Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XOCALI SOYQIRIMI DÜNYANIN GÖZÜ İLƏ...

Faciə, soyqırım, qan yaddaşı… Bəli, çox təəssüf ki, cavan “canına”, körpə və təmiz “ruhuna” Azərbaycan çox belə hadisələr sığdırmağı “bacarmışdır.” Heç şübhəsiz ki, onlardan ən dəhşətlisi və amansızı, insanlıq tarixinə, eyni zamanda? humanizm prinsiplərinə ən böyük ləkə sayılan Xocalı soyqırımıdır. O dəhşətli gecənin amansızlığının, ağrı-acısının sədası, qurbanlarının ah-naləsi, fəryadları ölkə sərhədlərini aşaraq insanlığa biganə qalmayan şəxslər, diplomatlar, əcnəbi yazarlar, tanınmış insanlar tərəfindən də qınanmış, dilə gətirilmiş və qələmə alınmışdır. “Söz uçar, yazı qalar”--  deyiminə söykənsək? bu haqlı qələmlərdən biri Tomas Qoltsa məxsusdur. O, Tomas Qolts ki, on beş il müddətində bir çox ölkələrdə jurnalist fəaliyyəti ilə məşğul olmuş, dünyanın "qaynar" nöqtələrində baş verən hadisələri yazdığı kitablarında təsvir etmişdir. Amerikalı jurnalist, yazıçı, sovetoloq olan bu şəxs 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı soyqırımını bütün çılpaqlığı ilə göz önünə sərmişdir. Tomas Qolts Azərbaycanla maraqlanan şəxslərin ilk məlumatı məhz onun “Azərbaycan gündəliyi” kitabından aldığını və bu kitabın zərurətdən doğduğunu söyləmişdir. Türkiyə və digər ölkələrdə jurnalist kimi çalışarkən, insan faciələrini işıqlandırdığını söyləyən  yazıçı, Xocalı faciəsinin bu istiqamətdə  onun üçün  böyük dönüş nöqtəsi olduğunu da vurğulamaqdan çəkinməmişdir. Bəli, Xocalı faciəsi emosiyaların darmadağın olduğu, insani hisslərin yolunu azdığı bir faciədir. Bu faciə Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş ən qanlı hadisələrdən biridir.

29 fevral 1992-ci ildə “The Independent” qəzeti üçün yazan Helen Vomak da “Reuter”-in Ağdamdakı müxbiri Elif Kaana istinadən bildirirdi ki, ermənilərin çərşənbə günü törətdiyi qırğından sonra onların bölgədəki ikinci ən böyük yaşayış məskəni olan Xocalı şəhərini işğal etdikləri zaman azərbaycanlılar çoxlu sayda insan basdırırdılar. Faciə qurbanlarının etiraz və üsyan səslərini eşidən müxbir və jurnalistlər dəhşətli hadisədən şoka düşdüklərini qələmə alırdılar.

“The New York Times” qəzetinin 3 mart 1992-ci il tarixli sayında dərc olunmuş nəşrində yazılırdı: “Vertolyotla bölgəyə qısa müddətə uçan Azərbaycan rəsmiləri və jurnalistləri üç ölü uşağın başının arxa hissəsinin  dağıdıldığının  şahidi olublar. Eyni zamanda, jurnalistlər bildirirdilər ki, ermənilərin onları davamlı güllələməsi daha çox cəsəd götürməsinə mane olub. Ağdamdakı  yerli  milis rəisi Rəşid Məmmədov isə: "Cəsədləri saymaqla qurtaran deyildi. Heç faşistlər belə bir şey etmədilər" -- deməsi faciənin nə dərəcədə ağır olduğundan xəbər verir.

 “Ağdamdakı xarici jurnalist öldürülənlər arasında qadınlar və başının  dərisi soyulan üç  uşağı dırnaqları çəkilmiş vəziyyətdə görüb”. Bu "Azərbaycan təbliğatı" deyil, reallıqdır”, --  deyən jurnalistin Le Mond Pairs qəzetinin  14 mart 1992-ci il tarixli sayında  dərc olunan məqaləsində yazılırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı qəddar soyqırımı həyata keçirmişdir. Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın və digər  qanunvericilik aktlarının ciddi şəkildə pozulmasıdır.

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Heç şübhəsiz ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, bilavasitə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir yol xəritəsidir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə heç də təsadüfi olmayan bir tarixdə --2008-ci il mayın 8-də -- Şuşanın işğalı günü irəli sürülmüşdür. Faciənin mənəvi və siyasi-hüquqi təminat almasına istiqamətlənmiş  həmin kampaniya bu gün dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Məhz bu kampaniyanın uğurla aparılmasının nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanımış və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə səsləmişdir.

Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu gün də onun varisləri tərəfindən uğurla davam etdirilən  siyasi kurs  nəticəsində Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Belə ki, 13 ölkə və ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir.

Bu gün Azərbaycan dünya birliyindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılmasını, respublikamızın ərazi bütövlüyünün bərpasını gözləyir. Dünyadakı xalqlara, dövlətlərə və beynəlxalq təşkilatlara səslənir, həqiqəti və ədaləti qorumağa, Xocalıda həyata keçirilən terrorizm, etnik təmizləməni pisləməyə çağırırıq.

Xocalı faciəsinin günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar. Bu dəhşətli cinayəti törədənlərin hamısı vicdanı qarşısında cavabdehdirlər, amma gün gələcək ki, onlar tarix məhkəməsi qarşısında da cavab verəcəklər.

Tarix bu dəhşətli gecəni unutmayacaq... Azərbaycan isə  heç vaxt  unutdurmayacaq.

Şəbnəm HƏSƏNOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı, politoloq

3 Mart 2020 10:30 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə