Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№  94    Bakı şəhəri, 17 mart 2020-ci il


“Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının  2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinin icrasını təmin    etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 17 mart

tarixli 94 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması

 

QAYDASI

 

  1.  Ümumi müddəalar

 

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respub-likası Qanununun (bundan sonra – Qanun) 15-26.4-cü maddəsinə əsasən hazırlanmışdır və Qanunun 15-19-cu maddəsinə əsasən bağlanılmış müqavilənin (bundan sonra – müqavilə) şərtlərinə uyğun olaraq, göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır.

1.3. Tibbi-iqtisadi ekspertiza elektron və ya kağız daşıyıcılar vasitəsilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır.

 

2. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının

aparılması metodları

 

  2.1. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması metodları aşağıdakılardır:

2.1.1. göstərilmiş tibbi xidmətlərin zəruriliyinin yoxlanılması;

2.1.2. tibbi xidmətlərin vaxtında göstərilməsinin müəyyən edilməsi;

2.1.3. profilaktika, diaqnostika, müalicə və reabilitasiya metod-larının düzgün seçilməsi, keyfiyyət standartları, tibbi xidmətlərin göstərilməsi ardıcıllığı və kliniki protokollara uyğunluğunun yoxlanılması;

2.1.4. tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən pozun-tuların aşkar edilməsi.

3. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının

aparılması növləri və şərtləri

 

3.1. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətin hər bir mərhələsini əhatə etməklə, aşağıdakı növlər üzrə həyata keçirilir:

  3.1.1. tibbi xidmətin planlı keyfiyyət ekspertizası;

  3.1.2. tibbi xidmətin məqsədli keyfiyyət ekspertizası.

3.2. Tibbi xidmətin planlı keyfiyyət ekspertizası göstərilmiş bütün laborator-instrumental, diaqnostik müayinə və müalicə prosedurlarını əhatə edir və Agentlik tərəfindən təsdiq edilən plan üzrə hər il aparılır.

3.3. Tibbi xidmətin məqsədli keyfiyyət ekspertizası aşağıdakı hallarda aparılır:

3.3.1. müalicə ölümlə nəticələndikdə;

3.3.2. tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında bu və ya digər xəstəliklər üzrə təqvim ilinin hər rübündə ötən rüblə müqayisədə ağırlaşma halları 10% artıqda;

3.3.3. tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında təqvim ilinin hər rübündə ötən rüblə müqayisədə cərrahi əməliyyatdan sonrakı fəsad halları 10% artıqda;

3.3.4. müalicə müddəti qısaldıqda və ya uzadıldıqda (əsaslılığının təyini məqsədilə);

3.3.5. tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında xəstə-xanadaxili infeksiya səbəbli ağırlaşma halları təqvim ilinin hər rübü üzrə ötən rüblə müqayisədə 10% artıqda;

3.3.6. təqvim ilinin hər rübü üzrə ötən rüblə müqayisədə əmək qabiliyyətinin müvəqqəti və (və ya) daimi itirilməsi hallarının sayının artması müşahidə olunduqda;

3.3.7. eyni xəstəlik hadisəsi üzrə bir ay müddətində təkrar müraciətlər olduqda;

3.3.8. təkrarlanan səhvlər, yaxud müalicə-diaqnostika prosesinin kliniki protokollara uyğun olmadığı müşahidə edildikdə;

3.3.9. tibbi xidmətin keyfiyyəti ilə bağlı sığortaolunanın şikayəti əsasında.

3.4. Tibbi xidmətin keyfiyyətinin ekspertizası yalnız yoxlanılan sahə üzrə bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulmuş tələblərə cavab verən müstəqil ekspertlər tərəfindən aparılır. Müstəqil ekspertlərin xidmətlərinin satınalınması Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqavilə əsasında həyata keçirilir.

3.5. Tibbi xidmətin keyfiyyət ekspertizasının nəticələri əsasında tibbi xidmətlərin sübutlu təbabət prinsiplərinə əsaslan-madığı, tibbi xidmətlərin vaxtında göstərilmədiyi, profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilmədiyi və kliniki protokollara uyğun olmadığı aşkarlandıqda, habelə tibbi xidmətin göstərilməsi zamanı pozuntulara yol verildikdə, Agentlik tərəfindən aşağıdakı tədbirlərin görülməsi təmin edilir:

3.5.1. sığorta ödənişinin verilməsindən imtina və ya verilmiş sığorta ödənişinin geri qaytarılması, habelə sığorta ödənişinin həmin tibbi xidmətlərin düzgün göstərildiyi hissəsi nisbətində qismən verilməsi və ya verilmiş sığorta ödənişinin qismən geri qaytarılması;

3.5.2. tibbi-iqtisadi ekspertizanın həcminin müvafiq tibb müəssisəsinə münasibətdə 1 (bir) ildən çox olmayan müddətdə      2 dəfə artırılması.

3.6. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibb müəssisələri tərəfindən son 1 (bir) il ərzində göstərilmiş tibbi xidmətlər arasından təsadüfi seçmə üsulu ilə aşağıdakı həcmlərdə aparılır:

3.6.1. stasionar tibbi xidmət üzrə - bütün stasionar tibbi xidmətlərin 5%-dən az olmayaraq;

3.6.2. gündüz stasionarında tibbi xidmət üzrə - gündüz stasionarında göstərilən bütün tibbi xidmətlərin 2%-dən az olmayaraq;

3.6.3. ambulator tibbi xidmət üzrə - bütün ambulator tibbi xidmətlərin 0,5%-dən az olmayaraq.

 

4. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının

 nəticələrinin rəsmiləşdirilməsi

 

4.1. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının nəticələri Agentliyin müstəqil ekspertləri tərəfindən bu Qaydanın əlavəsinə uyğun olaraq tərtib olunan tibbi xidmətin keyfiyyətinin ekspertizasının aktı ilə rəsmiləşdirilir.

4.2. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aktı 2 (iki) nüsxədə tərtib olunur. Aktın bir nüsxəsi tibb müəssisəsində, digər nüsxəsi isə Agentlikdə saxlanılır.

 

 

 

5. Tibbi xidmətin keyfiyyətinin ekspertizasını

aparan ekspertlərə dair tələblər

 

  5.1. Tibbi xidmətin keyfiyyətinin ekspertizasını aparan müstəqil ekspertlərə dair aşağıdakı tələblər müəyyən edilir:

5.1.1. ali tibb təhsili;

5.1.2. müvafiq ixtisas sahəsində praktiki tibbi fəaliyyət üzrə azı 10 (on) il iş təcrübəsi (sertifikatlaşdırma dövrləri nəzərə alınır).

 

6. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının

nəticələrinin mübahisələndirilməsi qaydası

 

6.1. Tibb müəssisəsi tibbi xidmətin keyfiyyətinin eksperti-zasının nəticələri ilə tam və ya qismən razı olmadıqda, Agentliyə şikayət ərizəsi ilə müraciət edərək nəticələri mübahisələndirə bilər. Şikayət ərizəsi ekspertizanın nəticələri barədə akt tibb müəssisəsinə təqdim edildikdən sonra 15 (on beş) təqvim günü müddətində Agentliyə verilir. 

6.2. Şikayət ərizəsinə aşağıdakılar əlavə edilir:

6.2.1. şikayətin əsaslandırılması;

6.2.2. sığorta hadisəsinə (hadisələrinə) dair aidiyyəti daxili qeydiyyat sənədlərinin surətləri;

6.2.3. sığorta hadisəsi (hadisələri) ilə bağlı tibb müəssisəsi tərəfindən aparılmış daxili araşdırma nəticələrinə dair hesabat.

6.3. Şikayət ərizəsi Agentliyə daxil olduqda, bu ərizəyə baxılma tarixi ərizə daxil olduğu gündən etibarən 30 (otuz) iş günü müddətində sığorta hadisəsi (hadisələri) üzrə təkrar ekspertiza təyin edilməklə həyata keçirilir.

6.4. Tibb müəssisəsi təkrar ekspertizanın nəticələri ilə razı olmadığı təqdirdə, məhkəməyə müraciət edə bilər.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə