Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şair İlham Qəhrəmanın folklor araşdırmaçılığı örnəyi

Yaxud Aşıq Alı irsinin mükəmməl təqdimatı

Ötən ilin payızında anadan olmasının 60 illiyi ədəbi-mədəni aləmin sevgi-sayğısı və ictimai qədirbilənliklə qeyd olunmuş istedadlı şair və bilgili el ədəbiyyatı araşdırıcısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman ömrünün müdrüklük mərhələsinə bədii yaradıcılıqda məhsuldarlıqla, tədqiqatlarında mükəmməlliyə çatmaq əzmi ilə qədəm qoyub.

Yubiley tədbirlərində  – “Mərhəmət” Kimsəsizlərə Kömək İctimai Birliyinin təşkil etdiyi imza günündə, Milli Kitabxanada və Laçın Rayon Kitabxanasında, doğulub-böyüdüyü Laçın rayonu əhalisinin işğaldan sonra yığcam məskunlaşdığı Taxtakörpü qəsəbəsində və Salyanda oxucularla görüşlərində, Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən təntənəli mərasimində İlham Qəhrəmanın Vətən sevgisindən qaynaqlanan, yurd itkisindən qövr edən, poeziya və folklorumuza əlvanlıq gətirən yaradıcılığı barədə qədərincə söz açıldı.

60 yaşın tamamına samballı yaradıcılıq hesabatı--“Sevgi durna çırağıdır”, “Ağlama, qələm eşidir”, “İlham qapısı”,”Şairin vətəni sevgidir”; topladığı və tərtib etdiyi “Laçın folkloru”, “Laçın lətifələri”, Sarı Aşığın “Gül dəftəri” kitabları və digər yaradıcılıq nümunələri ilə gəlmiş şair-tədqiqatçı bu günlərdə çoxillik axrarış və çalışmalarının nəticəsi kimi ərsəyə gətirdiyi, Sarı Aşığın yetirməsi və Aşıq Ələsgərin ustadı olmuş Aşıq Alının “Nə qaldı” adlı mükəmməl toplusunu ədəbi ictimaiyyətə təqdim etdi.

Azərbaycanda Atatürk Mərkəzinin dəyirmi salonunda keçirilən mərasimin aparıcısı, tənqidçi Əsəd Cahangir İlham Qəhrəmanı öz üslüb və mövzuları olan şair, klassik aşıq sənətimizin bilicisi və novator tədqiqatçısı kimi səciyyələndirdi. O bildirdi ki, İlham milli ənənələrə bağlı şair olsa da, yaradıcılığı özünəməxsusdur: “Şair bununla göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq,  orijinal ruhlu şeirlər yazmaq mümkündür. Onun bədii obrazları bəzən ağlagəlməz dərəcədə yenidir, həyatidir və buna görə də yaddaqalandır. İlham poetik dilinin xəlqiliyi ilə də seçilən şairdir. Bu, artıq İlhamın stixiyasıdır – fəlsəfi ümumiləşdirmələrlə incə müşahidə qabiliyyətindən xəbər verən detalçılığın, heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin başlıca məzmun və forma özəlliyidir”.

Ədəbiyyatşünas qeyd etdi ki, müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan İlham Qəhrəman öz yaradıcılığında həm müasir Azərbaycan şeirinin, həm də klassik aşıq şeirinin ən gözəl xüsusiyyətlərini qovuşdurmağa nail ola bilir: “İlhamın mövzu və məzmunca palitrası rəngarəngdir. Biz onun kitablarında həm vətənpərvərlik ruhunda, həm məhəbbət mövzusunda, həm fəlsəfi, həm də təbiətlə bağlı şeirlərlə rastlaşırıq. Şairin poetik yaradıcılığının əsas xüsusiyyəti sadəliyin dərinliyidir. O, sözün rəssamı hesab edilə bilər. Onun vurduğu boyalar, rəsmlər orijinaldır, özünəməxsusdur”.

Əsəd Cahangir daha sonra söylədi ki, Zəngəzur – Göycə mühitinin xalq yaradıcılığını dərindən mənimsəyən İlham Qəhrəmanın toplayıb-tərtib etdiyi “Laçın folkloru”, “Laçın lətifələri” və Sarı Aşığın “Gül dəftəri” kitabları onun həm də səriştəli bir tədqiqatçı olduğunu təsdiqləyib: “İlhamın uzun illərdən bəri  Aşıq Alı yaradıcılığının sorağı ilə axtarış aparması, bu əzmlə ustad aşığın “sənət kodu”nu aça bilməsi və əldə olan nümunələri bu ülgüdən keçirməsi, nəhayət, bu ulu irsi əhatə edən samballı bir toplunun yaranmasına gətirib çıxardı. “Aşıq Alı. Nə qaldı” adlı yeni kitab el aşığının nadir irsinin ən kamil təqdimidir”.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı isə bildirdi: “Aşıq Alı irsinin yeni  toplusunun ilk oxucularından biri və elmi məsləhətçisi kimi məsuliyyətlə deyirəm ki, bu kitab ustad aşığın yaradıcılığını indiyədək mövcud olmuş yanlışlıqlardan, təhriflərdən, lüzumsuz əlavələrən arayıb-təmizləyən və kəm-kəsirdən xilas edən, öz dogma yuvasına qaytaran yetik-bitik bir nəşrdir. Ədəbiyyatşünaslıqda belə kitablara “akademik nəşr” deyilir. Tərtibçi kimi İlham Qəhrəmanın kitaba yazdığı ön söz, verdiyi şərhlər, göstərdiyi qeydlər və əlavə etdiyi lüğət yüksək elmi tələblər səviyyəsindədir”.

Mərasimdə çıxış edən ədəbiyyatşünas professor Buludxan Xəlilov, tənqidçi Məti Osmanoğlu, folklorşünas Qiymət Məhərrəmli, Şair Əli Rza Xələfli, tədqiqatçı jurnalistlər Tahir Talıblı və Tahir Aydınoğlu yeni nəşri Aşıq Alı irsini çağdaş tələblər baxımından araşdırıb sistemləşdirən dəyərli mənbə kimi qiymətləndirdilər. Natiqlər “Aşıq Alı. Nə qaldı” toplusunun zəngin xalq yaradadıcılığının dərindən öyrənilməsi və yeni nəsilə çatdırılması işinə töhfə olduğunu vurğuladılar.

Qiraət ustaları Əməkdar artist Azad Şükürov və Zülfiyyə Eldarqızı ustad aşığın yeni işıq üzü görmüş şeirlərindən nümunələri səsləndirməklə məclisə sənət ovqatı, Alı nəfəsi gətirdilər.

Sonda kitabın tərtibçisi İlham Qəhrəman Toplu üzərində apardığı elmi-müqayisəli və bədii-intuitiv yaradıcılıq işindən, təqdim edilən yeniliklərdən danışdı. O, poetik yaradıcılığı və araşdırmaçılıq fəaliyyəti barədə söylənən xoş sözlərə görə dərin razılığını bildirdi.

Məclis iştirakçıları İlham Qəhrəmanın yeni bir örnək təşkil edən folklor tədqiqatlarını bundan sonra da davam etdirməsinin aşıq sənəti və ədəbiyyat tariximizin əhatəli və dərindən öyrənilməsində dgərəkli olacağını vurğuladılar.

R.TAHİR,
“Xalq qəzeti”

12 2020 15:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Aprel 2020 | 10:50
Nəriman Nərimanovun – 150

Köhnə versiyamızdan xəbərləri izlə