Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

“Amerikanın səsi”nin yaydığı məlumata görə bu bəyanatla hərbi alyansın baş katibi Yens Stoltenberq çıxış edib. O, NATO-nun Moskvanın hərbi fəaliyyətini aktivləşdirməsinə cavab tədbirləri görməsinə baxmayaraq, Rusiya ilə daha konstruktiv münasibətlərin tərəfdarı olduğunu deyib.
NATO baş katibinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı tərəflərin öz mövqelərindən çəkiləcəklərinə işarə edilməsə də, Stoltenberqin açıqlaması məsələyə balanslı yanaşma istəyi kimi dəyərləndirilir.
NATO-nun baş katibi ilə Rusiya xarici işlər naziri arasında görüşlər sıradan xarakter daşımır. Belə ki, Rusiya və alyans arasında gərginlik ­2014-cü ildə Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra artıb.
Görüşdən əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasında iştirak edən Stoltenberq “Associated Press” agentliyinə müsahibəsində Rusiyanın Ukrayna və Gürcüstana hərbi müdaxiləsi, Suriyada Bəşər Əsəd rejiminə dəstəyi və Aralıq dənizinin şərqində Rusiya hərbi qüvvələrinin mövcudluğunun artırılması ilə bağlı narahatlığını bildirib.
“Ciddi fikir ayrılıqlarının olduğu, gərginliyin artdığı və bizim sərhədlərimiz yaxınlığında hərbi mövcudluğun gücləndiyi bir vaxtda dialoqun əhəmiyyəti daha da vacibdir”, - deyə Stoltenberq bildirib.
Qeyd edək ki, rəsmi Moskva Sovet İttifaqının dağılmasından sonra NATO-nun genişlənməsindən son dərəcə narazıdır və alyansın Şərqi Avropada aktivliyini Rusiyanın coğrafi perimetrində əsassız müdaxilə hesab edir.
Stoltenberqin bildirdiyinə görə, Ukrayna münaqişəsi kimi problemlər həll edilməyənə qədər NATO və Rusiya arasında kommunikasiyanın yaxşılaşdırılması gərginliyin azaldılmasına xidmət edə bilər.

Aida AYSA, “Xalq qəzeti”

27 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə