Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib

Abşeron rayonunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib. Xırdalan Mədəniyyət Evində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər. 
İştirakçılar əvvəlcə mərkəzin foyesində mövzunu əks etdirən rəsm sərgisi ilə tanış olublar. Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən video-çarx nümayiş etdirilib.
Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacağam” kompozisiyası təqdim edilib. Səhnə əsərində Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, erməni vəhşiliyindən, dünyanın bu soyqırımına göz yummasından və sonda Xocalının azad edilməsi gününün yaxınlaşmasından bəhs olunur.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib. Faciənin dəhşətlərini gənc nəslə çatdırmaq üçün rayonun mədəniyyət müəssisələrində soyqırımının ildönümünə həsr olunmuş silsilə xatirə gecələri, foto və rəsm sərgiləri, hadisə şahidləri ilə görüşlər keçirilib.

 

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

29 2020 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə