Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa yoluxmamaq üçün özünüzü qoruyun

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair məlumatına görə ötən gün Əlcəzair, Avstriya, Xorvatiya və İsveçrədə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halı qeydə alınıb. Təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 82 min 489, Çində 78 min 191 nəfərdir. İndiyədək 2 min 808 ölüm halı baş verib. Çinin xaricində isə 2 min 918 yoluxma halı qeydə alınıb və virusun yayıldığı ölkələrin sayı 39-a, ölüm halı isə 43-ə çatıb. ÜST koronavirusla bağlı risk qiymətləndirməsini Çində çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir. 

 Fevralın 26-da Gürcüstanda da koronavirusa ilk yoluxma hadisəsi təsdiqləndi. Və narahatlıq yaradan o oldu ki, İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşı öz ölkəsinə Azərbaycandan keçərək getdi. Həmin şəxsin ölkəmizin ərazisində 12 saat qaldığını, getdiyi mikroavtobusda daha bir neçə nəfərin də olduğunu nəzərə alsaq, narahatlığın əbəs olmadığını görərik.
 Virus aşkarlandıqdan sonra hər iki ölkənin rəsmi qurumları və səlahiyyətli nümayəndələri yerli media orqanları vasitəsilə məsələyə aydınlıq gətiriblər.
Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxs bir gün əvvəl İrandan Azərbaycan vasitəsilə Tbilisiyə gedən Gürcüstan vətəndaşıdır. Və koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan hökuməti iki həftə ərzində Gürcüstanla İran arasında quru yolla hərəkəti qadağan etmək qərarına gəlib. Həmçinin sosial şəbəkələrdə yayılan “Gürcüstan bütün sərhədlərini bağlayır” xəbərini təkzib edərək bildirib ki, digər ölkələrlə uçuşları ləğv etmək niyyətində deyil, yalnız İran və Çinlə uçuşlar dayandırılır. Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinin nümayəndəsi Levan Karsanadze deyib ki, bu mərhələdə başqa bir ölkəyə münasibətdə uçuşların dayandırılması ilə bağlı bir qərar yoxdur. Nəticə hansısa bir ölkədə epidemioloji vəziyyətin necə inkişaf etməsindən asılı olacaq. Hələ ki, başqa ölkələrdən söhbət getmir. Bütün sərnişinlər hava limanında yoxlanılır və şübhəli simptomlar varsa, xəstəxanaya yerləşdirilirlər.
 Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə isə, məsələ ilə bağlı artıq Azərbaycan tərəfinə məlumat verilib və Ümumdünya Səhiyyə Təşkilatı pasiyentin qonşu ölkələrdə kimlərlə əlaqədə olmasını araşdırıb, həmin şəxslərdən hansının karantinə və ya xəstəxanaya yerləşdiriləcəyinə qərar verib.
 Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.
Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı bildiriblər ki, araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. “Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq, Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10--12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.
Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir”.
 Fakt aşkarlandıqdan sonra Gürcüstan–Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində koronavirusla bağlı yoxlamalar gücləndirilib. Azərbaycandan Gürcüstana gedən hər bir şəxsin hərarəti ölçüldükdən sonra ölkə ərazisinə buraxılır. Yoxlamalar zamanı İran vətəndaşı olan iki şəxsin Gürcüstana daxil olmasına icazə verilməyib. Səhiyyə Nazirliyinin baş epidemioloqu ­İbadulla Ağayev bildirib ki, həmin şəxsdə koronavirus epidemiyasının Azərbaycan ərazisində yox, Gürcüstanda aşkarlanması xəstəliyin gizli dövrdə olması ilə bağlıdır. “Hər gün gömrük-sərhəd keçid məntəqələrindən çoxlu sayda insan keçir. Sərhədi keçənlərdən hər kəsdə xəstəliyin gizli dövrü olmur. Bu, bir-iki nəfərdə ola bilər. Gürcüstan vətəndaşında da virusun aşkarlanması epidemiyanın gizli dövrü ilə bağlı olub. Müəyyən müddətdən sonra əlamətlər özünü büruzə verib və Gürcüstan sərhədində aşkarlanıb. Bu xəstəliyin aşkarlanması üçün laboratoloji üsulla diaqnoz qoymaq mümkündür”.
Baş epidemioloq, həmçinin qeyd edib ki, Azərbaycan heç bir yoluxucu xəstəliyi gizlətməyib, gizlətməyəcək də. Gizlətməyə heç bir əsas yoxdur. Ölkədə Ümumdünya Səhiyyə Təşkilatının və digər təşkilatların nümayəndəlikləri var. Onlar da bu barədə məlumat verirlər. Yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün lazım olan avadanlıqlar var.
 Qeyd edək ki, sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran Rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar da həqiqəti əks etdirmir. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə yaydıqları məlumatda deyilir ki, İranla sərhədyanı rayonlardakı – Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara – tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələr və bokslar hazır vəziyyətdədir: “Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdədir. Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar. Həmin rayonların xəstəxanalarında müəyyən simptomlarla bağlı müraciət edənlər var və onlar həkim müşahidəsinə alınıb”.
 Azərbaycanda yalnız bir nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Bunu Nazirlər Kabineti yanında operativ qərargah rəsmən təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində hər gün yenilənir. 
 Vətəndaşlarımız bilməlidirlər ki, koronavirus qripin bir növüdür. Adi qripdən, müxtəlif xəstəliklərdən, qəza hallarından və s. səbəblərdən ölənlərin sayı ilə müqayisələrdə bu virusdan ölənlərin sayı çox deyil. Təkrarən xatırlatmaq yerinə düşər ki, bu virus əsasən yaşlı, immuniteti zəif insanlara ciddi təsir edir. Hər kəs fərdi qaydada profilaktik tədbirlərə, gigiyenik qaydalara əməl etsə, özünü yoluxmadan sığortalaya bilər. Doğrudur, unutmaq olmaz ki, ölkəmiz dünyadan təcrid olunmayıb və epidemiyanın təsirinə məruz qala bilər. Çin, İtaliya, İran və digər ölkələrin təcrübəsi göstərir ki, hətta dünyanın nəhəng, inkişaf etmiş ölkələri belə hallardan sığortalanmayıb. 
 Məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan bu virus insanlara zökəm, qrip ya da digər adi xəstəlik formasında keçə bilir. Bu virus inək və donuzlarda diareyaya səbəb olduğu halda, toyuqlarda tənəffüs yolu infeksiyasına səbəb olur. Xəstəliyin simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, xəfif, yaxud orta dərəcədə xroniki yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilir. Virusun simptomlarından burun axması, öskürək, boğaz, baş ağrısı və bir neçə gün davam edən qızdırmanı deyə bilərik. İmmun sistemi zəif olan yaşlılar və uşaqlarda virus pnevmoniya və ya bronxit kimi daha ciddi tənəffüs xəstəliyinə çevrilə bilər. ÜST-ün xəbərdarlığına görə, koronavirus tənəffüs problemləri yaratsa da, ishal, yorğunluq, nəfəs darlığı, tənəffüs çətinliyi və böyrək çatışmazlığına da səbəb ola bilər. Xəstənin yaşından asılı olaraq, SARS ilə ölüm nisbəti 0–50 faiz arasında dəyişir, yaşlılar ən həssas xəstələrdir. Virus üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur. Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər. ABŞ rəsmi sağlamlıq mərkəzi bildirib ki, isti duş boğaz ağrısı və ya öskürək üçün yaxşı təsir edə bilər. Bundan başqa, çoxlu maye qəbul etmək, mümkün qədər dincəlmək və yatmaq məsləhətdir. Əgər simptomlar standart soyuqdəymədən daha çoxdursa, həkimə müraciət vacibdir. 
 Bu virusdan qorunmaq üçün hələ ki, heç bir peyvənd yoxdur. Xəstələnən insanlardan uzaq durmaqla yoluxmanın qarşısını almaq olar. Göz, burun və ağzınıza toxunmaqdan çəkinin. Əllərinizi tez-tez sabunla ən azı 20 saniyə yuyun. Xəstə olsanız, insanların çox olduğu yerlərə getməyib, yaxın təmasdan qaçın. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu örtün və toxunduğunuz əşyaları, səthləri dezinfeksiya edin.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 

29 2020 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə