Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№  98    Bakı şəhəri, 17 mart 2020-ci il


“İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi.Qaydası”nın təsdiq edilməsi haqqında
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respub-likasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.5-ci bəndində göstərilən bölgünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla on gün müddətində təsdiq etsin.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 17 mart

tarixli 98 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi

 

Q A Y D A S I

 

1.  Ümumi müddəalar

 

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respub-likası Qanununun (bundan sonra – Qanun) 16-4.2-ci maddəsinə əsasən hazırlanmışdır və 2020-ci ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Qanunun 15-10.1.1-ci maddəsi ilə müəyyən edilmiş icbari tibbi sığorta haqqının (bundan sonra – sığorta haqqı) mərhələli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla müəyyən olunmuş mənaları ifadə edir.

  

  1. Sığorta haqqının ödənilməsi qaydası

 

2.1. Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir. 

2.2. Sığorta haqqının ümumi məbləği bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sığorta haqlarının ölkənin inzibati ərazi vahidləri üzrə əhalinin (həmin inzibati ərazi vahidlərində yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) sayına hasili qaydasında hesablanır.

2.3. İnzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər rübün 2-ci ayının 15-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunur. İnzibati ərazi vahidlərində olduğu yer üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Agentliyin elektron informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilir.

2.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sığorta haqqı hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilir.

2.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 2.4-cü bəndində ödənilməsi nəzərdə tutulan sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edir.

2.6. Bu Qaydanın 2.3-cü bəndində göstərilən qaydada təqdim edilən məlumatlara əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq,  il ərzində əhalinin sayındakı artım və ya azalmalar nəzərə alınmaqla, həmin bölgüdə müvafiq dəyişikliklər edilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə