Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə İdlibə əlavə qüvvə yeridir

Bölgədə qarşıdurma riski və qaçqın böhranı güclənib

Bu il fevralın 27-də axşam ­saatlarında Suriya rejiminin hərbi hissələri İdlib deeskalasiya zonasında türk əsgərlərini havadan kəskin atəşə tutublar. Qəfil hücum nəticəsində 33 türk əsgəri şəhid olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyənin vitse-prezidenti Fuad Oktay türk hərbçilərinin Suriya ordusuna cavab zərbələri endirmək əzmində olduğunu bildirib. O vurğulayıb ki, Suriyada hərbi cinayətlər törədən Bəşər Əsəd faktiki terrorçu dövlətin başçısıdır və son illər ərzində törətdiyi çox sayda qanlı əməllərinə görə mütləq cavab verəcək. 
Dünən Türkiyə Silahlı Qüvvələri Kilisdən Suriyanın İdlib şəhərinə xüsusi təyinatlılar, artilleriya qoşunları, hərbi maşınlar və şəxsi heyət göndərib. Məlumata görə, hərbi karvan əvvəlcə Hataya, oradan da İdlibə gedəcək. Beləliklə, bölgədə qarşıdurma riski və qaçqın böhranı güclənib. 
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib ki, fevralın 28-də Türkiyə Ordusu Əsəd rejiminin mövqelərinə kəskin zərbələr endirib. O deyib ki, əks hücum zamanı rejimin 200-dən çox hədəfi ağır atəş altına alınıb. Nəticədə, rejimə məxsus 5 helikpoter, 23 tank, 23 top, 1 SA-17, 1 SA-22 hava müdafiə sistemi və 309 əsgəri məhv edilib. 
Dünən Brüsseldə Türkiyənin tələbi ilə NATO-nun fövqəladə toplantısı keçirilib. Bir saat 10 dəqiqə davam edən tədbirdə çıxış edən NATO-nun Baş katibi Jens Stoltenberq Türkiyəyə dəstək verəcəklərini açıqlayıb: “Müttəfiqlər Türkiyənin dünən gecə İdlibdə hücuma məruz qalması və itkilər verməsindən narahatdır. Biz bu hücumu kəskin qınayırıq. NATO Türkiyənin yanındadır, Türkiyə bizim çox qiymətli müttəfiqimizdir”.
 Bu arada BMT-nin Baş katibi İdlibdə zorakılığın artması ilə əlaqədar “ciddi narahatlıq” keçirdiyini bildirib və tərəfləri atəşkəsə çağırıb. ABŞ Dövlət Departamentinin rəsmisi isə qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti NATO üzrə mütəfiqi olan Türkiyənin tərəfindədir. 
Dünən Türkiyə və Rusiya prezidentləri R.T.Ərdoğan ilə V.Putin arasında telefon danışığı olub. Dövlət başçıları Suriyanın İdlib bölgəsindəki böhran vəziyyətinin həlli yollarını müzakirə ediblər. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

 

29 2020 00:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə