Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Hyuston şəhərində Xocalı faciəsinin qurbanları anılıb

ABŞ-ın Texas ştatının azərbaycanlıların sıx məskunlaşdığı Hyuston şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Hyuston–Bakı ­Qardaşlaşmış Şəhərlər Assosiasiyasının Azərbaycan evinin təşkilatçılığı, habelə ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Xocalıda yaşayan mülki əhaliyə qarşı erməni silahlıları tərəfindən törədilmiş qətliam, Ermənistan–Azərbaycan münaqişəsi və onun doğurduğu nəticələr, ölkəmizin sülh əldə edilməsi istiqamətində atdığı addımlar barədə geniş müzakirələr keçirilib, ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsinin bu kimi faciələrin unudulmamasında xüsusi əhəmiyyəti qeyd olunub. 
Əvvəlcə azərbaycanlı icmasının fəallarından olan Toğrul Məmmədbəyov çıxış edərək, iştirakçılar qarşısında Xocalı faciəsinin tarixi barədə geniş təqdimat edib, bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində görülən işlərdən danışıb. Xocalı faciəsinin ABŞ-da ilk olaraq Texas ştatı tərəfindən tanındığını xüsusi qeyd edən T.Məmmədbəyov bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. 
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Əsmər Yusifzadə Hyustondakı azərbaycanlı icmanın üzvlərinə belə bir gündə birlik nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib. O, Xocalıda mülki şəxslərin xüsusi amansızlıqla qətlə yetirilməsinin Ermənistanın etnik ayrı-seçkilik və nifrət üzərində qurulmuş siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Xocalı və Azərbaycanın digər işğal olunmuş ərazilərində törədilmiş cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan və onun siyasi-hərbi rəhbərliyinin əməllərinin çoxsaylı müstəqil beynəlxalq qurumlar tərəfindən tanındığını qeyd edib. Lakin bu cinayətkarların hələ də cəzalandırılmadığını, Ermənistanın öz təcavüzkar siyasətini hələ də davam etdirdiyini vurğulayıb. 
Daha sonra icmanın nümayəndəsi Riad Əfəndi tədbir iştirakçılarına “TRT World” tərəfindən lentə alınmış “Qara Bağlar: Azərbaycan və Ermənistanın müharibəsi” (“Black Orchards: Azerbaijan and Armenia’s Wars”) sənədli filmi barədə məlumat verib. Bildirib ki, müstəqil mənbələrə əsaslanan və beynəlxalq auditoriyaya hədəflənmiş filmdə münaqişənin həqiqətləri barədə izləyicilərə düzgün və həqiqəti əks etdirən məlumatlar verilir. Xocalı qətliamı barədə məlumat verən ilk jurnalistlərdən biri olan amerikalı yazıçı Tomas Qoltzun müsahibəsinin filmdə yer almasını onun əhəmiyyətini daha da artırır. 
Çıxışlardan sonra sənədli film nümayiş etdirilib. 
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.         

 

AZƏRTAC-ın Vaşinqton bürosu

29 2020 00:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə