Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün DÖVLƏT PROQRAMI

 

 

  1. Giriş

 

Son illərdə iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala tələbatını ödəmək məqsədilə geoloji axtarış və geoloji kəşfiyyat işlərinin miqyası genişlənmişdir. Eyni zamanda, qara və əlvan (o cümlədən nəcib) metal filizlərindən istifadəyə söykənən metallurgiya sənayesinin “sənaye xammalı” qrupuna aid olan ehtiyat və resurslara kimya sənayesinin, eləcə də tikinti sektorunun tələbatını ödəmək məqsədilə yataqların kəşfiyyatı, istismara cəlb olunması, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətlərində mühüm işlər görülməkdədir.

Bununla yanaşı, mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal  tələbatının ödənilməsi, qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.

Göstərilən sahələrə dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılmışdır.

 “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.12-ci bəndinin icrasını təmin etmək məqsədilə “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair                                 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) layihəsi hazırlanmışdır.

Dövlət Proqramı sistemləşdirilmiş geoloji tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji) aparılmasını, perspektiv sahələrdə        geoloji axtarış və geoloji kəşfiyyat işlərinin yerinə yetirilməsini, mineral xammal ehtiyatlarının və resurslarının hesablanmasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin öyrənilməsini və mineral xammal bazasından səmərəli istifadəni özündə ehtiva edir.

 

  1. Mövcud vəziyyət

 

Azərbaycan Respublikası neft və qazla yanaşı, qeyri-neft sektorunun inkişafında mühüm xammal bazası rolunu oynayan və gəlir gətirmək imkanlarına malik faydalı qazıntı ehtiyatları ilə də zəngindir.     

Həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində Azərbaycanda         1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınmışdır. Bu yataqlardan 846-sı qeyri-filiz və inşaat, 52-si filiz, 111-i isə yeraltı şirin, termal və mineral su yataqlarıdır. Hazırda bu yataqların 206-sında təqribən 500-dən çox fiziki və hüquqi şəxs istismar işləri aparır.

Hazırda Daşkəsən və Gədəbəy rayonları ərazisində qızıl və misin çıxarılması və emalı üzrə dağ-mədən müəssisələri fəaliyyət göstərir.

Azərbaycanın müxtəlif rayonlarında çox sayda qara, əlvan və nəcib metal filizi, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları yataqları və s. yataqlar vardır. Onlar arasında qızıl, mis, qurğuşun-sink filizləri və tikinti materialları yataqları xüsusi yer tutur. “AzerGold” QSC-nin kontrakt sahəsində yerləşən nəhəng Filizçay qrupu yataqlarının (Filizçay, Katex, Kasdağ, Saqator, Mazımçay, Kasmala, Cixix) yaxın gələcəkdə istismara cəlb olunması ölkə sənayesinin inkişafında mühüm rol oynayacaqdır. Daşkəsən qrupu dəmir filizi  yatağının ehtiyatı 290 milyon ton hesablanmışdır. İstismar işlərindən sonra qalıq ehtiyat 200 milyon ton,  əmələ gəlmiş tullantının həcmi isə 38 milyon ton təşkil edir.

Ötən dövr ərzində tikinti sektorunun inkişafı ilə bağlı xammal ehtiyatlarından istifadə sahələrinin genişləndiyini və tələbatın artdığını nəzərə alaraq, təbii sərvətlərdən səmərəli istifadə olunması məsələsi aktuallaşmışdır.  

İqtisadiyyatın şaxələndirilməsi şəraitində bu sahədə çevik idarəetmənin təmin edilməsi və neqativ halların aradan qaldırılması üçün inzibati tədbirlərlə yanaşı, təbiət istifadəçiləri ilə mütəmadi görüşlər keçirilmiş, sağlam sahibkar – dövlət dialoqu platforması qurulmuş və nəticədə  hasilatçıların təbii sərvətlərə münasibəti dəyişmişdir.

 Nəcib və əlvan metal filizi yataqlarının mineral xammal bazasının öyrənilməsi, yataqların kəşfiyyatı, istismara cəlb olunması, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində işlər görülür, bütün filiz yataqları haqqında məlumatlar rəqəmsallaşdırılır.

Aparılmış geoloji kəşfiyyat  işləri nəticəsində 38379,4 min ton kükürd,  498,1 min ton barit, 141398,85 min ton gips, anhidrit, gəc, 62798,5 min ton keramika xammalı, 154299 min ton dolomit, maqnezium oksidi və serpentinit, 181754 min ton seolit, 184236,2 min ton bentonit gili, 7590 min ton kvarsit, 1981407 min ton xörək duzu, 20540,1 min ton daş kömür, qonur kömür və kömürlü süxur, 18462,4 min ton yanar şist, 993,3 min ton mineral boya, 72907,7 min ton flyus və 244583 min ton soda üçün əhəngdaşı xammalı, 79255,5 min ton şüşə xammalı, 218,6 min ton selitra, 2133 min ton karbonat xammalı, 20,1 min m3 əlvan daş  və bir sıra inşaat materialları, yeraltı şirin, termal, texniki və mineral su  yataqları aşkarlanmışdır.

Regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş dövlət proqramları çərçivəsində əsas diqqət sənaye xammalı, inşaat materialları yataqlarının axtarışına yönəldilmiş, yeni yataqlar aşkarlanmış, qeydiyyata alınmışdır ki, bu ehtiyatlar da ölkənin mineral xammal bazasını genişləndirməyə imkan yaradır. Bununla belə, gips, kaolin gilləri, seolit, dolomit, bentonit gilləri, kvarsit və digər sənaye xammalına tələbat   gündən-günə artdığı üçün 2020–2024-cü illərdə dövlət sifarişləri çərçivəsində mineral xammal ehtiyatlarının axtarışı işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

3. Dövlət Proqramının məqsədləri

 

           3.0. Dövlət Proqramının əsas məqsədləri aşağıdakılardan ibarətdir:

3.0.1. iqtisadiyyatın əsas sektorlarının gələcək tələbatını ödəməyə qadir olan mineral xammal bazasının formalaşdırılması və təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi;

3.0.2. yeni yataqların kəşfi və qiymətləndirilməsi hesabına mövcud mineral xammal bazasının genişləndirilməsi;

3.0.3. yerin təkinin kompleks geoloji öyrənilməsi məqsədilə regional geoloji, hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji və digər tədqiqatların, axtarış və qiymətləndirmə işlərinin “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”na (bundan sonra – Tədbirlər Planı) uyğun aparılması;

3.0.4. iqtisadiyyatın tələblərini nəzərə almaqla aparılmış geoloji axtarış və qiymətləndirmə işləri nəticəsində yeni aşkarlanmış yataqlar hesabına mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatın ödənilməsi;

3.0.5. dağ-mədən sənayesinin inkişafı;

3.0.6. qara və əlvan metallurgiya, qızılçıxarma, kimya sənayesi və tikinti sektorunun mineral xammala tələbatının ödənilməsi;

3.0.7. nəcib metal, habelə rəqabətqabiliyyətli qeyri-filiz və digər faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi məqsədilə əlverişli mühitin yaradılması istiqamətində tədbirlər görülməsi.

 

4. Dövlət Proqramının əsas istiqamətləri

 

4.0. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş geoloji tədqiqatlar Tədbirlər Planında aşağıdakı istiqamətlər üzrə qruplaşdırılmışdır:

4.0.1. regional geoloji, geofiziki, hidrogeoloji, mühəndisi-geoloji və geoekoloji planaalma işləri;

4.0.2. qara və əlvan metalları geoloji axtarış və qiymətləndirmə işləri,

4.0.3. qeyri-filiz faydalı qazıntıları geoloji axtarış və qiymətləndirmə işləri;

4.0.4. hidrogeoloji işlər;

4.0.5. monitorinq işləri,

4.0.6.  tematik tədqiqat işləri;

4.0.7. mineral xammal bazasından səmərəli istifadə;

4.0.8. maddi-texniki bazanın gücləndirilməsi.

 

5. Dövlət Proqramının maliyyələşdirilmə mənbələri

 

5.0. Dövlət Proqramı üzrə tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

5.0.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aidiyyəti dövlət orqanları (qurumları) üçün müvafiq il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait;

5.0.2. büdcədənkənar fondlar;

5.0.3. yerli və xarici investisiyalar;

5.0.4. beynəlxalq təşkilatların maliyyə vəsaiti.

 

6. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

 

  1. Dövlət Proqramının icrasından gözlənən nəticələr aşağıdakılardır:
    1. geoloji tədqiqat işlərinin intensivliyi artırılacaq;
    2. geoloji axtarış işləri yüksək keyfiyyətli, müasir tələblərə cavab verən cihaz, avadanlıq və proqram təminatlarından istifadə yolu ilə təmin olunacaq;
    3. respublikanın mineral xammal bazası yeni filiz yataqları hesabına genişləndiriləcək;
    4. sənaye xammalına, inşaat materiallarına tələbat çərçivəsində             geoloji axtarış və qiymətləndirmə işləri aparılacaq və müxtəlif sənaye sahələrinə yararlı xammal ehtiyatları aşkar ediləcək;
    5. yeni alınacaq müasir cihazların tətbiqi ilə yerin dərinlik quruluşunun öyrənilməsi nəticəsində zəlzələlərin proqnozlaşdırılmasında dəqiqlik əldə olunacaq;
    6. Tədbirlər Planında qeyd olunan geoekoloji, yeraltı suların monitorinqi, ekzogen geoloji proseslərin proqnozlaşdırılması üzrə tədqiqat işləri nəticəsində təbiətə və əhalinin sağlamlığına mənfi təsir edə bilən faktorların qarşısının alınması üçün təkliflər hazırlanacaq;

6.0.7. innovativ sistemlər, proqramlar, yeni cihaz və avadanlıq geoloji-istehsalat prosesində tətbiq ediləcək;

6.0.8. geoloji xəritələrin tərtibində Coğrafi İnformasiya Sisteminin (bundan sonra – CİS) texnologiyasından istifadə olunması əsasında müasir tələblərə cavab verən elektron informasiya bazası zənginləşdiriləcək;

6.0.9. iqtisadiyyatın tələblərinə uyğun olaraq prioritet mineral xammal növlərinin müəyyənləşdirilməsi, geoloji axtarış işlərinin təkmilləşdirilməsi nəticəsində yeni ehtiyatların aşkarlanmasına və qiymətləndirilməsinə nail olunacaq;

6.0.10. respublika ərazisində bu günədək qiymətləndirilmiş xammal ehtiyatlarından səmərəli istifadə perspektivləri müəyyənləşdiriləcək;

6.0.11. bərpa olunmayan mineral xammal ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi  məqsədilə  mövcud ehtiyatlar geoloji-iqtisadi cəhətdən qiymətləndiriləcək;

6.0.12. qalıq ehtiyatların geoloji təftişi, alternativ xammal mənbələrinin  müəyyənləşdirilməsi və axtarışı ön plana çəkiləcəkdir.

 

7. Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi

 

7.1. Dövlət Proqramının icrasına nəzarəti, yaranan problemlərin vaxtında həlli üçün tədbirlər görülməsini və icraçı təşkilatlar arasında əlaqələndirmənin düzgün təşkilini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

7.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər Planının hər bir bəndi üzrə aidiyyəti təşkilatların (strukturların) iştirakı ilə əsas və digər icraçılardan ibarət işçi qrup yaradır və maraqlı tərəflərin prosesə cəlb olunması istiqamətində müvafiq işlər görür.

7.3. Tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, həmçinin qiymətləndirmə imkanlarının artırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsas və digər icraçıların, həmçinin Dövlət Proqramının monitorinq və qiymətləndirilməsini həyata keçirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəyini nəzərə almaqla, Tədbirlər Planının hər bir bəndi üzrə qısa əsaslandırmanı, icranın altkomponentləri və qiymətləndirmə indikatorları barədə məlumatı əhatə edən təfsilatlı icra planı hazırlayır və icranın nəticələrindən asılı olaraq hər il yeniləyir.   

7.4. Əsas icraçı tədbirin vaxtında və mahiyyəti üzrə həyata keçirilməsi üçün ona aid hər bir tədbir üzrə məsul şəxslər təyin edir, eləcə də digər icraçıların işə cəlb olunmasına, icra barədə toplanmış məlumatlar əsasında hesabatın hazırlanmasına cavabdehdir.  

7.5. İcranın səmərəli və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün hər altı aydan bir Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi aparılır. Monitorinq və qiymətləndirmə aparılarkən, tədbirlərin mahiyyəti üzrə icrasına, gözlənilən nəticələrə, qiymətləndirmə indikatorlarına və icra müddətlərinə diqqət yetirilir.  Monitorinq  və qiymətləndirmə beynəlxalq və yerli təcrübəyə əsaslanmaqla hazırlanmış metodoloji çərçivə əsasında aparılır.

7.6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi icraçılardan toplanaraq ümumiləşdirilmiş hesabatı Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini həyata keçirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim olunmuş hesabatı, habelə zəruri saydığı hallarda digər aidiyyəti mənbələrdən əldə edilmiş məlumatları təhlil edərək, monitorinq və qiymətləndirmə hesabatını hazırlayır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edir.

 

8. Dövlət Proqramının həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

Sıra №-si

Tədbirin adı

Əsas icraçılar

Digər icraçılar

İcra müddəti

1

2

3

4

5

8.1. Regional geoloji, geofiziki, hidrogeoloji, mühəndisi-geoloji və geoekoloji

planaalma işləri

8.1.1.

Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad (bundan sonra Lənkəran iqtisadi rayonu) rayonları ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlili

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2023

8.1.2.

Lənkəran iqtisadi rayonu ərazisində 1:50000 miqyaslı geoloji və geofiziki planaalma işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.1.3.

Lənkəran iqtisadi rayonu ərazisində 1:200000 miqyaslı hidrogeoloji planaalma işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.1.4.

Lənkəran iqtisadi rayonu ərazisinə dair geoloji məlumatların CİS-ə daxil edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2023

8.1.5.

Masallı-Göytəpə ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.1.6.

Abşeron yarımadası ərazisində 1:10000 miqyaslı mühəndisi-geoloji planaalma işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2022–2024

8.2. Qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi işləri

8.2.1.

Somxit-Qarabağ və Qazax-Ağcakənd metallogenik zonaları hüdudlarında dəmirə, kobalta və nəcib metallara (qızıl, gümüş) perspektivli sahələrdə geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2021–2023

8.2.2.

Qazax-Ağcakənd metallogenik zonası hüdudlarında manqana perspektivli sahələrdə geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2021–2024

8.2.3.

Duruca (Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı rayonlarının əraziləri) strukturunun eninə qırılma zonaları və mürəkkəbləşmiş bloklarında qara metallara (molibden) filizləşmə zonalarında geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.2.4.

Tufan və Somxit-Qarabağ struktur- formasiya zonalarında mis filizinə perspektivli sahələrdə geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.2.5.

Vəndam struktur-formasiya zonasında (İsmayıllı rayonu ərazisində)  qızıla perspektivli  konqlomeratlarda geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2021–2024

8.2.6.

Qusar-Şabran və Şamaxı-Qobustan ərazilərində çökmə mənşəli radioaktiv elementlərə perspektivli sahələrin qiymətləndirilməsi işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.3. Qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı və qiymətləndirilməsi işləri

8.3.1.

Qazax-Ağcakənd struktur metallogenik zonasının  Kimmeric-Titon yaşlı vulkanogen-çökmə mənşəli süxur komplekslərində gips, anhidrit və gəc xammalı ilə bağlı geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.3.2.

Abşeron və Qobustan rayonları ərazilərində dolomit xammalı ilə bağlı geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.3.3.

Alborz qırışıqlıq sisteminin Azərbaycan kəsimində (Astara, Lerik, Yardımlı, Masallı rayonlarının əraziləri) və Qazax-Ağcakənd struktur metallogenik zonaları daxilində seolit xammalı ilə bağlı geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.3.4.

Qobustan, Xızı, Abşeron rayonları ərazisində bentonit gilləri ilə bağlı axtarış və qiymətləndirmə işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.3.5.

Kiçik Qafqaz ərazisində qum-çınqıl xammalına alternativ xammal qismində kvarsitlər ilə bağlı geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2022–2024

8.3.6.

Şəmkir qalxımı ərazisində selitra xammalı ilə bağlı geoloji axtarış işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2022–2024

8.3.7.

Geoloji planaalma zamanı aşkar edilmiş kaolin gilləri ilə bağlı qiymətləndirmə işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2022–2024

8.3.8.

Sement istehsalı üçün yararlı əhəngdaşı, vulkan külü, trass xammalı ilə bağlı geoloji axtarış və qiymətləndirmə işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

 

 

 

2020–2024

8.3.9.

Respublika ərazisində tikinti işlərində istifadəyə yararlı daş xammalı (mişar, üzlük və tikinti daşı) ilə bağlı geoloji axtarış və qiymətləndirmə işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.3.10

Respublika ərazisində yeni qum-çınqıl, qum və alternativ xammal yataqları ilə bağlı axtarış və qiymətləndirmə işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.4. Hidrogeoloji işlər

8.4.1.

Regionların yeraltı şirin suya tələbatının ödənilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının müraciətləri əsasında tələb olunan ərazilərdə yeni yeraltı şirin su mənbələrinin axtarışı işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.4.2.

Zaqatala rayonunun dağlıq və dağətəyi sahələrində yeni yeraltı su mənbələrinin axtarışı işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2021

8.4.3.

Respublika ərazisində termal suların monitorinqi və sənayedə istifadə perspektivinin öyrənilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2021

8.4.4.

Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatlar aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.5. Monitorinq işləri

8.5.1.

Azərbaycan Respublikası ərazisinin düzənlik və dağətəyi zonalarında regional müşahidə şəbəkəsi üzrə yeraltı suların monitorinqi işlərinin aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.5.2.

Respublika ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.5.3.

Lənkəran iqtisadi rayonu ərazisinin və Quba-Şabran çökəkliyinin seysmohidrogeodinamik şəraitinin öyrənilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2022–2024

8.5.4.

Qobustan-Aşağı Kür tektonik zonasının dərinlik geoloji tektonik quruluşunun öyrənilməsi və seysmohidrogeodinamik şəraitinin qiymətləndirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2022–2024

8.5.5.

Alborz qırışıqlıq sisteminin Azərbaycan kəsimində dərinlik geoloji tektonik quruluşunun öyrənilməsi məqsədilə kompleks geoloji-geofiziki tədqiqatlar aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2021–2024

8.6. Tematik tədqiqat işləri

8.6.1.

Filiz yataqlarının istismarının səmərəliliyinin artırılması məqsədilə filizlərin emalı prosesinə müasir texnoloji tədqiqatların tətbiqi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Milli Elmlər Akademiyası

2020–2024

8.6.2.

Aparılmış geoloji tədqiqat işlərinin nəticələri barədə hesabatların elektron formata keçirilməsinin və saxlanılmasının təşkili

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

2020–2024

8.6.3.

Faydalı qazıntı yataqlarının dövlət və sahə balanslarında qeydiyyata alınmış yataq ərazilərinin və prioritet xammal növlərinin təzahürlərinin yayılma areallarının dəqiqləşdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

 

2020–2024

8.6.4.

Yerin təki istifadəçiləri və onların hasil etdikləri faydalı qazıntının növü, həcmi və yerləşdiyi ərazi barədə məlumatların toplanması, müsabiqə və hərraca çıxarılan yer təki sahələri və faydalı qazıntılar barədə məlumatların internet saytında yerləşdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

İqtisadiyyat Nazirliyi,

Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyətləri və bələdiyyələr

2021–2024

8.6.5.

Faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi, kəşfiyyatı və  sistemləşdirilməsində, habelə mineral xammal bazasının səmərəli istifadəsində beynəlxalq norma və standartların öyrənilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

 

2020–2024

8.7. Mineral xammal bazasından səmərəli istifadə

8.7.1.

Sement, əhəng və yol tikintisi işləri üçün yararlı olan tullantılardan səmərəli istifadəyə dair təkliflər hazırlanması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

İqtisadiyyat Nazirliyi,

yerli icra hakimiyyətləri və bələdiyyələr

2020–2024

8.7.2.

Daşkəsən dəmir yatağının istismarı nəticəsində toplanmış tullantılardan səmərəli istifadə məqsədilə kompleks tədqiqatlar aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

Azərbaycan Milli Elmlər Akademiyası

2021–2022

8.7.3.

Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının təşkili

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

İqtisadiyyat Nazirliyi,

Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyətləri və bələdiyyələr

2020–2024

8.8. Maddi-texniki bazanın gücləndirilməsi

8.8.1.

Geoloji kəşfiyyat işlərinin dəqiqliyinin artırılması məqsədilə yeni buruq-qazma avadanlığının, geofiziki cihazların, topoqrafik GPS-lərin, planşetlərin, yeni nəsil kompüterlərin alınması və   müasir proqram təminatlarının tətbiqi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

 

2020–2024

8.8.2.

Analitik tədqiqatların nəticələrinin etibarlılığının artırılması məqsədilə müasir laboratoriya avadanlığının, cihazların alınması və infrastrukturun yenilənməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

 

2020–2024

 

 

17 Mart 2020 00:04 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə