Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar universitet onlayn dərslərə başladı...

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü və köməyi ilə bir neçə ay qabaq yaradılmış ADAU-TV artıq özünü doğrultmağa, peşəkarlığı, məzmunlu verilişləri ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanmağa başlamışdır.

Bu günlərdə universitet televiziyası daha bir yeniliyə imza atmışdır. Son vaxtlar dünyada baş verən proseslərə, o cümlədən koronavirusa qarşı ölkəmizdə aparılan cox ciddi profilaktiki, qabaqlayıcı tədbirlərə cavab olaraq ADAU-TV onlayn dərslərin təşkilinə başlayıb. İlk belə dərsi aqronomluq ixtisası üzrə 2-ci kurs tələbələri üçün universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov keçmişdir.Maraqlıdır ki, professorun «Fitopatogen göbələklər kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləridir» mövzusunda mühazirəsini təkcə həmin kursun tələbələri deyil, bütövlükdə 3100 nəfərdən çox izləyici dinləmişdir.

Əczaçılıq ixtisası üzrə 3- cü kurs tələbələri üçün «Stereoid birləşmələr. böyrəküstü vəzin qabıq maddəsinin stereoid hormon preparatları» mövzusunda dosent Sakit Atakişiyevin və başqalarının onlayn mühazirələri televiziya vasitəsilə yayımlanmışdır.

Qeyd edək ki, belə dərslərin cədvəli televiziya vasitəsilə əvvəlcədən nümayiş etdirilir, mühazirələrin vaxtı və mühəzirəçi haqqında məlumat verilir.

Universitetin rektoru, professor İbrahim Cəfərov müxbirimizlə söhbət zamanı demişdir:

-Bütün bu imkanları bizə yaradan cənab Prezidentimiz İlham Əliyevdir.Universitetimizin maddi-texniki bazasının bu günkü müasir səviyyəyə çatdırılması yalnız ölkə Prezidentinin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Biz də çalışırıq ki, bu imkanlardan maksimum yararlanaq, müasir texnologiyadan və yeniliklərdən faydalana bilək. ADAU-TV- nin yaradılmasında da məqsəd budur. Kənd təsərrüfatı naziri İnam Kərimovun bu işlərdə bizə daim dəstək olması isə işimizi operativ və səmərəli qurmağa imkan verir.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri
 

16 2020 14:45 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə