Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş epidemioloq: hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb

Azərbaycanda epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Yalan informasiyalarla əhali arasında əsasız hay-küy yaratmağın düzgün olmadığını vurğulayıb. İ.Ağayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu haqda dərhal ictimaiyyətə məlumat veriləcək: “Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik”.

Sosial şəbəkələrdə koronovirusdan qorunmaq üçün müxtəlif məsləhətlər verilir, o cümlədən buruna perekis tökmək üsulu göstərilir. Buna münasibət bildirən professor İbadulla Ağayev deyib ki, həmin üsuldan özbaşına istifadə etmək məsləhət deyil: “Bundan əvvəl həkimlə məsləhətləşmək lazımdır, çünki perekis qıcıqlanma yarada bilən bir məhluldur. Gün ərzində əlləri və üzü sabunla yumaq daha səmərəli üsuldur. Sabun məhlulu ilə burun dəliklərini yumaq, alternativ variant kimi qorunmaq üçün “Oksalin” məlhəmini də burun dəliklərinə sürtmək olar.

Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır, çünki xəstələnməyən insanın maska taxması məntiqli deyil: “Əgər bu virus ölkədə varsa, maska taxılsa da başqasına keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar”.

Baş epidemioloq hazırda bütün xəstəxanaların gücləndirilmiş rejimdə işlədiyini bildirib və əlavə edib ki, özündə narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir.

Qeyd edək ki, koronavirusla əlaqədar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.

 

28 2020 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə