Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə xocalılılar üçün tibbi müayinələr keçirilib

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Gəncə şəhərindəki Yeni qəsəbə – 2-də yaşayan, Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi tibbi müayinələrdən keçirilib. Tədbirə hazırlıq məqsədilə əvvəlcədən şəhər icra hakimiyyətinin və aidiyyəti tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirilib. Yerli televiziya kanalında vaxtaşırı elanlar verilib, qəsəbənin bir çox yerlərinə elanlar vurulub. 
Hazırda qəsəbədə 2200-dən çox sakin yaşayır. Onlardan 1154 nəfəri Xocalı rayonundan olanlardır. 
Gəncə Şəhər Səhiyyə İdarəsi rəisinin müavini Akif Zərbəliyev deyir ki, Yeni qəsəbədə 927 nəfər müayinə edilib və müvafiq məsləhətlər verilib. Həmçinin 5 sakinə evində konsilium edilib. Tibbi profilaktik baxış üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafiya, ultrasəslə müayinə (USM), elektrokardioqrafiya (EKQ) və laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, dermatoveneroloq və digər ixtisasdan olan həkimlər cəlb edilib. Qadınlar mama-ginekoloji baxışla təmin edilib. Əhaliyə sanitariya maarifi vasitələri də paylanılıb. Bütövlükdə, 91 şəxsə ambulator müalicə təyin edilib,17 şəxs isə stasionar tibbi xidmət üçün Gəncə şəhərinə dəvət olunub. 
Sakinlər təşkil olunan tibbi müayinələrə görə Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Müayinələr dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının nümunəsi kimi dəyərləndirilib.

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

29 2020 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə