Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan riyakarlığını BMT Baş Assambleyasının kürsüsündə də büruzə verdi

Nikol Paşinyan riyakarlığını BMT Baş Assambleyasının kürsüsündə də büruzə verdi

Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra mənasız müharibədən təngə gəlmiş yerli əhali və beynəlxalq ictimaiyyət uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanamasında dönüş yaradılacağına ümid edirdi. Hakimiyyəti ələ keçirmək ərəfəsində küçə və meydanlarda sülhdən, demokratiyadan, haqq-ədalətdən ağızdolusu danışan, Ermənistanın xarici siyasətində, iqtisadi inkişafında dönüş yaradacağına vəd verən Nikol Paşinyan baş nazir seçildikdən sonra dərhal küçə təfəkkürünü ortaya qoydu. Ayrı yolu da yox idi. Çünki dövlət idarəçiliyindən bixəbər, siyasi dünyagörüşü olmayan, necə deyərlər, ömründə nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə qatılmayan, tanınmış ictimai-siyasi xadimlərlə polemika aparmayan bir adamın etdikləri bundan artıq olmamalı idi. 
Paşinyan baş nazir seçildikdən sonra Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi, demək olar ki, dayanıb. Artıq həm yerli, həm də beynəlxalq aləmdə tanınmış ekspertlər də etiraf edirlər ki, danışıqlar prosesinin pozulmasında və münaqişənin tənzimlənməsində ləngliyin yaradılmasına birbaşa Ermənistanın yeni baş naziri Nikol Paşinyanın pozucu, aqressiv və qeyri-müəyyən bəyanatlarının və hərəkətlərinin təsiri danılmazdır. Onun bir-birinə zidd və qeyri-ciddi fikirləri, riyakarlığı, bu gün bir, sabah isə başqa formada verdiyi bəyanatlar, tez-tez Qarabağda peyda olması vəziyyəti daha da gərginləşdirib. 
Gah özünü sülhsevər kimi göstərən, gah da müharibə çağırışları edən, sonra da həyat yoldaşını öyrədib Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısının alınması üçün Ermənistan və Azərbaycan qadınlarının səylərinin birləşdirilməsi ilə bağlı müraciət etdirməsi, əslində, Paşinyanın riyakarlığının göstəricisidir. Xatırladaq ki, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Avrasiya Qadın Forumunda Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısının alınması üçün iki ölkə qadınlarının səylərinin birləşdirilməsi ilə bağlı çıxış etmişdi. 
İndi sual yaranır: üzdə özlərini sülh tərəfdarı kimi göstərən ər-arvadın övladlarını işğal altında olan Azərbaycan ərazilərinə hərbi xidmətə göndərməsinə nə ad vermək olar? Bu o deməkdir ki, Ermənistanın baş naziri və onun arvadı işğalçılıq siyasətini açıq şəkildə nümayiş etdirirlər.
 Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı ilə bir daha təsdiqlədi ki, o, işğalçılıq siyasətindən əl çəkmir, münaqişənin nizamlanmasında maraqlı deyil. Onun nüfuzlu beynəlxalq təşklatın kürsüsündən populizm və aqressiya üzərində köklənmiş çıxışı küçə təfəkkürlü ölkə rəhbərinin münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olmadığını bir daha təsdiqlədi. Əslində, Paşinyan utanıb-qızarmadan, əsl quldur erməni simasını ortaya qoyaraq, bu çıxışı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesini pozduğunu açıq şəkildə bəyan etdi.
Fikir verin, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir məqamda Paşinyan bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyib. Əlavə edib ki, qondrma “DQR”in statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq. Belə siyasi təfəkkürə malik bir adamın beynəlxalq təşkilatların yüksək tribunalarından çıxışına şərait yaradılmasının özü beynəlxalq hüquqa hörmətsizlikdir.
Sülh danışıqlarına ciddi zərbə vuran bəyanat səsləndirən Paşinyan digər tərəfdən deyib ki, münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir. Bu fikirləri səsləndirməklə özünü insan hüquqlarının müdafiəçisi kimi göstərmək istəyib. Ancaq Paşinyan bir milyondan artıq azərbaycanlının doğma ev – eşiklərindən didərgin salındığını sanki unudur, guya, Dağlıq Darabağ və ona bitişik 7 rayonun 25 ildir ki, işğal altında saxlanıldığından bixəbərdir. Bax budur riyakarlıq və həyasızlıq! Ardınca “Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır” – deməsinə isə baş nazirin təlxəkliyindən başqa ad vermək mümkün deyil.
Münaqişənin müharibə yolu ilə deyil, sülh, qarşılıqlı kompromis yolu ilə həll edilməli olduğunu vurğulayan Paşinyanın Azərbaycanın Qarabağdakı separatçı rejimlə dialoqa başlamalı olduğuna dair sərsəm fikir səsləndirməsi riyakarlığın nəticəsidir. Belə bir adamın dövlətə rəhbərlik etməsi həmin ölkənin gələcəkdə hansı vəziyyətə düşəcəyini bəri başdan xəbər verir. Əslində, elə Ermənistan kimi ölkənin rəhbəri Paşinyan kimi riyakarın biri olmalıdır. 
BMT Baş Assambleyasının 73-cü sessiyasında sülhdən, insan haqlarından dəm vuran Paşinyan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlərin keçirildiyini də unudub. Bununla bağlı Azərbaycan XİN də bəyanat yayıb. Görünür, bu bəyanat da Paşinyanın yaddaşında qalmayıb. Xatırladaq ki, bəyanatda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində sentyabrın 25-28-də hərbi aviasiyanın iştirakı ilə təlimlər keçiriləcəyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça biləcəyi bildirilir. Bəyanatda qeyd edildiyi kimi, işğalçı Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə, münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirməkdən başqa bir şey deyil. Bütün bunlar deməyə əsas verir ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
Rusiyada özünü rusiyapərəst, Nyu-Yorkda qərbpərəst, xarici diaspor yanında demokrat, beynəlxalq təşkilatlarda sülhsevər kimi göstərən baş nazirin “Əgər kimsə ermənilərin yeni soyqırımını arzulamırsa, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasına yol verməməlidir” – fikrini səsləndirməsi onun müharibə çağırışının bariz nümunəsidir. Təəssüf ki, Nikol Paşinyan belə bir həyasız bəyanatı BMT Baş Assambleyasının 73-cü sessiyasında səsləndirib. O, qondarma “respublika”nın “təhlükəsizliyinin” Ermənistanın prioritet məsələsi olduğunu açıqlayıb. Erməni baş nazirin Azərbaycanın Dağlıq Qarabağın oyuncaq rejimi ilə dialoqa başlamalı olduğu barədə əvvəl söylədiklərini yenidən gündəmə gətirməsi onun aqressiyasından, münaqişənin daha da alovlanmasının tərəfdarı olmasından xəbər verir. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn, ilk gündən diktatura rejiminə üstünlük verən bir adamın sülh tərəfdarı olması şübhə doğurur. Onun sərsəm bəyanatları, riyakar açıqlamaları, yarıtmaz fəaliyyəti bu şübhəni artıq reallığa çevirib.
Ermənistanın baş naziri BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında ölkənin inkişafı, xarici siyasətdəki rolu, qonşu dövlətlərlə sülh şəraitində yaşamaqla bağlı heç bir fakt səsləndirməyib. Çünki ortada belə bir fakt yoxdu. Ona görə də diqqəti başqa istiqamətə yönəltmək üçün sərsəm fikirlər səsləndirib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

27 2018 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə