinikasının şöbə müdiri Sahib Cəfərov koronavirusun ölkəmizdə yayılmağa başladğı ilk günlərdən başlayaraq, ardıcıl olaraq xəstəliyin gedişi, fəsadları və qorunma yolları ilə bağlı fikirlərini bizimlə paylaşır. Həkimin virus bəlasından qorunma yolları və insanların izolyasiya tədbirlərinə biganəliyi ilə bağlı  verdiyi önəmli tövsiyələri də maraqlıdır. S.Cəfərov deyir:

   -- Hazırda paradoksal vəziyyət yaranıb. Əhaliyə, evdə qal,-- deyirik. Xəstəliyə yoluxmamağın ən düzgün yolu məhz izolyasiya tədbirləridir,-- deyirik.  Amma eşidən azdır. Həmçinin bir həkim olaraq, evdə xəstə uşağını mütəxəssisə göstərməyə, təcili yardım çağırmağa, sahə həkimini evə dəvət etməyə valideyinlərin ehtiyat etdiyini görüb düşünürəm: "Biz sizin üçün buradayıq. Siz də bizim üçün evdə qalın!"-- şüarı düzgündürmü?

    Telefonlarımız daim açıqdır, zəng edib məsləhətlər istəyənə köməyimizi əsirgəmirik, lakin xəstəni müayinə etmədən verilən təyinat və məsləhətlər adekvat olmaya bilər. Əksər valideynlər, hətta müayinə olunmaqdan da qaçırlar, imtina edirlər. Bu, əhalinin hamılıqla test olunması məsələsinin vacibliyini gündəmə gətirir, lakin bu gün neqativ çıxan test sabah yoluxmayacağımız anlamına gəlmir. Nə etməli? Karantin qadağalarına, gigiyenik tədbirlərə ciddi əməl etməkdən başqa doğru yol hələ ki, görünmür,ya da mən elə düşünürəm.
     Xəstələrin sayı isə artıq 100-ü keçib. Ağrılı məqam odur ki, koronavirus pandemiyasının ciddiliyini nəzərə almayan vətəndaşlarımız çoxdur. Bu da epidemiyanın ölkəmizdə sürətlə yayılmasına səbəb ola bilər, itkilərimiz çoxalar.
   Çox təssüf edirəm ki, bu günlərdə də qonaqlıq edənlər var, ciddi ehtiyac yaranmadan gəzintiyə çıxanlar var. Temperaturu olan və öskürənlərdən həkimə müraciət etməyənlər var.
      İnsanlarımız karantinə tabe olmaq istəmirlər, amma səhv edirlər. Vətəndaşlarımız bilməlidirlər ki, karantin ətrafımızdakıları qorumaq üçündür, bizi qorumaq üçündür, nəhayət, xalqımızı qorumaq üçündür. İzolyasiya tədbirləri hamıya aiddir və ona əməl edilməlidir.
    Vaxtında həkimə müraciət edilməlidir ki, hər kəsin özünü, yaxınlarını xilas etmək mümkün olsun. Sağlamlıq keşiyində dayanan, bu günlərdə əsil fədakarlıq göstərən həkimlərə dəstək lazımdır.  İnsanların həkimlərə dəstəyi gəzintilərə ara verib evdə qalaraq virusa yoluxmamaq və ətrafı yoluxdurmamaqdır!

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

27 2020 09:39 -

Köhnə versiyamızdan xəbərləri izlə