Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni tarif dəyişikliyi ictimai nəqliyyatda xidmətin səviyyəsini yüksəltmək məqsədini daşıyır

Yeni tarif dəyişikliyi ictimai nəqliyyatda xidmətin səviyyəsini yüksəltmək məqsədini daşıyır

Son 15 ildə Azərbaycan qədər iqtisadi baxımdan inkişaf edən ikinci bir dövlət yoxdur. Bu dövrdə bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülən təşəbbüslər sabitlik, əmin-amanlıq şəraitində reallaşıb, əldə edilən uğurlar ölkəmizi daha da gücləndirib və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılıb. 


Azərbaycanda inkişafın təməlində həm düşünülmüş siyasət, güclü iradə, həm də güclü iqtisadiyyat dayanır. Biz hazırda heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və ildən-ilə mühüm iqtisadi nailiyyətlər əldə edirik. 
Onu da qeyd edim ki, iqtisadi şəraitə uyğun aparılan köklü islahatlar, görülən sistemli tədbirlər ardıcıl xarakter daşıyır, müəyyənləşdirilən strateji xəttə əsaslanılaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədi ilə çevik, adekvat addımlar atılır, biznes və investisiya mühiti getdikcə yaxşılaşdırılır. Bütün bunların reallaşdırılmasında isə əsas məqsəd əhalinin rifahının, sosial şəraitinin yaxşılaşdırılmasıdır. Tarif Şurasının ictimai nəqliyyatda qiymətlərin artırılması ilə bağlı son qərarı da xidmət səviyyəsinin yüksəldilməsinə yönəlib. 
Heç kəsə sirr deyil ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin yaxşılaşması istiqamətində son illər ərzində bir sıra tədbirlər həyata keçirilib. İctimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən qurulub. Bütün bunlar isə ciddi kapital qoyuluşu hesabına başa gəlib və təbii olaraq istismar xərcləri də artıb. Bunun müqabilində isə gediş haqqı dəyişməyib. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi sonuncu dəfə 2007-ci ildə, metroda isə 2011-ci ildə təsdiq edilib. Məhz bu amillər nəzərə alınaraq bəzi sərnişindaşıma xidmətlərinin Tarif Şurasına müraciətləri nəzərdən keçirilib və yeni tariflər müəyyənləşdirilib. Həm də bu zaman, çox şübhəsiz ki, ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bu sahədə xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi güdülüb. 
Sonda bir məsələni də xatırlatmaq istərdim. Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətlərinin tənzimlənməsinə dair qəbul etdiyi qərardan dərhal sonra müvafiq xidmət qurumları ciddi arqumentlərlə qərarın düzgün qəbul edildiyi barədə məlumat yaydılar. Məsələn, Bakı Nəqliyyat Agentliyi tərəfindən marşrut avtobuslarında gediş haqqı tariflərinin artırılmasının sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri avtobus parklarını yeniləndirməyə, daha keyfiyyətli sərnişindaşıma xidməti göstərməyə stimullaşdırdığını bildirilib. “Bakı Metropoliteni” QSC-nin açıqlamasında isə qeyd edilib ki, metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq. Bu qiymətə metro tikintisi - stansiyaların, tunellərin inşası, xətlərin çəkilməsi ilə bağlı istismar xərcləri daxildir. Yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri kimi proseslərin isə heç biri 47 qəpiyə daxil deyil. 
Bu fikirlərdən isə o qənaət hasil olur ki, ictimai nəqliyyatın səmərəli fəaliyyəti hesabına müəyyən gəlir əldə etmək və xidmətin səviyyəsini yüksəltmək mümkündür. Elə buna görə də qiymət artımından əldə olunan vəsaitin müəyyən hissəsinin nəqliyyat sahəsində infrastrukturun yenilənməsinə yönəldiləcəyi, nəticədə həmin sektorda müsbət dəyişikliklərin baş verəcəyi, xidmətin keyfiyyətinin artacağı şübhəsizdir.
Ələddin HƏSƏNOV,
iqtisadiyyat üzrə
fəlsəfə doktoru

4 2018 22:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə