Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Fevralın 28-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Geyl Mançin, Nadin Menza, beynəlxalq hüquq üzrə mütəxəssis Kirsten Leyvri, siyasi analitik Kili Bakke Qubaya səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib.
Nümayəndə heyəti Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olublar.
Qırmızı qəsəbəyə gələn qonaqlar burada “Altı günbəz” və “Giləki” sinaqoqlarına baş çəkiblər.
Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı amerikalı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.  

29 2020 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə