Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№  95    Bakı şəhəri, 17 mart 2020-ci il


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində  “Əmək  Bazarı  və  Sosial  Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılsın.
2. “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).
3. “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).
4. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin say həddi 70 ştat vahidi müəyyən edilsin.
5. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılır. 
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etsin.
7. Bu Qərarın 2-ci və 5-ci hissələrinə dair dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 17 mart

tarixli 95 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

                1 nömrəli əlavə

 

 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə

Milli Observatoriyanın

 

NİZAMNAMƏSİ

 

  1.  Ümumi müddəalar

 

1.1. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya (bundan sonra – Observatoriya) əmək bazarı və sosial müdafiə sahələrində (bundan sonra – müvafiq sahə) mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan publik hüquqi şəxsdir.

1.2. Observatoriya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Observatoriya öz fəaliyyətində Azərbaycan Respublika-sının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Observatoriya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Observatoriya ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Observatoriya bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Observatoriya müstəqil balansa, əmlaka, xəzinə və bank hesablarına, loqotipə (emblemə), üzərində Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.7. Qanuna uyğun olaraq, Observatoriyanın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Observatoriya məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Observatoriya Bakı şəhərində yerləşir.

 

2. Observatoriyanın fəaliyyət istiqamətləri

 

2.1. Observatoriyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə həyata keçirilən tədbirlərin və sosial proqramların cari və perspektiv vəziyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi, inkişaf meyillərinin öyrənilməsi, bu məqsədlərlə monitorinq və sorğuların təşkili;

2.1.2. müvafiq sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozların hazırlanması;

2.1.3. müvafiq sahənin inkişafı məqsədilə qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanması.

           

3. Observatoriyanın vəzifələri və hüquqları

 

3.1. Observatoriyanın bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri vardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək, əmək bazarında strateji məşğulluq sahələrini, onların gələcək inkişaf meyillərini müəyyən etmək;

3.1.3. iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin və keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraiti təhlil etmək, cari və perspektiv proqnozlar hazırlamaq;

3.1.4. iqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirmək, əmək bazarında bütövlükdə, eləcə də əmək bazarının müxtəlif seqmentlərində  tələb və təklif arasında uyğunsuzluğun növünün və səviyyəsinin müəyyən edilməsi və aradan qaldırılması məqsədilə monitorinqlər və sorğular aparmaq, onların nəticəsindən asılı olaraq təkliflər hazırlamaq;

3.1.5. əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın qısamüddətli, ortamüddətli və üzunmüddətli proqnozlarını hazırlamaq;

3.1.6. təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini mütəmadi olaraq təhlil etmək, bu sahədə təkmilləşdirmələrin aparılması üçün müvafiq təkliflər vermək;

3.1.7. qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymət-ləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə sorğular aparmaq, bu sahələrdə təkmilləşdirmələrin aparılması üçün təkliflər hazırlamaq;

3.1.8. əhali sakinliyi və demoqrafiya sahəsində mövcud vəziyyətin qiymətləndirilməsini həyata keçirmək, bu sahədə monitorinq və sorğular aparmaq, proqnozlar və səmərəli qərarların qəbul edilməsi üçün təkliflər hazırlamaq;

3.1.9. aidiyyəti dövlət orqanları ilə birlikdə əhalinin həyat səviyyəsi, dövlət tərəfindən təsdiq edilən minimum sosial  normalarla bağlı təhlillər aparmaq, inkişaf perspektivlərini müəyyən etmək, bu sahələrdə monitorinqlər və sorğular aparmaq, səmərəli qərarların qəbul edilməsi üçün təkliflər hazırlamaq;

3.1.10. əhalinin sosial müdafiəsi sahəsində, o cümlədən əmək pensiyaları, sosial müavinət, ünvanlı dövlət sosial yardımı və digər sosial ödənişlər, əlilliyi olan şəxslərin reabilitasiyası, sosial xidmət sahələrində, habelə sosial proqramların icrası ilə bağlı təhlillər aparmaq, perspektiv inkişaf meyillərini müəyyən etmək, bu sahələrdə monitorinqlər və sorğular aparmaq, proqnozların və səmərəli qərarların qəbul edilməsi üçün təkliflər hazırlamaq;

3.1.11. Observatoriyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

3.1.12. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Observatoriyanın əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.14. Observatoriyaya ayrılan vəsaitdən, kreditdən, qrantdan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.15. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.16. Observatoriyanın informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.17. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.18. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.19. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Observatoriyanın aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, simpoziumlar və digər tədbirlər təşkil etmək, Azərbaycan Respublikasında və xaricdə keçirilən bu cür tədbirlərdə iştirak etmək;

3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.10. müvafiq sahədə fəaliyyət istiqamətləri üzrə hüquqi və fiziki şəxslərə verilmiş sifarişlərin yerinə yetirilməsi üzrə müqavilə əsasında xidmətlər göstərmək, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.11. vətəndaşların onlara göstərilən sosial xidmətlərdən məmnunluq səviyyəsini qiymətləndirmək;

3.2.12. müvafiq sahə ilə bağlı yerli və beynəlxalq səviyyəli layihələri həyata keçirmək;

3.2.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya olunmaq, avtomatlaşdırılmış məlumat-axtarış sistemlərindən istifadə etmək;

3.2.14. əmək bazarında peşə, ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyəti məlumatlandırmaq, aktual problemlərin şərhini vermək;

3.2.15. aparılmış təhlil və monitorinqlərin nəticələrini yaymaq, tədqiqat və analitik işlərin nəticələrinin elektron, jurnal, kitab, elmi məqalələr və məruzələr şəklində nəşri üçün tədbirlər görmək;

3.2.16. dövlət sifarişi ilə, habelə beynəlxalq və yerli donor təşkilatlarının maliyyələşdirdiyi layihələr çərçivəsində analitik tədqiqat, təhlil və elmi araşdırma işlərini yerinə yetirmək.

 

4. Observatoriyanın idarə olunması

 

4.1. Observatoriya öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə üsüllarını tətbiq edir.

4.2. Observatoriyanın idarəetmə orqanı İdarə Heyətidir.

4.3. İdarə Heyəti Observatoriyanın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. İdarə Heyətinin tərkibi 3 (üç) nəfərdən – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Observatoriyanın maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Observatoriyanın maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.3. Observatoriyanın inkişaf istiqamətlərini, strateji məqsədini və planlarını müəyyən etmək;

4.5.4. Observatoriyanın fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.5.5. Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Observatoriyanın idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.6. Observatoriyanın fəaliyyətinə dair daxili qaydaları         (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.7. Observatoriyanın fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.8. Observatoriyanın kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.9. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək və bu barədə Nazirliyə məlumat vermək;

4.5.10. Observatoriyanın daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.11. Nazirliyin razılığı ilə Observatoriyanın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Observatoriyanın aktivlərinin           5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.12. bu Nizamnamənin 3.1.14-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.13. Observatoriyanın strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.14. aidiyyəti şəxslə dəyəri Observatoriyanın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.15. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.16. Observatoriyanın Aparatının, idarə, filial və nümayən-dəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin əməkhaqqı fondunun və işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.17. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyətinin üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.7. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.8. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla  qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Observatoriyanın cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.11.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Observatoriyanın Aparatının onun idarə, filial və nümayəndəliklərinin və tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.11.3. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.11.4. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.11.5. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.11.6. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.11.7. Observatoriyanın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.11.8. Observatoriyanın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.11.9. Observatoriyanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.11.10. Observatoriyanın işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.11.11. Observatoriyanın, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.11.12. Observatoriyanın əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.11.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Observatoriyanın adından əməliyyatlar aparır, müqavi-lələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.11.14. Observatoriyanın fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.11.15. Observatoriyanın fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.11.16. Observatoriyanın kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.11.17. Observatoriyada müraciətlərə baxılmanı və vətən-daşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxılması barədə təkliflər verirlər;

4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlər ilə tanış olurlar;

4.12.6. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Observatoriyanın nizamnamə fondu,

əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

5.1. Observatoriyanın nizamnamə fondunun məbləği         1000 000 (bir milyon) manatdır.

5.2. Observatoriyanın əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, işsizlikdən sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Observatoriya öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Observatoriya balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Observatoriya qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Observatoriyanın, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Observatoriyanın məhsullarının (malların, işlərin, xidmət-lərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

 

6. Observatoriyanın fəaliyyətinə nəzarətin

forması və əhatə dairəsi

 

6.1. Observatoriyanın fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Obseravtoriyanın fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

 

7. Observatoriyada uçot və hesabat

 

7.1. Observatoriya “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Observatoriya “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatlar tərtib və təqdim edir.

7.3. Observatoriya idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Observatoriya öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. Observatoriynın yenidən təşkili və ləğvi

 

  8.1. Observatoriyanın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

 

 

_____________________

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 17 mart

tarixli 95 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

                2 nömrəli əlavə

 

 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə

Milli Observatoriyanın

 

STRUKTURU

 

 

  1.  “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın Aparatı.
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə