Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir

Azərbaycan müstəqillik illərində bir çox ölkələrlə sıx əməkdaşlıq qurub, bəzi aparıcı dünya dövlətləri ilə münasibətlər isə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu sahədə ümummilli lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə İtaliyaya dövlət səfəri də göstərdi ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək strateji tərəfdaşlıq səviyyəsindədir. Səfər zamanı Azərbaycanın dövlət başçısına misli görünməmiş ehtiram göstərildi. Romadakı Prezident Sarayında rəsmi qarşılanma mərasimi zamanı Prezident İlham Əliyevi süvari dəstəsi müşayiət etmiş, onun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılamışlar.
Azərbaycan liderinin səfər proqramı da çox zəngin idi. Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə danışıqlar apardı, İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Konte, İtaliya Parlamenti Senatının sədri Maria Elisabetta Alberti Kaselatti və Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşlər keçirdi. İki dövlət arasında ümumilikdə 28 sənəd imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm və idman sahələrini əhatə edirdi.
Səfər çərçivəsində İtaliya Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə ziyafət verildi, dövlət başçılarının çıxışlarında Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyətə malik olduğu vurğulandı. Dövlət başçıları və nümayəndə heyətləri üçün “2020-ci il – İtaliyada Azərbaycan mədəniyyəti ili”nin açılışı münasibətilə konsert proqramı təqdim olundu. Səfərin ikinci günü Azərbaycan–­İtaliya biznes forumu təşkil edildi.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Vatikanda da olublar və burada onların rəsmi qarşılanma mərasimi oldu. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzüldü. Prezident İlham Əliyev və Mehriban Əliyeva Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşdülər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görüldü. Bu, Azərbaycana böyük ehtiramın canlı nümunəsi idi. 
Bütün bunlar Azərbaycanla İtaliya arasında münasibətlərin tamam yeni səviyyəyə yüksəldiyini göstərir. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” “Böyük Yeddiliyin” üzvü olan ölkə ilə imzaladığımız ilk belə sənəd kimi müstəsna əhəmiyyət daşıyır. Birgə bəyannamədə əks olunan istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələlərlə bağlı müddəalar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edə bilər.
Bütövlükdə, İlham Əliyevin İtaliyaya dövlət səfəri çox uğurlu keçdi və inanırıq ki, gələcəkdə ölkəmizə siyasi, iqtisadi və mədəni sahələrdə mühüm dividendlər gətirəcəkdir. 

 

Hüseyn İBRAHİMOV, 
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru 

 

 

29 2020 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə