Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolqarıstanın müdafiə naziri BSU-da olub

 Bolqarıstanın müdafiə naziri BSU-da olub

Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub. Universitetin tələbələri qonaqları foyedə bolqar dilində salamladıqdan sonra Azərbaycanın və Bolqarıstanın milli rəqslərini təqdim ediblər. 
 Nümayəndə heyətini qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, Prezident ­İlham Əliyevin Bolqarıstanla əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva bu gün dünya üçün ən vacib məsələ Yer üzündə sülhün qorunub saxlanması olduğunu dilə gətirib. Rektor qeyd edib ki, məhz sülh və əmin-amanlığın nəticəsidir ki, ölkələrimizdə gənclər yüksək səviyyədə təhsil ala bilirlər.
 O, Azərbaycanla Bolqarıstanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, bu gün BSU-da 64 nəfər gənc bolqar dilini, onun tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənir, eyni zamanda, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir. 
 Rektor ötən il Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo və Bolqarıstanın Milli və Dünya Təsərrüfatı universitetlərində olduqlarını və həmin ali məktəblərdən xoş təəssüratla ayrıldıqlarını diqqətə çatdırıb. O, bu dostluq və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
 Bolqarıstanlı qonaq öz növbəsində səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, Bolqarıstan dövlət rəhbərliyinin ölkələrimiz arasında dostluq və qardaşlığın genişlənməsi istiqamətində səylərindən danışıb. Nazir BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını da qeyd edib. 
 Qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində olublar. Burada Azərbaycanla Bolqarıstan arasında dostluq əlaqələrini əks etdirən eksponat və şəkillərlə tanış olublar. 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

27 2018 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin