Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün düşünülmüş siyasət, sabitlik nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından aparıcı yerlərdədir

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs edərək, bildirib ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit  bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin olunur. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulub, bu ilin yanvar ayında isə  bərpaolunan enerji növlərinin yaradılmasına yönələn 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanıb. 

Azərbaycan iqtisadiyyatı qlobal şokların təsirinə baxmayaraq,  hazırda yeni inkişaf mərhələsini yaşayır. Cari ilin yanvar-fevral aylarının iqtisadi göstəriciləri də bu reallığı əyani şəkildə əks etdirir. Belə ki, bu dövrdə ölkə iqtisadiyyatı 3 faizə qədər, onun qeyri-neft sektoru isə 7 faizə qədər artıb. Sonuncu göstərici Prezident İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq,  iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın tam optimallaşdırılması sayəsində əldə edilib.  
Dövlət Statistika Komitəsinin məlumatında diqqət çəkən digər rəqəmlər də uğurla gerçəkləşdirilən strategiyanın məntiqi nəticəsidir: cari ilin 2 ayı ərzində ölkə üzrə 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artıb. Bu dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 965,2 milyon manat vəsait yönəldilib. Sərf olunan vəsaitin 58,7 faizini tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Əsas kapitala yönəldilən vəsaitin 58,3 faizi daxili mənbələr olub.  
Azərbaycanda sosial proqramların icrası da diqqət mərkəzində saxlanılır. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələrin reallaşdırılması uğurla davam etdirilir. Bu il üçün dövlət büdcəsinin sosialyönümlü xərclərinin 2019-cu illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çox, yəni 10,4 milyard manat həddində proqnozlaşdırılması da bunun bariz ifadəsidir. 
Azərbaycanda sosial siyasətin davamlı xarakter daşımasından danışarkən, bir məqamı xatırlatmaq istərdik. Prezident İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı mərasimində bildirib ki, Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xəttindən milyonlarla insan istifadə edəcək. Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilib: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır”.
Ümumiyyətlə, son 16 il ərzində ölkəmizdə bütün sosial-iqtisadi proqramlar uğurla həyata keçirib. Bunun sayəsində Azərbaycanın siması kökündən dəyişib. Hazırda, hətta ən ucqar bölgələr belə sosial-iqtisadi və mədəni inkişaf səviyyəsinə görə paytaxt Bakıdan heç də geri qalmır.  
Respublikamızda artıq şaxələndirilən iqtisadi sistem qurulub. Bu sahədə ciddi nailiyyətlər qazanılıb, müasir texnologiyalarla təchiz olunan onlarca yeni sənaye müəssisəsi işə salınıb.  “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib. İnnovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aqrar sahədə aparıcı istiqamətə çevrilib. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artıb.  
Bütün bunların nəticəsidir ki, Azərbaycanın hazırda dövlət büdcəsinin gəlirlərinin 56,6 faizi qeyri-neft sektorunun payına düşür. Başqa sözlə, Azərbaycan iqtisadiyyatının yarıdan çox hissəsi artıq neftdən asılı deyil. Yuxarıda vurğuladığımız kimi, cari ilin iki ayının göstəricilərinə əsasən, iqtisadiyyatın qeyri-neft sektorunda 7 faizə qədər artım qeydə alınması da bunun bariz ifadəsidir. Bu, həm də büdcənin ən azı qeyri-neft sektorundan gələn qismində azalma olmayacağından xəbər verir. 
Prezident İlham Əliyev martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolu barədə ətraflı danışarkən, son illərdə gerçəkləşdirilən iqtisadi islahatların uğurlu nəticələrinə də toxunub, təkcə şəffaflıq hesabına keçən il  büdcəyə proqnozdan 1 milyard manat çox vəsait daxil edildiyini,  və bu prosesin hazırda da uğurla icra olunduğunu diqqətə çatdırıb: “Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar, məhz şəffaflığa görə, məhz kölgə iqtisadiyyatına qarşı mübarizəyə görə. Kölgə iqtisadiyyatına qarşı mübarizə öz nəticəsini verməkdədir və getdikcə kölgə iqtisadiyyatının əhatə dairəsi daralacaq. Əlbəttə, bunu bir gündə etmək mümkün deyil, bu, bir prosesdir, amma indi bütün hökumət qurumları səfərbər edilib və bu işdə fəaldırlar”. 
Dövlətimizin başçısı nitqində cari ilin ilk iki ayı ərzində çox müsbət iqtisadi göstəricilər əldə edildiyini və bunun  son illərdə qeyri-neft sektorunun inkişafına göstərilən qayğıdan qaynaqlandığını bildirib. Azərbaycan Prezidenti ölkənin qeyri-neft sənayesindəki belə yüksəlişin neft sektorunda nəzərə çarpmadığını, əksinə, hasilatın düşdüyünü, qiymətlərin də artıq   tamamilə çökdüyünü vurğulayaraq, bu fonda əhalinin gəlirlərini iki ayda 9 faiz artdığını, inflyasiyanın isə cəmi 2,8 faiz təşkil etdiyini vurğulayıb. Prezident İlham Əliyev daha sonra deyib: “Bu tendensiya əminəm ki, gedəcək. Düzdür, indi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq...”.
Burada bir məqamı da vurğulamaq yerinə düşərdi. Əhalinin həyat şəraitinin davamlı olaraq yaxşılaşdırılması Prezident İlham Əliyevin yeritdiyi sosial siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Məhz elə bunun nəticəsidir ki, ötən il təqdim edilən iki sosial paket nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250, minimum pensiya isə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb. Sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. Dövlət sektorunda işləyənlərin əməkhaqları 50 faizədək, məcburi köçkünlərin müavinətləri 50 faiz, o cümlədən tələbələrin təqaüdləri artırılıb, 800 min insanın problemli kredit narahatlığına son qoyulub.  2019-cu il ərzində iki sosial paketin əhatə dairəsi 4,2 milyon nəfər, illik maliyyə yükü isə 3 milyard manatdan çox olub.  
Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbulu zamanı ölkəmizdə həyata keçirilən sosial islahatlar barədə ətraflı bəhs edərkən, vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönələn  genişmiqyaslı tədbirlərin cari ildə də davam etdirildiyini vurğulayıb. Həmçinin bildirib ki, keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılıb, çox böyük sosial paket gerçəkləşdirilib: “Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir”.
Ölkədə sosial rifahın getdikcə yaxşılaşdırılması, sabitlik və əmin-amanlığın təmin edilməsi xalq-iqtidar birliyini möhkəmləndirib. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan ölkə rəhbəri daim xalq ilə təmasda olub, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyib və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.
Azərbaycan Prezidentinin bu yaxınlarda Qərb bölgəsinə səfəri zamanı yuxarıda qeyd edilənlərin bir daha şahidi olduq. Belə ki, dövlətimizin başçısı Tovuzda “ASAN Həyat” kompleksinin açılışı mərasimində gənclərlə gürüşündə bildirdi ki,   Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki, ölkəmizin böyük sərvətidir və bunu biz özümüz qazanmışıq, heç kim bizə kömək etməyib: “Mən istəyirəm ki, gənclər bunu bilsinlər. Nəyi əldə etmişiksə, öz gücümüz, cəsarətimiz, istedadımız hesabına əldə etmişik. Bizim elə günümüz var idi ki, pulumuz yox idi. O vaxt – 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisi 8 milyon idi, bunlardan 1 milyonu qaçqın, köçkün. Pul yox, iqtisadiyyat dağılmış, sənaye iflic vəziyyətdə. Çadır şəhərcikləri, köçkünlər vaqonların içində, vaqonların altında yaşayırdılar. Bütün bunları biz yaşamışıq. Amma görün, bu gün düşünülmüş siyasət, sabitlik nəticəsində Azərbaycan dünya miqyasında inkişaf  baxımından aparıcı yerlərdədir. Sabitlik, əmin-amanlıq, cəmiyyətdəki müsbət ovqat – bütün bunlar Azərbaycan reallıqlarıdır”.
Bir sözlə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili– Azərbaycan vətəndaşı dayanır. Sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar da dövlət başçımız tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.
Göründüyü kimi, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, ölkəmizin maliyyə imkanları genişlənir, sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsi uğurla davam etdirilir. Cənab Prezidentin vurğuladığı kimi, respublika iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi, həm də onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”  

 

19 Mart 2020 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə