Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda bütün sahələrdə inkişaf var

Tovuz rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini ehtiramla yad etmiş, Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş fotostendlərə baxmış, rayonun sosial-iqtisadi inkişafını əks etdirən video çarxı izləmişlər.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov hesabat məruzəsi  etmişdir. Qeyd olunmuşdur ki, 2019-cu il Tovuz rayonu üçün də uğurlu olmuşdur. Ötən il rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə  11,6 faiz artaraq 482 milyon 246 min manat təşkil etmişdir. Bunun 66 faizi istehsal, 34 faizi isə xidmət sahələrinin payına düşür. Əvvəlki illə müqayisədə sənayedə  6,7 faiz, kənd təsərrüfatında 10 faiz, tikintidə 37,6 faiz, nəqliyyatda 26,6 faiz, rabitədə 13,3 faiz, ticarətdə 2,9 faiz artım olmuşdur. 2019-cu ilin yanvar-dekabr aylarında sənaye xarakterli xidmətlərin həcmi 16 milyon 880 min manat təşkil etmiş və 2018-ci illə müqayisədə 6,7 faiz çoxalmışdır. Hesabat dövründə büdcə gəlirləri 10 milyon 338 min manat proqnoza qarşı 14 milyon 288 min manat olmuşdur.
Rayon iqtisadiyyatının 45,6 faizini təşkil edən kənd təsərrüfatı sahəsində də müsbət dinamika hiss olunur. Hesabat dövründə  rayon üzrə 220 milyon 49 min manat dəyərində 385 min 113 ton kənd təsərrüfatı məhsulları, o cümlədən, 50 min 52 ton dənli bitkilər istehsal olunmuşdur. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,3 faiz artaraq 32,4 sentner, o cümlədən, buğdanın məhsuldarlığı 33 sentner olmuşdur.
Ötən il rayonda 158 min 706 ton kartof istehsal olunmuşdur. Məhsuldarlıq 33,5 sentner artaraq 250,5 sentnerə yüksəlmişdir. Artıq kartofçuluqla məşğul olan iri fermer təsərrüfatları meydana gəlir.  “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, məhsulun saxlanılması və münasib vaxtda satılması  məqsədilə 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanmışdır. Logistik mərkəz kimi fəaliyyət göstərəcək bu obyektin tikintisi regionda kartofçuluğun inkişafına əhəmiyyətli təsir göstərəcəkdir.
Bu mövsümdə fermerlər 38,4 hektar istixanalarda 3072 ton məhsul yetişdirmişlər. Məhsul satışından 4 milyon 100 min manat gəlir əldə olunmuşdur. 
Hesabat ilində 20 hektar sahədə yeni üzüm bağları salınmış və bununla da üzümlüklərin ümumi sahəsi 745 hektara çatdırılmışdır.  Mövsüm ərzində rayonda 16 min 283 ton məhsul istehsal olunmuşdur.  Ötən illə müqayisədə məhsuldarlıq 44 sentner artaraq  245,6 sentnerə çatmışdır. 
Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi yaradılmışdır. Keçən il müəssisə ilk dəfə olaraq fermerlərdən münasib qiymətlərlə məhsul qəbul etmişdir. Burada müasir texnologiyalar əsasında  alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəklində bazarlara çıxarılması planlaşdırılır.
Ötən il 26 hektar sahədə yeni müasir meyvə bağları salınmış və rayonda bağların ümumi sahəsi 1395 hektara çatdırılmışdır. Mövsüm ərzində bağlardan əvvəlki ildəkindən 4095 ton çox olmaqla 21 min 756 ton məhsul götürülmüşdür.
Rayonda ötən il heyvandarlığın inkişafı sahəsində də müsbət nəticələr əldə edildiyi qeyd olunmuş və bildirilmişdir ki, əvvəlki illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 10,8 faiz, yumurta istehsalı 2 faiz, yun istehsalı 0,2 faiz artmışdır.  Heyvandarlıqda məhsuldarlığın artırılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
2017-ci ildə inşasına başlanmış heyvandarlıq üzrə  1500 başlıq aqroparkın tikintisi 2019-cu ildə başa çatmış və fəaliyyətə başlamışdır.
Rayonda ötən il 2981 yeni iş yeri açılmışdır ki, bundan 1390-ı daimidir. O cümlədən 557 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. 
2019-cu il ərzində rayonda müxtəlif istiqamətlərdə aparılan tikinti-quruculuq və abadlıq işləri haqqında məlumat verilmiş və qeyd olunmuşdur ki, keçən il rayonda region əhalisinə xidmət göstərəcək möhtəşəm “ASAN xidmət” Mərkəzinin tikintisi başa çatdırılmışdır. Qovlar şəhərində ölkə Prezidentinin müvafiq sərəncamları ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçası, Güvəndik və Şamlıq kəndlərində modul tipli məktəblər tikilmişdir.
Alakol kəndində 624 şagird yerlik müasir məktəb tikilib istifadəyə verilmişdir. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə 1200 şagird yerlik Bozalqanlı kənd məktəbinin yeni binasının tikintisi,  480 şagird yerlik Köhnəqala və 627 şagird yerlik Dondar Quşçu kənd məktəblərinin, həmçinin dövlət investisiya proqramı çərçivəsində 1176 şagird yerlik Aşağı Quşçu kənd tam orta məktəblərinin əsaslı təmir işləri aparılır.
Hesabat yığıncağında il ərzində RİH başçısı aparatında vətəndaş müraciətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunmuş, bu sahədə nöqsanlara yol verən təşkilatların ünvanına tənqidi qeydlər səslənmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək ölkə Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət, ölkədəki ictimai-siyasi vəziyyət, həyata keçirilən quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Hamlet Qasımov,  
“Xalq qəzeti”nin  bölgə müxbiri

29 2020 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə